İcra başçısı çoxmənzilli yaşayış binalarının həyətində görülən işlərlə tanış olub
Son illər cənab Prezident İlham Əliyevin rəhbərliyi altında regionların inkişafı istiqamətində qəbul edilmiş çoxsaylı dövlət proqramlarına uyğun olaraq respublikamızın bütün bölgələrində genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Dövlətin və ölkə rəhbərinin qayğısı nəticəsində Qazaxda görülən işlər də ildən-ilə böyük miqyas alır. Hazırda "Azərsu” ASC tərəfindən şəhərin içməli su və kanalizasiya sisteminin çəkilişi aparılır ki, bu iş uğurla icra olunmaqdadır. Artıq xeyli vaxtdır ki, şəhərin su və kanalizasiya xəttinin çəkilişi başa çatan küçələrdə abadlıq işlərinə də başlanılıb. Şəhərin Səməd Vurğun və Molla Pənah Vaqif küçələrinə yeni asfalt örtüyün çəkilməsi də bunun əyani sübutudur. Murtuz Carçıyev, Əminə Dilbazi, Zeynalabdin Tağıyev, Azadlıq küçələrində yeni bardürlərin düzülməsi və aparılan digər abadlıq işləri isə sürətlə davam etdirilir.
Bu gün şəhərdə su və kanalizasiya sisteminin çəkilişi başa çatan küçələrlə yanaşı, çoxmənzilli yaşayış binalarının həyətində də quruculuq işləri aparılaraq "Abad məhəllə” adı altında bina sakinlərinin ixtiyarına verilir. Nəriman Nərimanov yaşayış massivində yerləşən binaların həyətində görülən işlər də bunun bariz nümunəsidir.
Hazırda su-kanalizasiya sisteminin çəkilişi yekunlaşan Heydər Əliyev prospektində yerləşən beşmərtəbəli 61A, üçmərtəbəli 63, dördmərtəbəli 65 saylı, Azadlıq küçəsində yerləşən beşmərtəbəli 92 saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən hər biri beşmərtəbəli olan 12 və 14 saylı çoxmənzilli yaşayış binalarının həyətində aparılan işlər onu söyləməyə əsas verir ki, rayonda "Abad məhəllə”lərin sayı çox olacaq.
Prospektdə yerləşən binaların həyətində bardürlər düzülüb, yaşıllıq salınması üçün torpaq qatı verilib. Lazım olan hissələrə beton tökülüb. Abadlıq işləri yekunlaşan kimi tez bir zamanda da yeni asfalt örtüyü döşənəcək.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov prospektdə yerləşən binaların həyətində görülən işlərin mövcud vəziyyəti ilə maraqlanıb. Görülən işlərlə yerində tanış olan icra başçısı hər bir işin keyfiyyətinə üstünlük verilməsini qeyd edərək aidiyyəti üzrə tapşırıqlarını verib.