Millət vəkili Səməd Seyidov və rayon rəhbərliyi şəhid mayor Namiq Əhmədovun ailəsinə baş çəkiblər
İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən hərbçimiz, 1984-cü il təvəllüdlü mayor Əhmədov Namiq Hajan oğlu da qəhrəmancasına şəhid olub.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Milli Məclisin deputatı Səməd Seyidov, Rayon Prokuroru Rauf Gözəlov, Rayon Polis Şöbəsinin rəisi Ədalət Əliyev, Rayon Məhkəməsinin sədri Nemət Musayev şəhidin ata ocağında ailəsinə baş çəkiblər. Şəhidin atası Hajan Əhmədovla görüşüb, başsağlığı veriblər. Bütün şəhidlərimiz kimi, onun övladının da xatirəsinin hər zaman əziz tutulacağını və daim qəlblərdə yaşayacağını bildiriblər. Ölkə başçısının da söylədiyi kimi son döyüşdə düşmənə layiqli cavablarının verildiyini, Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən hərbçilərimizin, eləcə də Namiq Əhmədovun qanının yerdə qalmadığını, qisasının alındığını bir daha vurğulayıblar. Bu gün Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək onun “İrəli” əmrini gözləyən güclü, qüdrətli Azərbaycan Ordusunun olduğunu və həmin ordunun zəfər çalacağı tarixi günün elə də uzaqda olmadığını diqqətə çatdırıblar.
Övladı ilə hər zaman fəxr etdiyini bildirən şəhid atası Hajan Əhmədov Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.