Qazaxda pandemiyaya qarşı mübarizədə maarifləndirmə tədbirləri davam etdirilir
Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə kompleks şəkildə həyata keçirilən tədbirlər Qazaxda da uğurla davam etdirilir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhər və kəndlər üzrə hər biri 5 nəfərdən ibarət 30 mobil qrup da yaradılıb. Daxilində bir nəfər DİN əməkdaşı olmaqla, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının, inzibati ərazi nümayəndəliklərinin, bələdiyyələrin və digər qurumların nümayəndələrindən ibarət yaradılmış mobil qrupun üzvləri rayon ərazisində xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə ciddi nəzarət edir. Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı maarifləndirmə və təbliğat işləri, habelə fərdi izahetmə-xəbərdarlıq işi aparırlar.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Rayon Prokuroru Rauf Gözəlov və Rayon Polis Şöbəsinin rəisi Ədalət Əliyevlə birlikdə şəhərdə müxtəlif ünvanlarda olaraq vətəndaşlar arasında növbəti maarifləndirmə işi aparıblar.
"Qazax Avtovağzal” ASC-nin qarşısında, vağzal ərazisində fəaliyyət göstərən mağazalarda, “Brend Shop” geyim mağazasında, “Məhəllə” çörək sexində və Qazax Tarix Diyarşünaslıq Muzeyində aparılan maarifləndirmə tədbirində vətəndaşlarla COVID-19 pandemiyasından qorunmaq vasitələri barədə maarifləndirici söhbət edilib. Həmçinin şəxsi mühafizə vasitələrindən və tibbi maskadan istifadənin, sosial məsafənin gözlənilməsinin, gigiyenik qaydalara riayət olunmasının zəruri olduğu, karantin rejimini pozanlar barədə ciddi cəza tədbirləri görüləcəyi bildirilib.
Ölkə başçısının rəhbərliyi altında bu günə kimi pandemiya ilə mübarizədə görülən bütün işlərin kökündə vətəndaşların sağlamlığının qorunmasının dayandığı bir daha vurğulanıb. Dövlətin və onun rəhbərinin COVID-19-la mübarizədə gördüyü işlərə hər bir vətəndaşın dəstək olması qeyd olunub. Kimliyindən, vəzifəsindən asılı olmadan hər bir vətəndaşın bu məsələdə məsuliyyətli olması, əsl birlik, həmrəylik nümayiş etdirməsi söylənilib. Dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək olmaq üçün də ilk növbədə hər bir vətəndaşın üzərinə düşən işin öhdəsindən layiqincə gəlməsi, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq olunmuş xüsusi karantin rejiminin tələblərinə hər kəsin əməl etməli olduğu qeyd olunub.
"Brend Shop” geyim mağazası
"Qazax Avtovağzal” ASC-nin qarşısı və vağzal ərazisində fəaliyyət göstərən mağazalar
"Məhəllə” çörək sexi
Qazax Tarix Diyarşünaslıq Muzeyi