Qazaxda su və kanalizasiya sistemi çəkilən daha bir küçədə yeni asfalt örtüyün vurulmasına başlanılıb
Hər kəsə yaxşı məlumdur ki, ölkə Prezidentinin birbaşa göstərişi, köməyi və qayğısı sayəsində "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazaxda şəhərin içməli su və kanalizasiya sistemi tamamilə yenidən qurulur. Şəhərdə aparılan su və kanalizasiya xətlərinin çəkilişi ilə yanaşı, işin başa çatdırıldığı küçələrdə eyni zamanda abadlıq işləri aparılır, yeni asfalt örtüyü vurulur. Artıq şəhərin Molla Pənah Vaqif və Səməd Vurğun küçələrində aparılan abadlıq işləri, yeni asfalt örtüyünün salınması göstərir ki, qısa bir zaman kəsiyində şəhərin bütün küçələri tezliklə öz görkəmini dəyişəcək. Hazırda Murtuz Carçıyev, Əminə Dilbazi, Zeynalabdin Tağıyev, Azadlıq küçələrində yeni bardürlərin düzülməsi və aparılan digər abadlıq işləri də bu dediklərimizi əyani şəkildə sübut edir.
Bu gün su-kanalizasiya sisteminin çəkilişi başa çatan və abadlıq işləri aparılan küçələrdən birində - Azadlıq küçəsində yeni asfalt örtüyün vurulmasına başlanılıb. Artıq küçənin xeyli hissəsinə yeni asfalt örtüyü döşənib. Bu isə o deməkdir ki, Qazaxda daha bir küçə müasir yolu göz oxşayacaq.
Məlumat üçün qeyd edək ki, şəhərdə küçələrlə yanaşı, çoxmənzilli yaşayış binalarının həyətində də quruculuq işləri aparılaraq "Abad məhəllə” adı altında bina sakinlərinin ixtiyarına verilir. Nəriman Nərimanov yaşayış massivində yerləşən binaların həyətində görülən işlər də bunun bariz nümunəsidir. Hazırda su-kanalizasiya sisteminin çəkilişi yekunlaşan Heydər Əliyev prospektində yerləşən beşmərtəbəli 61A, üçmərtəbəli 63, dördmərtəbəli 65 saylı, Azadlıq küçəsində yerləşən beşmərtəbəli 92 saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən hər biri beşmərtəbəli olan 12 və 14 saylı çoxmənzilli yaşayış binalarının həyətində isə abadlıq işləri davam etdirilir.
Qazaxda aparılan abadlıq və quruculuq işlərini yüksək qiymətləndirən rayon sakinləri bütün bu işlərə görə ölkə başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını bildirirlər. Bölgələrimizin, o cümlədən də Qazaxın gündən-günə inkişaf etməsini ölkəmizin uğuru kimi dəyərləndirirlər.