Qazaxda "Milli Teatr Günü"nə həsr edilmiş tamaşa göstərildi
Azərbaycan Respublikası Prezidentinin 01 mart 2013-cü il tarixli, 2755 nömrəli Sərəncamına uyğun olaraq hər il respublikamızda 10 mart Milli Teatr Günü kimi qeyd olunur.
Bu il 143 yaşı tamam olan peşəkar Azərbaycan Teatrının tarixində Qazax Dövlət Dram Teatrının da özünə məxsus yeri var. İlk dəfə 1938-ci ildə kolxoz-sovxoz teatrı kimi yaradılan bu sənəd ocağı əvvəllər mövsümi, bir neçə ildən sonra isə daimi fəaliyyət göstərməyə başlayır. 1939-cu ildə teatr artıq Dövlət statusu alır və ona xalq şairi Səməd Vurğunun adı verilir.
Teatr ötən illər ərzində Respublikada keçirilən bir çox festivalların iştirakçısı olmuşdur. Qazax teatrı öz yaradıcılıq ənənələrinə sadiq qalaraq, klassik azərbaycan, dünya və rus dramaturgiyasına müraciət etmiş və maraqlı tamaşalar hazırlamışdır. Müasir həyatımız da teatr səhnəsində tez-tez öz əksini tapır. Teatr hazırda 78-ci mövsümünü yaşayır, teatrda indiyədək 80-dən çox əsərlər tamaşaya hazırlanmışdır.
"Mili Teatr Günü" ilə bağlı Qazax Dövlət Dram Teatrı 10 mart 2016-cı il tarixdə Qazax Rayon Mədəniyyət Mərkəzində Azərbaycanın xalq yazıçısı, əməkdar incəsənət xadimi Elçin Əfəndiyevin "Cəhənnəm sakinləri” pyesinin motivləri əsasında hazırlanmış tamaşa göstərilmişdir. Tamaşanı izləyənlər arasında rayonun teatr ictimaiyyəti ilə yanaşı, Rayon İcra Hakimiyyətinin başçısı cənab Ayaz Əsgərov, RİHB-nın məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, gənclər, ictimaiyyət və KİV nümayəndələri iştirak etmişlər.
Tamaşa tariximizə qanlı hərflərlə yazılmış dəhşətli və qorxulu repressiya dövrünün acı həqiqətlərindən bəhs edir. Yaradıcı kollektiv dövrün mürəkkəbliklərinə baxmayaraq, isti və normal münasibətlərini qoruyub saxlayan azərbaycanlı ziyalı ailəsində ərlə-arvadın təzadlı tale yoluna güzgü tutaraq, tamaşaçıları xeyirxahlığa, yaxşılığa, mərhəmətli olmağa səsləyir. Səhnə əsərində cərəyan edən dramatik hadisələr, eləcə də birmənalı yozula bilinməyəcək obrazlar real və irreal dünya arasında körpü yaradır.
Rejissor konkret olaraq, 1937-ci ili, Stalin dövrünün hadisələrini deyil, ümumilikdə insan taleyini, dəhşətli mənəvi ortamda qəhrəmanların yaşadıqları hissləri, insanın qorxularını yozumunun mərkəzinə qoyub.
Əsər geniş tamaşaçı auditoryası tərəfindən alqışlarla qarşılanmış və hər kəsin rəğbətini qazanmışdır.