Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda su və kanalizasiya sistemi çəkilən çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri davam etdirilir

15 iyul 2020 | 16:00

Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında regionların inkişafı istiqamətində qəbul edilmiş çoxsaylı dövlət proqramlarının uğurlu icrası nəticəsində son illər ölkəmizdə həyata keçirilən quruculuq işləri geniş miqyas alıb. Dövlətin və ölkə rəhbərinin qayğısı nəticəsində Qazaxda da genişmiqyaslı tikinti, abadlıq və quruculuq işləri aparılır. Hazırda "Azərsu” ASC tərəfindən şəhərin içməli su və kanalizasiya sisteminin çəkilişi sürətlə davam etdirilir. Sevindirici haldır ki, şəhərin su və kanalizasiya xəttinin çəkilişi ilə yanaşı, çəkiliş başa çatan küçələrdə dərhal abadlıq işlərinə, xüsusilə də asfaltlama işlərinə başlanılır. İlkin olaraq şəhərin Səməd Vurğun və Molla Pənah Vaqif küçələrinə yeni asfalt örtüyün çəkilməsi də bunun bariz nümunəsidir. Bundan əlavə, Murtuz Carçıyev, Əminə Dilbazi, H.Z.Tağıyev, Azadlıq küçələrində yeni bardürlərin düzülməsi və aparılan digər abadlıq işləri rayonda quruculuğun bundan sonra da uğurla davam etdirilməsi deməkdir.
Şəhərdə su və kanalizasiya sisteminin çəkilişi başa çatan çoxmənzilli yaşayış binalarının həyətində də quruculuq işləri aparılaraq "Abad məhəllə” adı altında bina sakinlərinin ixtiyarına verilir. Nəriman Nərimanov yaşayış massivində yerləşən binaların həyətində görülən işlər də bunu əyani şəkildə sübut edir.
Hazırda su-kanalizasiya sisteminin çəkilişi yekunlaşan Heydər Əliyev prospektində yerləşən beşmərtəbəli 61A, üçmərtəbəli 63, dördmərtəbəli 65 saylı, Azadlıq küçəsində yerləşən beşmərtəbəli 92 saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən hər biri beşmərtəbəli olan 12 və 14 saylı çoxmənzilli yaşayış binalarının həyətində aparılan işlər onu söyləməyə əsas verir ki, qısa bir vaxtda rayonda "Abad məhəllə”lərin sayı artacaq.
Onu qeyd edək ki, prospektdə yerləşən binaların həyətində bardürlər düzülüb, yaşıllıq salınması üçün torpaq qatı verilib. Lazım olan hissələrə beton tökülüb. 
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov prospektdə abadlıq işləri aparılan həmin binalarda olub, görülən işlərin mövcud vəziyyəti ilə maraqlanıb. Görülən işlərlə yerində tanış olan icra başçısı hər bir işin keyfiyyətinə üstünlük verilməsini qeyd edərək aidiyyəti üzrə tapşırıqlarını verib.

 

Keçidlər