Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda koronavirusa qarşı mübarizədə təbliğat işləri daha da gücləndirilib

03 iyul 2020 | 16:00

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq olunmuş xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün zəruri tədbirlər görülür. Ölkə daxilində koronavirusa yoluxma hallarının minimuma endirilməsi istiqamətində həyata keçirilən işlərdən biri də əhali arasında aparılan maarifləndirmə tədbirləridir.
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da bu sahəyə xüsusi önəm verilir. Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı maarifləndirmə və təbliğat işləri mütəmadi olaraq davam etdirilir.
Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhər və kəndlər üzrə hər biri 5 nəfərdən ibarət olmaqla yaradılmış 30 mobil qrup tərəfindən yaşayış məntəqələrində əhali arasında profilaktik-maarifləndirici söhbətlər aparılır, onlara yazılı təbliğat materialları və maskalar təqdim edilir. Sakinlərlə maarifləndirici söhbətlər zamanı dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək olmaq, ictimai nəzarəti gücləndirmək, toplu halında yığışmamaq, qoruyucu maskalardan, dezinfeksiyaedici məhlullardan istifadə etmək, şəxsi gigiyena qaydalarına ciddi şəkildə riayət etmək, məsafəni saxlamaq, özlərində virusun simptomlarını hiss edən zaman dərhal təcili tibbi yardıma müraciət etmək tövsiyə olunur.
Daxilində bir nəfər DİN əməkdaşı olmaqla, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının, inzibati ərazi nümayəndəliklərinin, bələdiyyələrin və digər qurumların nümayəndələrindən ibarət yaradılmış mobil qrupun üzvləri rayon ərazisində xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə ciddi nəzarət edir, habelə fərdi izahetmə-xəbərdarlıq işi aparırlar.
Bu gün mobil qrup üzvləri koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə “Dövlətə dəstək olaq”, “Qaydalara riayət edərək insanların sağlamlığını qoruyaq” şüarı altında əhali arasında növbəti maarifləndirici tədbir həyata keçiriblər. Əhalinin sıx toplaşdığı parklarda, avtovağzalda və digər yerlərdə vətəndaşlarla, əsasən yaşlı sakinlərlə görüşərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına əməl edərək 5 nəfərdən artıq qruplarda cəmləşməmələrini, ara məsafəsinin gözlənilməsini, ən əsası da tibbi maskadan istifadə etmələrini bildiriblər.
“Qazax Avtovağzal” ASC-nin qarşısında, mərkəzi bazarda və ətraf ərazilərdə, “Fəxri Qazaxlılar”, “Dədə Qorqud”, Səməd Vurğun parklarında, Səməd Vurğun bağında, “Əsədoğlu” marketin qarşısında, eləcə də əhalinin kütləvilik təşkil etdiyi qapalı və açıq ərazilərdə aparılan maarifləndirmə və təbliğat zamanı əhalinin bir qisminin hələ də karantin rejiminin tələblərinə ciddi yanaşmamasını müşahidə edən mobil qrup üzvləri bir daha vətəndaşlara son dərəcə diqqətli olmalarını söyləyiblər. Məsuliyyətli davranmaları, xüsusi zərurət olmadan digər şəxslərlə təmasda olmamaları və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq hər cür ehtiyat tədbiri görməklə bu qaydalara riayət etmələrini xahiş ediblər.
Maarifləndirmə zamanı qrup üzvləri vətəndaşlara istər ictimai nəqliyyatda, istərsə də qapalı məkanlarda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən, pozuntu hallarına yol vermiş şəxslər barədə qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görüləcəyini bildiriblər. Vətəndaşlara tibbi maska paylayan qrup üzvləri ondan istifadənin hər birimiz, xüsusən də doğmalarımızın, yaxınlarımızın, cəmiyyətimizin hər bir fərdinin sağlamlığı üçün vacib olduğunu bir daha diqqətə çatdırıblar.

"Qazax Avtovağzal”ın qarşısı

"Əsədoğlu" marketin qarşısı

Mərkəzi bazar və ətrafı

Keçidlər