Qazaxda xüsusi karantin rejimini pozan kafe sahibi cəzalandırıldı
Ölkə ərazisində xüsusi karantin rejimi qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun tədbirlər davam etdirilir.
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da xüsusi karantin rejimi qaydalarını pozan vətəndaşlar haqqında ciddi tədbirlər görülür. Xüsusilə də kafe və restoranlarda vətəndaşların kütləvi şəkildə toplaşaraq gizlin şəkildə toy, nişan, ad günü mərasimləri keçirmələrinin, həmçinin yas mərasimlərinin təşkil olunmasının qarşısının alınması istiqamətində təxirəsalınmaz işlər həyata keçirilir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun, Rayon Prokuroru Rauf Gözəlovun, Rayon Polis Şöbəsinin rəisi Ədalət Əliyevin iştirakı ilə rayonda fəaliyyət göstərən kafe və restoranlarda karantin rejiminin tələblərinə hansı səviyyədə əməl edilməsi ilə əlaqədar növbəti reyd keçirilib.
Qazax şəhəri, Əliağa Şıxlinski küçəsində fəaliyyət göstərən Novruzov Tahir Qəni oğluna məxsus "Sərin göl” adlı kafeyə baxış keçirilən zaman nişan mərasiminin keçirildiyi aşkar olunub. 50 nəfərin iştirak etdiyi mərasimdə karantin rejimi qaydalarına əməl etmədiklərinə görə 16 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən cərimə tətbiq olunub. Kafe sahibi isə xüsusi karantin rejimi qaydalarını kobud şəkildə pozduğuna görə Məhkəmə qarşısına çıxarılmış, digər şəxslərə isə xəbərdarlıq edilib.