Şriftin ölçüsü :

Saytın rəngi :

31 Mart – Azərbaycanlıların Soyqırımı günü Qazax rayonunda qeyd olunmuşdur

31 mart 2016 | 16:00

31 Mart–Azərbaycanlıların Soyqırımı günü ölkəmizin hər yerində olduğu kimi Qazax rayonunda da qeyd olunmuşdur. Rayonda yerləşən idarə və təşkilatlarda, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində soyqımla bağlı anım mərasimləri, sərgilər, dəyirmi masalar, ümumtəhsil məktəblərində dərslər keçirilmişdir.
Bu qəbildən Rayon İcra Hakimiyyətində təşkil olunan tədbir soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Tədbiri açıq elan edən Rayon İcra hakimiyyəti başçsının birinci müavini Fərman Nağdalıyev qeyd etmişdir ki, Azərbaycan xalqına qarşı erməni vəhşiliyinin tarixi 200 ildən də əvvələ gedib çıxır. Bu müddət ərzində ermənilər xalqımıza qarşı dəfələrlə soyqırımları törətmiş, şəhərlərimizi, kəndlərimizi xarabalığa çevirmişlər. Yuzlərlə, minlərlə azarbaycanlıları qanına qəltan edən, uşaqlara, yaşlılara, xəstələrə belə rəhm etmədən ağlasığmaz işgəncələr verən erməni qaniçənləri vəhşicəsinə öldürdükləri insanların meyitlərini təhqir etməkdən, azyaşlı uşaqları və körpələri diri-diri tonqala atmaqdan belə çəkinməmişlər. Azərbaycanlılara qarşı bu soyqırım faktı tarixi mənbələrdə və yaddaşlarda olmasına baxmayaraq Sovetlər dönəmində bu faktların geniş şəkildə ictimaiyyətə çatdırılmasına yasaq qoyulduğu, yalnız Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra soyqırım hadisəsinə hüquqi qiymət verildiyi bildirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova məruzə ilə çıxış etmiş, məruzə ətrafında Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, Rayon Təhsil Şöbəsinin müdir müavini Zakir Nəsibov, məcburi köçkün Allahverən Poladov və başqaları çıxış etmişlər. Məruzə və çıxışlarda bildirilmişdir ki, ermənilər tərəfindən azərbaycanlıların soyqırımından 98 il ötür. Erməni millətçilərinin və onların havadarlarının son iki əsrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı siyasəti nəticəsində xalqımız ağır məşəqqətlərlə üzləşmiş, onların  hüquq və azadlıqları vəhşicəsinə kütləvi sürətdə pozulmuşdur. Bu mənfur siyasətin məqsədi azərbaycalıları öz tarixi torpaqlarından qovmaq, bu ərazilərdə erməni ideoloqların uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur. XIX əsrin əvvəllərindən başlayaraq tarixi azərbaycan torpaqları olan Qarabağa, Zəngəzura, İrəvan quberniyasına, Naxçıvana və digər bölgələrə İran və Türkiyədən minlərlə erməni ailəsi köçürülmüşdür.
Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı siyasəti 1918 -1920-ci illərdə daha geniş yayılmışdır. Onlar Bakıda, Şamaxıda, Qubada, Muğanda, Zəngəzur qəzasında, Qarabağda, İrəvan quberniyasında və digər ərazilərdə azərbaycanlıları amansızlıqla, vəhşicəsinə qətlə yetirmişlər. Bu qanlı hadisələrin daha dəhşətlisi 1918-ci ilin martın 31-də törədilmişdir. Həmin il martın 30-da erməni–bolşevik birləşmələrinin Bakını Xəzər dənizindən yaylım atəşinə tutması ilə başlanan hadisələrin ardınca martın 31-də və aprelin 1-2-də qəddarlıqla həyata keçirilən qırğınlar kütləvi şəkil almış, silahlanmış erməni əsgərləri dinc əhalini vəhşicəsinə məhv etmişlər. Qırğınların davam etdiyi dövrdə Azərbaycan ərazisində 10 mindən çox, o cümlədən, Bakıda və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlı amansızlıqla qətlə yetirilmiş, yaşayış binaları, məscidlər və məktəblər yandırılmışdır. Lakin təəssüflər olsun ki, bu Soyqırımına uzun müddət ölkəmizdə və dünyada hüquqi-siyasi qiymət verilməmişdir. Yalnız Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanlıların Soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında bu hadisələrə hüquqi-siyasi qiymət verilmiş və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qaldıqları ilk dəfə rəsmi olaraq bildirilmişdir.
Çixiş edənlər Ermənistanın 1988-ci ildə başladığı növbəti təcavüz nəticəsində Azərbaycanın Dağlıq Qarabaq bölgəsi, eləcə də ona bitişik yeddi rayonu işğal etdiyini, beləliklə, ölkəmizin 20 faiz ərazisinin zəbt olunduğunu, yüz minlərlə soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, eləcə də Qazax rayonunun 7 kəndinin erməni işğalçıları tərəfindən dağıdıldığını, Xocalı soyqırımında olduğu kimi Qazax rayonunun Bağanıs Ayrım kəndində Dadaş Əsliyevin 4 nəfərdən ibarət ailə üzvünün və 3 nəfər kənd sakininin ermənilər tərəfindən diri-diri yandırıldığını bildirmişlər.
Tədbirdə Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna və mənliyinə böhtanlar atan, siyasi  və  hərbi  təcavüz  həyata  keçirən ermənilərin  bu  vəhşiliklərinin  dünya ictimaiyyətinin  diqqətinə çatdırılmasında ölkə başçısının gördüyü işlərdən danışılmış və daha sonra bildirilmişdir ki, möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının yeritdiyi düzgün və məqsədyönlü siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyü tam bərpa ediləcək, qaçqın və məcburi köçkün ailələri öz doğma yurdlarına qayıdacaqlar və Azərbaycanlıların Soyqırımına bütün dünyada hüquqi-siyasi qiymət veriləcəkdir.

Keçidlər