Qazax: Milli Məclis Sədrinin müavini və rayon rəhbəri şəhidin ailəsinə baş çəkiblər
İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alan zaman qəhrəmancasına həlak olan hərbçimiz, 1984-cü il təvəllüdlü mayor Namiq Hajan oğlu Əhmədov doğulduğu Qazax rayonunun Yuxarı Salahlı kəndində dəfn olunub.
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini Adil Əliyev, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və başqaları şəhidin doğulduğu Yuxarı Salahlı kəndinə gələrək ata ocağında olub, ailəsini ziyarət ediblər.
Milli Məclis Sədrinin müavini və digər qonaqlar şəhidimizə Allahdan rəhmət, ailə üzvlərinə səbr diləyiblər. Son günlər Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun göstərdiyi şücaətdən, qəhrəmanlıqdan söz açan qonaqlar Azərbaycan xalqının hərbçilərimizlə qürur duyduğunu deyiblər. Vətən uğrunda canından keçən bütün şəhidlərin, eləcə də Namiq Əhmədovun qanının yerdə qalmayacağını, qisasının alınacağını vurğulayıblar. Bu gün Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək onun “İrəli” əmrini gözləyən güclü, qüdrətli Azərbaycan Ordusunun olduğunu və həmin ordunun zəfər çalacağı tarixi günün elə də uzaqda olmadığını bir daha diqqətə çatdırıblar.
Övladı ilə hər zaman fəxr etdiyini bildirən şəhid atası Hajan Əhmədov Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.
Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
17 iyul 2020-ci il