Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün ölkədə əsl xalq-ordu birliyinə şahid oluruq

14 iyul 2020 | 16:00

Azərbaycan Ordusu iyulun 12-si Ermənistanın Tovuz rayonu ilə həmsərhəd Tavuş rayonundan törədilən növbəti təxribata qarşı layiqli cavab vermişdir. Rəsmi Yerevan Ermənistan tərəfinin itkilərini gizlətsə də, Facebook səhifələrində Ermənistan vətəndaşlarının yazışmalarından da aydın göründüyü kimi qarşı tərəf canlı qüvvə ilə 30 nəfərdən artıq tələfat verərək geri çəkilmişdir.
Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən yayılmış videolarda cavab olaraq düşmən mövqelərinə güclü zərbə endirilməsi ilə qarşı tərəfin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edildiyi görünür. Ermənistan tərəfinin sərhəddə atəşkəs rejimini kobud şəkildə pozması Ermənistan hakimiyyətinin pandemiyaya qarşı mübarizəsinin uğursuz olması səbəbilə daxili narazılığın artdığı dövrə təsadüf edir. Paşinyan hökuməti bununla müxalifləri susdurmağa çalışır. Paşinyan hökuməti Azərbaycan ilə sərhəddə atəşkəsi pozaraq son zamanlarda ona qarşı revanş alan siyasi müxalifətin fəaliyyətini məhdudlaşdırmağa, Azərbaycanın düşmən obrazını qabardaraq erməni xalqını həmrəyliyə dəvət etməyə səy göstərir.
Ermənistanın atəşkəsi kobud şəkildə pozması ATƏT-in Minsk qrupunun həmsədr ölkələri, Avropa Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən qınanmayıb. ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspirşik də məsələyə münasibət bildirməyib.
Ermənistan tərəfi dünya ictimaiyyətinin COVID-19 pandemiyası dövründə bütün münaqişələrin dayandırılması çağırışına məhəl qoymayaraq beynəlxalq səviyyədə centlemen sayağı razılığı kobudcasına pozmuşdur.
Şəhidlərimizin dəfn olunduğu rayonlarda hərbçilərimizin nəşi yerli əhali tərəfindən böyük hörmət və sevgi ilə qarşılanmışdır. İnsanlar mənfur düşmənə qarşı intiqam, torpaqlarımızın azad olunması üçün hərbi əməliyyatlara tam dəstək ifadə edirlər. Ölkədə bu günlər əsl ordu-xalq vəhdəti nümayiş etdirilir.
Prezident İlham Əliyev cəbhə xəttindəki operativ məlumatla tanış olan kimi Təhlükəsizlik Şurasının iclasını keçirdi. Azərbaycan tərəfi nümayiş etdirir ki, torpaqların işğalı və hər hansı bir xarici hərbi qüvvənin öz ərazisində mövcudluğu ilə barışmayacaq.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya kütləvi informasiya vasitələrinə verdiyi müsahibədə bildirmişdir ki, Azərbaycan danışıqlar aparmaq xatirinə danışıqlar aparmayacaqdır. Danışıqların nəticəsi olaraq Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərini geri qaytarmalıdır. Əks halda genişmiqyaslı hərbi əməliyyatların olması qaçılmazdır.
Qardaş Türkiyə Cümhuriyyəti də Ermənistanın atəşkəsi pozmasını şiddətlə qınamış və hər zamankı kimi Azərbaycanın yanında yer aldığını bildirmişdir. Türkiyə Xarici İşlər Nazirliyi təxribatdan dərhal sonra 12 iyul, No: 149 saylı bəyanatı ilə Ermənistan tərəfinin təxribatını kəskin pisləmişdir.
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Seyyid Abbas Musəvi atəşkəsin pozulması zamanı Azərbaycan tərəfinin verdiyi itkilərlə bağlı təəssüfünü bildirmiş və Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasında İran tərəfinin vasitəçiliyə hazır olduğunu bir daha təkrarlamışdır.

Keçidlər