Qazaxda dezinfeksiya işləri davam etdirilir
Respublika Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Baş Nazir Əli Əsədovun sədrliyi ilə iyulun 1-də Nazirlər Kabineti yanında Operativ Qərargahın geniş tərkibli Respublika videomüşavirəsində verilmiş tapşırıqların icrası ilə əlaqədar Qazax rayonunda da pandemiyaya qarşı mübarizə tədbirləri gücləndirilib.
Rayonda koronavirus (COVID - 19) infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə tibbi qabaqlayıcı tədbirlər, o cümlədən dezinfeksiya işləri davam etdirilir. RİHB yanında yaradılmış operativ qərargahın tərtib etdiyi qrafikə uyğun olaraq Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən həyata keçirilən işlər xüsusi karantin rejimi dövrü bitənədək şəhər və rayonların yaşayış məntəqələrinin ərazilərində koronavirus infeksiyasına qarşı müəyyən edilmiş tələblərə riayət edilməklə yerinə yetirilir.
Əhalinin daha çox kütləvilik təşkil etdiyi Mərkəzi bazarda və ətrafında fəaliyyət göstərən ticarət obyektlərində mütəmadi olaraq dezinfeksiya işləri aparılır. Qazax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən koronavirus infeksiyasına qarşı suya xüsusi dezinfeksiyaedici maddələr qatılmış məhlulla əl aparatı ilə dərmanlanır.
Məlumat üçün qeyd edək ki, bu günə kimi, istər əl aparatı vasitəsilə, istərsə də maşınla aparılan bütün dezinfeksiya işləri təlimata uyğun olaraq həyata keçirilir. Mərkəzin əməkdaşları tərəfindən Xloromin B, xlorlu əhəng və Bromosepto-DEZ adlı dezinfeksiyaedici maddələrdən istifadə olunaraq xüsusi məhlul hazırlanır. Qapalı müəssisələrdə və yaşayış binalarında əl aparatları vasitəsilə aparılan dezinfeksiya işlərində əsasən Xloromin B və Bromosepto-DEZ maddələrindən istifadə edilir. 20 litr tutumu olan əl aparatında 20 litr suya qram hesabı ilə 200 qram Xloromin B, 200 qram Bromosepto-DEZ (10 litr suya hər maddədən 100 qram olmaqla) qatılır. Maşın vasitəsilə görülən dezinfeksiya işlərində isə hər 1 ton suya 3 kiloqram hesabı ilə xlorlu əhəng əlavə olunur.