Millət vəkili Səməd Seyidov Kosalar kəndində ağsaqqallarla görüşüb
Bu gün Milli Məclisin deputatı Səməd Seyidov Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və köməkçisi Akif Əmirovla birlikdə Kosalar kəndində ağsaqqallarla görüşüb. Ölkəmizdə yaşanan çətin bir vəziyyətdə, həssas bir zamanda həmyerlilərinin yanında olmağı özünə borc bildiyini dilə gətirib.
İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı Azərbaycan Ordusunun göstərdiyi şücaətdən, hərbçilərimizin mətinliyindən, mübarizliyindən söz açan deputat xalqımızın öz ordusu ilə hər zaman fəxr etdiyini qeyd edib. Döyüş zamanı düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olan hərbi qulluqçu, rayonunun Yuxarı Salahlı kənd sakini mayor Əhmədov Namiq Hajan oğluna Allahdan rəhmət diləyib. Şəhidin ailə üzvlərinə və bütün qazaxlılara bir daha başsağlığı verib. Vətən uğrunda canından keçən Namiq Əhmədov kimi mayorlarımızın, hərbçilərimizin qanının yerdə qalmayacağını, qisaslarının alınacağını qeyd edib. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək onun "İrəli” əmrini gözləyən Azərbaycan Ordusunun qələbə qazanacağı günün uzaqda olmadığını bir daha diqqətə çatdırıb.
Deputat S.Seyidov son günlər ərzində baş vermiş toqquşmaların və qanlı döyüşlərin Azərbaycan dövlətinin, ordusunun gücünü, xalqla iqtidar arasındakı birliyini nümayiş etdirdiyini bildirib. Deputat cəbhə bölgəsində yerləşən rayonlarımızın, o cümlədən də Qazaxın mövcudluğunu, sabitliyini Azərbaycanın mövcudluğu, sabitliyi kimi qiymətləndirib. S.Seyidov qeyd edib ki, ulu öndər Heydər Əliyev əbəs yerə demirdi ki, “Siz əziz qazaxlılar! Burada həm öz torpağınızı, həm də Azərbaycanı qoruyursunuz. Siz bütün Azərbaycan xalqının dayağısınız!” Deputat Ümummilli Liderin söylədiyi bu dəyərli sözlərin bu gün də hər bir qazaxlı üçün şüar olduğunu bildirib. Qazaxın, qazaxlıların hər zaman dövlətə, dövlətçiliyə sadiqlik nümayiş etdirdiklərini vurğulayıb. Qazaxlılar olaraq, eləcə də hər bir vətəndaş olaraq ölkə başçısına sədaqətimizi nümayiş etdirərək dövlətimizin və onun rəhbərinin yürütdüyü siyasətə dəstək olmağı tövsiyə edib. S.Seyidov qeyd edib ki, mənfur düşmənimiz olan ermənilər torpaqlarımızı işğal etdikləri kimi mənəviyyatımızı da işğal etməyə çalışır, xalqımızın birliyini, həmrəyliyini pozacaq təxribatlara əl atırlar. Xaricdə oturub ölkəmizə qənim kəsilən sapı özümüzdən olan baltalar dövlətimizin gücünə, qüdrətinə kölgə salmağa, xalq-dövlət arasındakı birliyi sarsıtmağa cəhd edirlər. Son günlər yaşananlar isə onu göstərdi ki, bizlər həm xaricdə oturub mənfur düşmənlərimizə havadarlıq edənlərə, həm də daxilimizdə olub həmin insanların əmrlərini yerinə yetirənlərə qarşı ikiqat mübarizə aparmalıyıq. Düşmənə imkan verməməliyik ki, xalq-dövlət arasında uçurum yaradacaq təxribatlara kənardan baxıb sevinsinlər. Bu sevinc hissini onlara yaşatmamalıyıq. Əksinə ölkəmizin, onun rəhbərinin ətrafında bir yumruq kimi birləşərək əsl həmrəylik nümayiş etdirməliyik. Necə ki, Azərbaycan xalqı hər zaman bu birliyi, həmrəyliyi qoruyub saxlaya bilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək qazaxlıların hər zaman dövlətimizin, ölkə Prezidentinin yanında olduğunu, ölkə rəhbərinin yürütdüyü daxili və xarici siyasəti dəstəklədiyini bildirib. Bu amilin bundan sonra da belə olacağını bir daha diqqətə çatdırıb.
Kənd sakinlərindən Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, şair Barat Vüsal, Əməkdar məşqçi Tariyel Nəsibov çıxış edərək bir ağsaqqal, ziyalı olaraq son günlər ölkəmizdə yaşanan xoşagəlməz hadisəni birmənalı şəkildə pislədiklərini qeyd ediblər. Tez bir zamanda içimizdəki düşmənlərin təmizlənməsini bildiriblər. Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun düşmən təxribatının qarşısını uğurla almasını qürur hissi ilə qarşıladıqlarını, mərdlik, igidlik nümayiş etdirən əsgərlərimizlə, hərbçilərimizlə, Vətənin azadlığı, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizlə fəxr etdiklərini dilə gətiriblər. Bu gün bir vətəndaş olaraq dövlətə və onun rəhbərinə, Ali Baş Komandan İlham Əliyevə arxalandıqlarını, güclü dövlətin və Liderin olduğu müddətcə düşmənin heç nə edə bilməyəcəyini söyləyiblər. Xalqın çətin anında onların yanında olduğuna, dəstək göstərdiyinə və bu gün görüşə gəlib qayğıları ilə maraqlandığına görə deputat Səməd Seyidova və rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər.