Qazax rayonunda Novruzun gəlişi ilə əlaqədar el şənliyi keçirilmişdir
Xalqımızın ən qədim və əziz bayramı Novruz yurdumuza qədəm qoyur. Novruz xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Xalqımızın yüksək zövqü və bədii təfəkkürü bu xalq bayramının el şənliklərində və rəngarəng əyləncələrində özünü aşkarlayır, onun mənəvi dünyasının təzahürünə, aynasına çevrilir. Azərbaycan xalqının mənəvi dünyasını, milli düşüncə tərzini, məfkurəsini, qədim mifik görüşlərini, folklorunu, milli varlığını Novruz qədər bütün zənginliyi ilə özündə ifadə edən ikinci bir bayram təsəvvür etmək çətindir.
Novruz bütün türk dünyasına xas olsa da, Azərbaycanda daha möhtəşəm qeyd edilir. Novruz bayramının təşəkkül tapmasında, inkişaf etməsində xalqımızın mühüm töhfəsi, payı vardır. Sovet hakimiyyəti illərində Novruz bayramının keçirilməsinə sərt qadağalar qoyulsa da, xalqımız bu əziz bayramı həmişə qeyd etməyə can atmışdır. Azərbaycana rəhbərliyinin birinci dövründə ulu öndər Heydər Əliyev sovet hakimiyyətinin qadağalarına baxmayaraq, milli ruhun yüksəlişinə təkan verən amillərə xüsusi hörmətlə yanaşmışdır.
Təbiət bayramı - Novruzun ölkəmizdə dövlət səviyyəsində qeyd edilməsi həm də ulu əcdadlarımızın xatirəsinə dərin ehtiramın əlamətidir. Bu, keçmişimizi bu günümüzlə bağlamaq, onu qoruyaraq gələcəyə aparmaq deməkdir.Novruzu milli mənəvi dəyərlərimizin təcəssümü adlandıran Prezident İlham Əliyevin hər il bayram şənliklərinə qatılması, əhali ilə bayramlaşması, Bakının qədim meydanındakı tonqalı alovlandırması bayram ovqatını daha da artırmaqla yanaşı, xalqla iqtidar arasında sıx vəhdəti sübut edir.
Əcdadlarımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən Novruz bayramı münasibətilə 2016-cı il martın 17-də Qazax rayonunda ümumrayon şənliyi keçirilmişdir. Bayram münasibətilə Rayon Mədəniyyət Mərkəzinin qarşısındakı meydan və ətrafdakı parklar bayramsayağı, Novruz atributları ilə bəzədilmiş, səmənilər, xonçalar düzülmüş, Novruzun rəmzi olan böyük tonqal çatılmışdır. Xalqımızın ən sevimli bayramlarından olan Novruzun gəlişi rayon sakinlərində xoş əhval-ruhiyyə yaratmışdır.
Bayram şənliyi “Fəxri Qazaxlılar parkı”nda, M.P.Vaqif və M.V.Vidadinin qoşa heykəlinin qarşısında başlamışdır. Əvvəlcə, rayon rəhbərliyi bayram ovqatlı sərgilərə, bayramsayağı bəzənmiş pəhləvanların, idmançıların və uşaqların maraqlı çıxışlarına, əl işlərindən ibarət nümunələrə, qədim məişət əşyalarına tamaşa etdilər, adət-ənənələrimizə uyğun bəzədilmiş bayram süfrələri ilə tanış oldular, ulu babalarımızdan bugünkü nəslə yadigar qalan qədim el sənətlərinin, kirkirə çəkmək, cəhrə əyirmək, daraq, nehrə çalxalamaq, yun daramaq, corab toxumaq, qurud hazırlamaq, ərişdə kəsmək, sacda yuxa, fəsəli, qatlama, kəta bişirmək kimi Novruz adətlərinin nümayişinə baxdılar, milli mətbəximizin təamlarını daddılar.
Rayon rəhbərliyi Mədəniyyət Mərkəzinin qarşısındakı meydana gəldilər. Milli geyimli uşaqlar meydanda rəqs edirdilər. İncəsənət ustalarının, aşıqların baharı, Azərbaycanı tərənnüm edən mahnıları ətrafa yayılır, bayram şənliyinin iştirakçılarında xoş ovqat doğururdu. İzdihamlı meydanda Rayon İcra Hakimiyyətinin başçısı cənab Ayaz Əsgərov Novruzun rəmzi olan tonqalı alovlandırdı.
Sonra Rayon İcra Hakimiyyətinin başçısı cənab Ayaz Əsgərov geniş çıxış edərək Azərbaycan xalqının min illər boyu qəlbində yaşadığı ən əziz gün - Novruz bayramı münasibətilə xalqımızı təbrik etdi, hər bir ailəyə sevinc, firavan günlər, əmin-amanlıq, Bahar bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzuladı.
Çıxışı dərc edirik:
Əziz qazaxlılar,
Sizi və Sizin simanızda bütün Azərbaycan xalqını əziz bayramımız Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə, hər bir ailəyə xoşbəxtlik və səadət dolu günlər arzulayıram.
Hörmətli toplantı iştirakçıları müstəqillik əldə olunduğu qısa zaman kəsiyində Azərbaycan Respublikası çox böyük inkişaf yolu keçmişdir. Daxili və xarici siyasət sahəsindəki uğurları, dünyaya inteqrasiyası, formalaşmış hərbi potensialı, güclü iqtisadiyatı ona beynəlxalq arenada böyük nüfuz qazandırmışdır.
Ulu Öndər Heydər Əliyev siyasi kursunu ləyaqətlə və yaradıcılıqla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında Azərbaycan dinamik inkişaf edir, gündən günə müasirləşir, gözəlləşir.
Regionların sosial-iqtisadi inkişafına dair qəbul olunmuş Dövlət Proqramlarının uğurlu icrası nəticəsidir ki, respublikanın bütün regionlarının tarazlı şəkildə inkişafı tənzimlənir.
Ötən dövr ərzində rayonumuzda da əsaslı işlər görülmüş şəhər və kəndlərimizin siması hər kəsin gözü qarçısında köklü surətdə dəyişmişdir.
Ən ucqar kəndlərimizə yollar çəkilmiş əhalinin ehtiyaclarını ödəmək məqsədilə körpülər tikilmiş əhalinin elektrik enerjisi və təbii qaza olan təlabatının ödənilməsi kimi sosial məsələlər öz həllini tapmışdır.
Rayonda inşa edilmiş Heydər Əliyev Mərkəzi, Müalicə Diaqnostika Mərkəzi, Olimpia idman kompleksi, Gənclər Mərkəzi, Şahmat mərkəzi, Ədəbiyyat muzeyi kimi möhtəşəm sosial obyektlərin tikilib istifadəyə verilməsi, parkların tikintisi və yenidən qurulması, uşaq əyləcə mərkəzinin istifadəyə verilməsi rayonumuzun görkəmini əsaslı surətdə gözəlləşdirməklə yanaşı əhalinin asudə vaxtının normal keçirilməsinə xidmət edir.
Yeniləşən Azərbaycana yeni məktəb layihəsi çərçivəsində rayonumuzun umumtəhsil məktəblərinin siması köklü surətdə dəyişmişdir.
Bütün bunlarala yanaşı respublikamız müsəqillik əldə etdikdən sonra xalqımızın mənəvi təlabatının ödənilməsi , milli-mənəvi dəyərlərin qorunub saxlanması istiqamətində də daim məqsədyönlü iş aparılmışdır.
Müstəqil Azərbaycanın qurucusu və memarı olan Ulu Öndər ikinci dəfə respublikaya siyasi hakimiyyətə gəldiyi vaxtdan bütün sahələrdə olduğu kimi milli-mənəvi dəyərlərin, adət və ənənələrin qorunması, inkişaf etdirilməsi, tarixi köklərinin araşdırılması sahəsində məqsədyönlü işlərin aparılmasına xüsusi diqqətlə yanaşılmışdır. Bu baxımdan xalqımızın uzun bir tarixdə yaşatdığı Novruz bayramının xüsusi yeri olduğu qeyd edilmişdir.
Milli-mənəvi dəyərlərimizin qorunmasında və inkişaf etdirilməsində böyük və əvəzsiz xidmətləri olan Ümummilli Liderimiz Heydər Əliyev çıxışlarının birində Novruzun yaranma tarixinə toxunaraq demişdir :”Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır”.
