Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev: “Xocalı soyqırımını törədən faşistlər demokrat ola bilməzlər”

09 iyul 2020 | 16:00

İyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak ediblər.
Tibb ocağında yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibə verib.
Ölkə başçısı müsahibəsində qeyd edib ki, “COVID-19-un artmasını nəzərə alaraq dövlət lazımi tədbirlərə davam edir. 800 çarpayılıq xəstəxana istifadəyə verildi. Bir ay-ay yarım ərzində 1300 çarpayılıq yeni modul tipli xəstəxana istifadəyə veriləcək”. Ölkə başçısının da dəfələrlə söylədiyi kimi, dövlət tərəfindən görülən bütün işlərin kökündə vətəndaşların sağlamlığı dayanır.
Ölkə rəhbəri vurğulayıb ki, “Modul tipli beş xəstəxana (Bakı-2, Sumqayıt-1, Gəncə-1, Abşeron-1) artıq fəaliyyətdədir. Daha beş modul tipli xəstəxana inşa olunacaq. Yəni, biz koronovirusla bağlı ən pessimist ssenariyə belə hazır olmalıyıq”.
Ölkə başçısının da söylədiyi kimi hazırda ölkənin 45 xəstəxanasında koronovirus xəstələri müalicə alırlar ki, bu xəstəxanaların 36-sı cənab Prezident İlham Əliyevin Sərəncamı ilə son dövrlərdə tikilib. Martın 3-də dövlət başçısının iştirakı ilə istifadəyə verilən 145 çarpayılıq Qazax Rayon Mərkəzi Xəstəxanası da bu gün koronavirus infeksiyasına yoluxmuş xəstələrin müalicəsi üçün xüsusi karantin xəstəxanası kimi fəaliyyət göstərir.
Dövlət başçısı müsahibəsində istər dünyada, istərsə də ölkəmizdə koronavirus pandemiyasının son vəziyyətindən də danışıb. Qeyd edib ki, “Xəstəliyə yoluxmanın tempi yüksəkdir, amma vəziyyət nəzarət altındadır. Əhalisinin sayı Azərbaycan ilə müqayisə olunacaq, səhiyyə sistemləri nümunəvi hesab olunan bir sıra qabaqcıl ölkələrdə yoluxanların sayı 60-70 min, ölənlərin sayı isə on minlərlə ölçülür. Bu o deməkdir ki, heç bir ölkə koronavirusa yoluxmaqdan sığortalanmış deyil”.
Prezident İlham Əliyev bildirib ki, “Pandemiya dövründə xüsusi qaydalara riayət olunmalıdır. Hüquq-mühafizə orqanları qaydalara əməl olunmasına ciddi nəzarət edirlər. Vətəndaşlarımız nizam-intizama ciddi riayət etsələr, pandemiyanı nəzarətdə saxlamağa və ona qalib gəlməyə müvəffəq olacağıq”.
Prezident İlham Əliyevin tapşırığına əsasən, Baş Nazir Əli Əsədovun sədrliyi ilə iyulun 1-də Nazirlər Kabineti yanında Operativ Qərargahın sərtləşdirilmiş karantin rejimi tətbiq edilməyən bölgələrdəki vəziyyətlə bağlı geniş tərkibli videomüşavirəsində verilən tapşırıqlar da məhz bu məqsədə xidmət edir. Bu gün respublikamızın bütün bölgələrində verilən tapşırıqların icrasından irəli gələn vəzifələr ciddi şəkildə yerinə yetirilir. Koronavirus infeksiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması üçün Qazax rayonunda ciddi nəzarət tədbirləri həyata keçirilir. Bu məqsədlə Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhər və kəndlər üzrə yaradılmış hər biri 5 nəfərdən ibarət olan 30 mobil qrup da fəaliyyət göstərir. Daxilində bir nəfər DİN əməkdaşı olmaqla, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının, inzibati ərazi nümayəndəliklərinin, bələdiyyələrin və digər qurumların nümayəndələrindən ibarət yaradılmış mobil qrup üzvləri rayon ərazisində fəaliyyət göstərən ticarət, ictimai iaşə və digər obyektlərdə, eləcə də əhalinin kütləvilik təşkil etdiyi ərazilərdə mütəmadi olaraq maarifləndirmə işi aparırlar. Rayonda toy, nişan, ad günü, eləcə də yas mərasimlərinin təşkil olunmasına da ciddi nəzarət edilir. Xüsusi karantin rejimi qaydalarını pozaraq bu cür mərasimlər təşkil edən şəxslər barəsində də ciddi tədbirlər görülür.
