Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistan hərbi bölmələrinin növbəti təxribat cəhdinində qarşısı uğurla alındı

13 iyul 2020 | 16:00

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirtməyə, artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərdi. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzduruldu, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirildi. Azərbaycan Ordusunun əks-tədbirləri adekvat xarakter daşıdı və Ermənistanın təxribatına qətiyyətli cavab verildi. Yayılmış videolardan da göründüyü kimi, Azərbaycan Ordusu Ermənistanın hərbi bölmələrinin mövqeyinə güclü zərbə endirdi, nəticədə düşmənin texnikası və canlı qüvvəsi məhv edildi.
Azərbaycanın beynəlxalq mövqelərinin daha da güclənməsi, ölkəmizin diplomatik uğurları, dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi, o cümlədən ölkəmizin sədrlik etdiyi Qoşulma Hərəkatının Zirvə toplantısının geniş rezonans doğurması, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi erməni lobbisini, xarici ermənipərəst dairələri, Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edirdi ki, bu da çox çəkmədi ki, özünü göstərdi.
Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, Münhen Təhlükəsizlik Konfransında Ermənistanın işğalçılıq siyasətini və faşist simasını ifşa etməsi, dünyanın aparıcı beynəlxalq qurumlarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etməsi xarici ermənipərəst dairələri və Ermənistan hakimiyyətini ciddi problemlər qarşısında qoydu.
Ermənistan hərbi bölmələrinin Azərbaycan-Ermənistan sərhədində növbəti təxribatı Ermənistan hakimiyyətinin həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək, həm də ölkə daxilində müşahidə olunan ciddi gərginliyi azaltmaq məqsədi güdür.
Bu gün Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanır. Ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salıb. Təsadüfi deyil ki, Azərbaycanla sərhəddə olan təxribat da Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa və öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxartmağa hesablanıb. Paşinyan bununla hesab edir ki, xarici təhlükə qarşısında cəmiyyəti toparlamaq, müxalifəti tərk-silah etmək və hakimiyyətə qarşı formalaşan ciddi təhlükəni aradan qaldırmaq mümkün olacaq.
Hazırda Ermənistanda vəziyyət olduqca mürəkkəbdir, hakimiyyətə qarşı müxalifətin vahid cəbhədə birləşməsi prosesi gedir. Paşinyanın belə təxribatlarla problemi aradan qaldırmaq cəhdlərinin hər hansı nəticə verəcəyini düşünmək üçün heç bir əsas yoxdur.
Növbəti dəfə uğursuzluqla üzləşən Ermənistan hakimiyyəti indi də məsələnin mahiyyətini gizlətməyə, yalan məlumatlarla beynəlxalq və yerli ictimaiyyəti çaşdırmağa çalışır. Ermənistan hakimiyyətinin uydurmaları, ölənlər haqqında  məlumatları gizlətməsi Ermənistan ictimaiyyətində ciddi narazılıq doğurub. Ermənistanda etiraz aksiyalarına başlanılıb, fəallar sosial şəbəkələrdə Ermənistan hakimiyyətini ciddi tənqid edirlər.
Ermənistanı hakimiyyətinin guya Azərbaycan hərbi bölmələrinin mövqeyini ələ keçirməsi, yeni yüksəkliklər əldə etməsi barədə iddialar yalan və dezinformasiyadan başqa bir şey deyil. Hətta bu ölkənin ictimaiyyəti, fəal sosial şəbəkə istifadəçiləri belə bu kimi iddiaları ironiya ilə qarşılayırlar.
İyulun 12-də baş vermiş hadisə Azərbaycan ictimaiyyəti tərəfindən hiddətlə qarşılandı. Sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşların toplanaraq cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səsləndi. Bu, bir tərəfdən Azərbaycan cəmiyyətində vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunu nümayiş etdirdi. Lakin indi 1990-cı illərin əvvəlləri deyil ki, nizami ordu olmadığına görə, vətəndaşlar öz gücünə torpaqlarımızı müdafiə etmək məcburiyyətində qalsınlar.
Arzuolunmaz xaotik təşəbbüslər isə yalnız düşmənlərimizi sevindirə, ölkəmiz, silahlı qüvvələrimiz haqqında uydurmalarını daha da genişləndirməyə imkan yarada bilər; Buna görə də bəzi sosial şəbəkə istifadəçilərinin silaha sarılmaq və cəbhə bölgəsinə getmək çağırışları, ayrı-ayrı şəxslərin cəbhə xəttinə yürüş təşkil etmək cəhdləri yolverilməz və qəbulolunmazdır.
Bu gün Azərbaycan güclü orduya malikdir və Azərbaycan Ordusu ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir. Aprel döyüşlərindən sonra dünən – iyulun 12-də Ordumuz öz qüdrəti ilə bunu bir daha nümayiş etdirdi.

Keçidlər