İcra başçısı mobil qrupların fəaliyyəti ilə yerində tanış olub
Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində həyata keçirilən tədbirlər Qazaxda da uğurla davam etdirilir. Bu məqsədlə Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhər və kəndlər üzrə yaradılmış hər biri 5 nəfərdən ibarət olan 30 mobil qrup da fəaliyyət göstərir. Daxilində bir nəfər DİN əməkdaşı olmaqla, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının, inzibati ərazi nümayəndəliklərinin, bələdiyyələrin və digər qurumların nümayəndələrindən ibarət yaradılmış mobil qrupun üzvləri rayon ərazisində xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsini ciddi nəzarətdə saxlayır. Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı maarifləndirmə və təbliğat işləri, habelə fərdi izahetmə-xəbərdarlıq işi aparırlar.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Rayon Prokuroru Rauf Gözəlov, Rayon Polis Şöbəsinin rəisi Ədalət Əliyev və Rayon Polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi Vüqar Məmmədovla birlikdə rayon ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət məqsədilə yaradılmış mobil qrupların fəaliyyəti ilə yerində tanış olub.
"Qazax Avtovağzal” ASC-nin qarşısında maarifləndirmə işi aparan mobil qrup üzvləri vətəndaşlarla COVID-19 pandemiyasından qorunmaq vasitələri barədə maarifləndirici söhbət etdiklərini bildiriblər. Həmçinin vətəndaşlara şəxsi mühafizə vasitələrindən və tibbi maskadan istifadənin, sosial məsafənin gözlənilməsinin, gigiyenik qaydalara riayət olunmasının zəruriliyi, karantin rejimini pozanlar barədə ciddi cəza tədbirləri görüləcəyi barədə məlumatlar verdiklərini qeyd ediblər.
İcra başçısı mobil qrupların daha çevik, operativ işləməsini tövsiyə edərək adamlarla aparılan izahat-təbliğat, maarifləndirmə söhbətlərində tutarlı faktlardan və rəqəmlərdən istifadə etmələrini, dövlətimizin, şəxsən cənab Prezident İlham Əliyevin bu sahədə gördüyü qabaqlayıcı tədbirlər haqqında əhaliyə geniş məlumat vermələrini bildirib. Aidiyyəti üzrə bəzi tapşırıq və tövsiyələrini verib.