Ölkə başçısı vurğulayıb ki, “ÜST ilə əməkdaşlıq davam edir, ÜST direktoru Azərbaycan tərəfindən təşkil olunmuş Zirvə görüşündə iştirak edib. Əməkdaşlığımız, məsləhətləşmələrimiz bundan sonra da davam edəcək”.
Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi təşəbbüsü ilə 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun COVID-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə Görüşünün təşkil edilməsi, həmin tədbirdə Qoşulmama Hərəkatına üzv dövlətlərlə yanaşı, BMT-nin Baş Katibi, BMT Baş Assambleyasının Prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələrinin də iştirak etməsi ölkəmiz üçün böyük əhəmiyyət daşıdı. Xüsusilə də tədbirdə Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etməsi və həmin təklifin 130 dövlət tərəfindən dəstəklənməsi ölkəmiz adına atılan uğurlu addımlardan biri oldu.
Dövlət başçısı ölkədəki iqtisadi vəziyyətdən də söz açıb. Bildirib ki, “İqtisadiyyatımız ciddi əsaslar üzərində qurulub, pandemiya dövrünün çətinliklərinə baxmayaraq Azərbaycan iqtisadiyyatı 5 ayın yekunlarına görə cəmi 1,7 faiz tənəzzülə uğradı. Amma buna baxmayaraq, heç bir sosial layihə təxirə salınmadı, ixtisar edilmədi. Əksinə, bu il büdcə xətti ilə reallaşan sosial layihələr keçən ilə nisbətdə daha təsirlidir. Bu dövrdə ön planda olanı insanların sağlamlığıdır və insanlarımızın sağlamlığı ilə müqayisədə iqtisadiyyat ikinci plandadır. Bu il məcburi köçkünlər üçün rekord sayda bina tikiləcək və 7 mindən çox köçkün ailəsi yeni mənzillə təmin olunacaq. Şəhid ailələri üçün 1500 mənzil istifadəyə veriləcək. Qüsursuz xidmət edən zabitlərə 400 mənzilin verilməsi nəzərdə tutulur. 85 min ailə, yəni, 300 mindən çox insan ünvanlı sosial yardım alacaq. Neftin qiyməti hətta 14 dollar da olsa, biz ayaqda duracağıq. Çünki biz son illər ərzində o qədər böyük iqtisadi-maliyyə potensialı yaratmışıq ki, istənilən böhranla bacara biləcəyik. Bu günə qədər 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərmişik. Biz bu haqda heç məlumat da vermirdik. Çünki biz bunu piar üçün yox, sadəcə olaraq, ölkələrə həmrəylik borcu kimi edirdik. Bizim fəlsəfəmiz belədir. Mən əminəm ki, əgər kimsə yardım üçün müraciət edirsə, imkan daxilində o xahişlər təmin olunmalıdır. Çünki biz ancaq əməkdaşlıq, xeyirxahlıq, yardım və dəstək hesabına daha çox dost qazana bilərik”.