Novruz bayramı xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir.
70 il totalitar rejimin qaydalarına tabe olan Azərbaycan xalqı milli-mənəvi dəyərlərinə çox güclü bağlılığını ifadə edərək Novruz bayramının, Novruz çərşəmbələrinin yaşaması üçün fədakarlıq göstərmişdir.
Novruz bayramı xalqımız tərəfindən qədim zamanlardan həmişə barışıq, dostluq, səmimiyyət, təmizlik və yeniləşmə əhval-ruhiyyəsi yaradan Bahar bayramı kimi qeyd olunmuşdur. Novruz təbiətin oyanışı ilə ürəklərdə saf niyyətlərin, xoş arzuların yarandığı bir bayram, insanla təbiətin bütövləşməsinin, harmoniyasının təcəssümü hesab olunur. Novruz bayramı barədə ilk yazılı məlumat eramızdan əvvəl 505-ci ildən məlumdur. Atəşpərəstlik dini təliminin və “Avesta”nın yaradıcısı Zərdüştün qeyd etdiyi yeddi bayramın ən əzizi “Novruz” bayramıdır. Şərq alimləri Novruzu gerçək təbiət hadisəsi kimi qəbul etdiklərindən bizim eradan əvvəl 487-ci ildə təqvim tərtib edərkən yeni il məhz həmin andan başlamışdır. Elə o vaxtdan da Novruzu qışın bitməsi, baharın gəlməsi ilə bağlayır, həmin günü bayram edirlər.
Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı, xoşməramlı səfir Mehriban Əliyevanın təşəbbüsü ilə 2009-cu ilin sentyabrında Novruz bayramı YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. BMT-nin Baş Məclisi isə martın 21-ni “Beynəlxalq Novruz Günü” elan etmişdir.
Bolluğun, bərəkətin və xeyrxahlığın təcəssümü olan Novruz bayramı artıq altıncı ildir ki, YUNESKO tərəfindən beynəlxalq səviyyədə qeyd edilir.
Artıq hər yeni Novruz bayramı dövlətimizin başçısı İlham Əliyev cənablarının böyük səyləri nəticəsində ölkəmizin uğurlu inkişafının göstəricisinə çevrilir, Qarabağda qələbəmizə inam və əzmimizi artırır. Əminik ki, çox tezliklə biz Novruzu doğma Qarabağda-Xankəndində, Şuşada, Laçında, Kəlbəcərdə, Əskiparada, Bağanıs Ayrımda, Barxudarlıda Qızıl Hacılıda qarşılayacağıq.
Hörmətli qazaxlılar, əziz qonaqlar,
Bu əziz bayram günündə bütün Qazax sakinləri adından dövlətimizin başçısı İlham Əliyev cənablarını Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, dövlətçiliyimizin möhkəmləndirilməsi və ərazi bütövlüyümüzün bərpası uğrunda gərgin və şərəfli işində daha böyük uğurlar və qələbələr arzulayıram. Qoy bu bahar torpaqlarımıza sülh və əmin-amanlıq, süfrələrimizə bol ruzi və bərəkət gətirsin.
Novruz bayramınız mübarək olsun !
Bayram şənliyində Kosa və Keçəlin zarafatları, Bahar qızın söylədikləri şeir, məzəli əhvalatlar, Novruzla bağlı adətlər, “Vurğun” ınstrumental ansamblının üzvlərinin ifasında oxunan rəngarəng mahnılar və müxtəlif rəqslər rayon əhalisinin və tamaşaçıların sevincinə səbəb olmuş, onların bayram əhval-ruhiyyəsini daha da artırmışdır.
Rayon kəndlərinin bayram şənliklərində iştirakı və çıxışları tədbirə xoş ovqat və yeni rəng qatmış, şənlik incəsənət ustalarının, el sənətkarlarının ifasında rəngarəng konsert proqramı ilə günün sonunadək davam etmişdir.
Novruz bayramı ilə əlaqədar rayonda yaşayan imtiyazlı və aztəminatlı ailələrə, həmçinin hərbi hissələrin əsgərlərinə Novruz sovqatları verilmişdir.