Qazaxda şəhid mayor Namiq Əhmədov son mənzilə yola salındı
İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib. Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı bölmələrimizin gördüyü cavab tədbirləri nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edilib.
Döyüş zamanı düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu, rayonunun Yuxarı Salahlı kənd sakini, 1984-cü il təvəllüdlü (36 yaş) mayor Əhmədov Namiq Hajan oğlu şəhid olub.
Bu gün Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan hərbçimiz – mayor Əhmədov Namiq Hajan oğlunun doğulduğu Qazax rayonunun Yuxarı Salahlı kəndində dəfn mərasimi keçirilib.
Dəfn mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və aparatın kollektivi, Milli Məclisin deputatı Qənirə Paşayeva, Rayon Prokuroru Rauf Gözəlov, Rayon Polis Şöbəsinin rəisi Ədalət Əliyev, Rayon Məhkəməsinin sədri Nemət Musayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi Tural Məmmədov və şöbənin nümayəndələri, "Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri, şəhidin döyüş yoldaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri, əmək kollektivləri, KİV nümayəndələri, minlərlə rayon sakini iştirak edib.
Yuxarı Salahlı kənd qəbiristanlığına aparılan şəhidi yol kənarlarında toplaşan minlərlə insan üçrəngli Vətən bayrağı ilə qarşılayıb, gül dəstələri ilə yola salıblar. Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı səsləndirilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Milli Məclisin deputatı Qənirə Paşayeva və şəhidin döyüş yoldaşı çıxış edərək şəhidimizə Allahdan rəhmət, ailə üzvlərinə isə səbr diləyiblər. Çıxış edənlər qüdrətli Azərbaycan Ordusunun düşmənə hər an tutarlı zərbə vurmağa hazır olduğunu, Vətən uğrunda canından keçən şəhidlərimizin qanının yerdə qalmayacağını, qisasının alınacağını bildiriblər. Azərbaycan Ordusunun, hərbçilərimizin, xalqımızın Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi sıx birləşərək onun “İrəli” əmrini gözlədiklərini qeyd ediblər.
Ruhuna dua oxunduqdan sonra şəhid mayor Əhmədov Namiq Hajan oğlunun nəşi uğrunda canından keçdiyi torpağa tapşırılıb. Şəhidin tabutuna bürünmüş üçrəngli Azərbaycan Bayrağı onun atasına təqdim edilib. Şəhid atası Hajan Əhmədov övladı ilə fəxr etdiyini bildirib. O, Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.
Məlumat üçün qeyd edək ki, şəhidimizin 1 oğul, 1 qız övladı yadigar qalıb.
Vətən torpaqlarının azadlığı uğrunda 287 şəhid verən Qazax rayonu bu gün daha bir şəhidini son mənzilə yola saldı.