Ölkə başçısı BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü dəstəkləyən dövlətlərdən və qarşı çıxan Ermənistanın mövqeyindən də danışıb. Qeyd edib ki, “BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün əleyhinə səs verən yeganə ölkə Ermənistan idi. Dünya ictimaiyyəti bir daha Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə öz diqqətini artıracaq deyə Ermənistan etiraz etdi və yenidən təcrid edilmiş vəziyyətdə qaldı. Dağlıq Qarabağ münaqişəsində mövqeyimizdə hər hansı bir dəyişiklik yoxdur, ola da bilməz. Çünki bizim mövqeyimiz haqq-ədalət mövqeyidir. Bizim mövqeyimiz tarixi ədalətə, beynəlxalq hüquqa əsaslanır.  Ermənistan BMT-dən üstün deyil. Dövlətlərin özünümüdafiə hüququ var. Ermənistan işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparır. Şəhərlərimizin tarixi adlarını dəyişdirir, işğal edilmiş torpaqlarda kilsələr tikir. Yəni, sabah deyəcək ki, bu, erməni torpağıdır. Ermənistanın daxilində demokratiyanın, insan haqlarının pozulması halları geniş vüsət alır. Avropa təşkilatları isə bütün bunlara göz yumur. Bunun əsas səbəbi erməni lobbisi və onun maliyyə vəsaitidir. Erməni lobbisi Ermənistanı bütün təşkilatlarda müdafiə edir. Ermənistan hələ müstəqil ölkə kimi formalaşandan dərhal sonra öz əsl xislətini göstərdi. Xocalı soyqırımını törədən faşistlər demokrat ola bilməzlər. Başqasının torpağına göz dikən, bir milyon insanı evsiz-eşiksiz qoyan ölkə demokrat ola bilməz. Onlar bir milyon Azərbaycan vətəndaşının və Ermənistanda yaşayan azərbaycanlıların elementar insan haqlarını pozublar. Azərbaycanın məqsədyönlü fəaliyyəti ona gətirib çıxarıb ki, Ermənistanın üzərində mövcud olan çətir artıq deşilib. Biz onların əsl mahiyyətini üzə çıxarırıq, onların faşist mahiyyətini ifşa edirik. Faşist Njdeyə abidə ucaldan və bu abidəni müdafiə edən faşistdir. İndiki Ermənistan rəhbərliyi əvvəlki hakimiyyətin bütün çirkin əməllərini üzə çıxarır, Ermənistana 1998-ci ildən 2018-ci ilə qədər quldurların rəhbərlik etdiklərini qeyd edir. Onlar özləri öz cinayətkarlarını, rüşvətxorlarını ifşa ediblər. 1990-cı illərin sonlarında Ermənistan parlamentində terror hadisəsi onların əsl mahiyyətini üzə çıxardı. Ermənistan terrorçu ölkədir və 2018-ci ilə qədər quldur, kriminal, rüşvətxor xuntanın hakimiyyəti Ermənistanı bu acınacaqlı vəziyyətə gətirib çıxardı. BMT-nin nizamnaməsinə görə Azərbaycanın özünümüdafiə hüququ var. Ermənistan BMT-dən üstün deyil əlbəttə. BMT, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa İttifaqı, Avropa Şurası Parlament Assambleyası, NATO kimi mötəbər beynəlxalq təşkilatların Azərbaycanın torpaq bütövlüyünü tanıyan qərarlar alması beynəlxalq aləmdə mövqeyimizi daha da gücləndirir. Münaqişənin həlli üçün ATƏT-in Minsk qrupu həmsədrlərinin növbətçi görüşlərindən savayı heç bir diplomatik səy göstərilməyir. ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi,  ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları İnstitutu işğal edilmiş Azərbaycan torpaqlarında qanunsuz məskunlaşmaya, ekoloji vəziyyətin korlanmasına səssiz qalır. Xunta rejiminin bölgəni narkotik maddələr və silah qaçaqmalçılığı bazasına çevirməsinə, keçirilmiş saxta seçkilərə münasibət bildirmirlər. Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” deyəndə Azərbaycan buna layiqincə cavab verdi. Paşinyanın bu ifadəsi Minsk qrupunun vasitəçiliyi ilə davam edən danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir. Minsk qrupu buna adekvat cavab vermədi”.
Sonda onu qeyd edək ki, ölkə başçısının da söylədiyi kimi “Biz haqlı olmağımızı həm beynəlxalq arenalarda göstərmişik, həm də döyüş meydanında və heç kimin Aprel döyüşləri yadından çıxmasın”.

Keçidlər