Milli Məclis Sədrinin müavini Adil Əliyev şəhid mayor Namiq Əhmədovun ailəsini ziyarət edib
İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alan zaman qəhrəmancasına şəhid olan hərbçimiz, 1984-cü il təvəllüdlü mayor Əhmədov Namiq Hajan oğlu dünən doğulduğu Qazax rayonunun Yuxarı Salahlı kəndində dəfn olundu.
Bu gün Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini Adil Əliyev və digər qonaqlar şəhidin doğulduğu Yuxarı Salahlı kəndinə gələrək ata ocağında olub, ailəsini ziyarət ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Rayon Polis Şöbəsinin rəisi Ədalət Əliyevlə birlikdə şəhidimizin ailəsinə baş çəkən sədr müavini və digər qonaqlar şəhidimizə Allahdan rəhmət, ailə üzvlərinə səbr diləyiblər. Son günlər Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun göstərdiyi şücaətdən, qəhrəmanlıqdan söz açan qonaqlar bu gün bütün Azərbaycan xalqının hərbçilərimizlə qürur duyduğunu bildiriblər. Vətən uğrunda canından keçən bütün şəhidlərin, eləcə də Namiq Əhmədovun qanının yerdə qalmayacağını, qisasının alınacağını vurğulayıblar. Bu gün Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək onun “İrəli” əmrini gözləyən güclü, qüdrətli Azərbaycan Ordusunun olduğunu və həmin ordunun zəfər çalacağı tarixi günün elə də uzaqda olmadığını bir daha diqqətə çatdırıblar.
Övladı ilə hər zaman fəxr etdiyini bildirən şəhid atası Hajan Əhmədov Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.