Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Prezidentinin yanında keçirilmiş Təhlükəsizlik Şurasının iclası ilə əlaqədar Qazax rayon ictimaiyyəti nümayəndələrinin toplantısı keçirilmişdir

05 aprel 2016 | 16:00

Ermənistan silahlı qüvvələrinin bölmələrinin təxribatları nəticəsində son günlər qoşunların təmas xəttində yaranan gərginlik, bu təxribatların qarşısının alınması məqsədi ilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən həyata keçirilən cavab tədbirləri, Azərbaycan Respublikası Prezidentinin yanında keçirilmiş Təhlükəsizlik Şurasının iclasında Prezident cənab İlham Əliyevin çıxışı ilə əlaqədar 05 aprel 2016-cı il tarixdə Qazax rayon ictimaiyyəti nümayəndələrinin toplantısı keçirilmişdir.
Gənclər Mərkəzində keçirilən toplantıda rayon İcra Hakimiyyətinin başçısı cənab Ayaz Əsgərov, millət vəkili Kamran Nəbizadə, rayon İcra Hakimiyyətinin məsul işçiləri, hüquq mühafizə orqanlarının rəhbərləri, hərbi hissələrin komandirləri, idarə, müəssisə və təşkilat rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, Qarabağ müharibəsi veteranları və əlilləri, şəhid ailələrinin üzvləri, gənclər, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin  abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar.
Keçirilən tədbirdə ilk öncə Azərbaycan Ordusunun gücünü əks etdirən video-çarx nümayiş etdirilmişdir. Daha sonra erməni işğalçıları ilə döyüşlərdə qəhrəmancasına həlak olan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Qazax rayonu İcra Hakimiyyətinin başçısı cənab Ayaz Əsgərov çıxış edərək bildirmişdir ki, son günlərdə işğal olunmuş ərazilərdə erməni silahlı birləşmələrinin təxribat əməllərinə Azərbaycan Ordusunun layiqincə cavab verməsini, düşmənin canlı qüvvəsi və hərbi texnikasını darmadağın etməsini və Təhlükəsizlik Şurasının iclasında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin aprelin 2-nin Azərbaycan Ordusunun tarixində parlaq zəfər günü kimi qalacağını bəyan etməsini hər bir Qazaxlı böyük sevinclə qarşılayır.
Son günlər cəbhə xəttində gərginliyin artmasının ermənilərin növbəti təxribatı olduğu bildirilib. Vurğulanıb ki, aprelin 2-nə keçən gecə təmas xəttində bu təxribatlara layiqincə cavab verən Azərbaycan Silahlı Qüvvələri bütün istiqamətlərdən əks hücuma keçərək, düşmənin mövqelərinə sarsıdıcı zərbələr endirib. Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir  neçə yaşayış məntəqəsi, yüksəkliklər ələ keçirilib, düşmən həm canlı qüvvə, həm də texnika sarıdan çox böyük itkilər verib.
Hazırda bütün təmas xətti boyunca ermənilərin təxribatı davam edir. Lakin ordumuzun şəxsi heyətinin döyüş qabiliyyəti, hərbi təcrübəsi və döyüş ruhu çox yüksəkdir. Atəşkəs rejimi haqqında razılaşmanın Ermənistan tərəfindən pozulması təkrarən baş verərsə, düşmənə vurulacaq zərbələr daha ağır və sarsıdıcı olacaqdır. Bu gün Azərbaycan Silahlı Qüvvələri cəbhə boyu zonada əməliyyat şəraitinə tam nəzarət edir. 
Bütün bunlar onu göstərir ki, Ermənistan Silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması təmin olunacaqdır.
          İcra başçısı cəbhə bölgəsində Azərbaycan əsgərlərinin qəhrəmanlığını, xalqın böyük sevincini cənab Prezidentin həyata keçirdiyi siyasətin təntənəsi olduğunu, Xalq-Dövlət birliyinin gücü-qüdrəti ilə ərsəyə gəldiyini və yaxın vaxtlarda torpaqlarımızın azad olunacağını, qaçqın və məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıdacağını qeyd etmişdir.
          Cəbhə bölgəsindəki mövcud durum barədə danışan cənab Ayaz Əsgərov icra strukturları və hüquq mühafizə orqanlarına daha ayıq-sayıq olmağı tövsiyə edib, ordumuzun əldə etdiyi uğurlar barədə əhalinin daha geniş məlumatlandırılmasının, müəssisə və təşkilatlarda, məktəblərdə hərbi vətənpərvərlik işinin yüksəldilməsinin vacibliyini vurğulayıb.
Toplantıda millət vəkili Kamran Nəbizadə, hərbi hissə komandiri, polkovnik İdris Məhərrəmov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax filialının sədri Xasay Ballayev, Ehtiyatda olan zabitlər Konfederasiyasının Qazax rayon şöbəsinin sədri Baxış Hüseynov, şəhid ailəsi Mustafayeva Kifayət, ADPU Qazax filialının tələbəsi Nicat Məmmədov, məktəbli Ülkər Hadızadə və başqaları çıxış edərək son günlər ermənilərin təmas xəttində törətdikləri təxribatlar qətiyyətlə pislənilib, işğal altındakı torpaqlarımızın mənfur düşməndən tezliklə azad olunacağına əminlik ifadə edilib, bu qələbədən sonsuz sevinc duyduqları, hər an cənab Prezidentin əmri ilə Vətən yolunda canlarından keçməyə hazır olduqlarını, bu şərəfli yolda heç nələrini əsirgəməyəcəklərini bildirmiş və bütün dünya azərbaycanlılarının cənab Prezidentin ətrafında sıx birləşməyə, dünya ictimaiyyətini isə Azərbaycan xalqına qarşı törədilən ədalətsizliklərə qarşı səslərini ucaltmağa çağırıblar.
Sonda rayon ictimaiyyəti nümayəndələrinin adından Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarına müraciət qəbul olunmuşdur.

Keçidlər