Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda RİH başçısının İƏD üzrə nümayəndələrinin iştirakı ilə videokonfrans keçirilib

18 iyul 2020 | 16:00

Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələrinin iştirakı ilə növbəti videokonfrans keçirilib. Videokonfransda iyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda söylənilən fikirlərdən danışılıb. Həmçinin, iyulun 12-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdən və həmin döyüşlər zamanı Azərbaycan Ordusunun göstərdiyi şücaətdən söz açılıb.
Qazax RİH başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Adil Vəliyev çıxış edərək qeyd edib ki, ölkə başçısının da söylədiyi kimi, “İyulun 12-də erməni silahlı qüvvələri Azərbaycan mövqelərinə artilleriya atəşi ilə zərbə endirmişlər və bu gözlənilməz zərbə nəticəsində bizim hərbçilərimiz həlak olmuş, yaralanmışlar. Ermənistan bu təxribatın səbəbkarı kimi Azərbaycanı göstərməyə cəhd etmişdir. Bizim Ermənistanla Azərbaycanın dövlət sərhədində hər hansı bir hərbi məqsədimiz yoxdur. Azərbaycan Silahlı Qüvvələri tərəfindən hərbçilərimizin intiqamı alınmış, onların qanı yerdə qalmamış və düşmənə elə bir zərbə endirilmişdir ki, uzun illər bundan sonra da yaddan çıxarmayacaqlar”. Ölkə rəhbərinin də vurğuladığı kimi, “Döyüşdə canından keçən bütün şəhidlərin intiqamı qısa zamanda artıqlaması ilə alınmışdır. Düşmənin onlarla hərbçisi məhv edilmiş, onların sərhədboyu yerləşən dayaq məntəqələrinin böyük hissəsi darmadağın edilmişdir. O cümlədən onların postu və bütün infrastrukturu yox edilmişdir. Bu əməliyyat, son günlər ərzində baş vermiş hərbi toqquşma - bizim növbəti şanlı qələbəmizdir”.
A.Vəliyev qeyd edib ki, ölkə Prezidentinin də çıxışında vurğuladığı kimi, “Ordumuzun uğurlu əməliyyatı və əldə edilmiş nəticələr, hərbi qələbə, təbii olaraq Azərbaycan ictimaiyyətində ruh yüksəkliyi yaratdı, xalqımızı coşdurdu. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı ağır günlərdə bir nöqtəyə vura bilir. Bu, xalq-iqtidar birliyini göstərən daha bir mənzərə idi. Ordumuzun düşmən hücumunu qəhərəmancasına dəf etdiyi gecə döyüşçülərimizə dəstək məqsədilə çoxsaylı insan Şəhidlər xiyabanına gəldi. Ancaq əfsuslar olsun ki, sonra oraya görünür bu məsələ ilə bağlı haradansa xəbər tutmuş bəzi təxribatçı qruplar da daxil oldular. Onların arasına Azərbaycan Xalq Cəbhəsinin tör-töküntüləri girib, bu gözəl və nəcib addıma kölgə salmağa, qanunsuz əməllər törətməyə çalışdılar. Təbii ki, Daxili İşlər orqanları tərəfindən onların bu əməllərinə qısa müddət ərzində son qoyuldu”.
A.Vəliyev çıxışında paytaxt Bakıda, eləcə də respublikamızın əksər bölgələrində mənfur qüvvələrin öz çirkin əməllərini həyata keçirmək üçün ordumuza dəstək xarakterli yürüşlər təşkil etdiklərini də diqqətə çatdırıb. Təxribat xarakterli bu cür tədbirlərin hüquq-mühafizə orqanlarının daim nəzarətində olduğunu və qarşısının birmənalı şəkildə alındığını bildirib. Bu cür tədbirlərdə iştirakın yolverilməz olduğunu, dövlətə və dövlətçiliyə qarşı törədilmiş ən pis əməl kimi qiymətləndirildiyini vurğulayıb.
A.Vəliyev ölkəmizdəki belə həssas bir vaxtda yayılan dezinformasiyalara birmənalı şəkildə inanmamağı bildirib. Həqiqəti əks etdirməyən məlumatların paylaşılmasında, xüsusilə də hərbi texnika və canlı qüvvələrimiz barədə olan məlumatlarda daha diqqətli olmalarını bildirib. Bu cür məlumatların istər sosial şəbəkələrdə paylaşılmasının, istərsə də telefonda danışılmasının düşmən kəşfiyyatı tərəfindən ölkəmizə qarşı istifadə oluna biləcəyini diqqətə çatdırıb. Bunun üçün vətəndaşlar arasında da daim maarifləndirmə aparılmasını tövsiyə edib. 
A.Vəliyev bu gün istər rayon rəhbərliyi, istərsə də İnzibati Ərazi Dairələrinin nümayəndələri olaraq vətəndaşların məsuliyyətinin onların üzərində olduğunu qeyd edib. Odur ki, hər bir İƏD-si üzrə nümayəndəyə rəhbərlik etdikləri yaşayış məntəqələrində daha məsuliyyətli və diqqətli olmağı bildirib. Yaşayış məntəqələrində baş vermiş hər hansı bir hadisə haqqında məlumatların operativ şəkildə çatdırılmasını, habelə daim nəzarətdə saxlanılmasını qeyd edib. Vətəndaşların müraciətlərinə, istəklərinə həmişə qayğı ilə yanaşılmasını, hər bir vətəndaşı təmkinlə dinləyib lazımi rəsmi cavab verilməsini, vətəndaşlar arasında öz hüquqları barədə maarifləndirmə işinin aparılmasını qeyd edib. Vətəndaşın istəyinin nə olmasından asılı olmayaraq məsələnin əsl mahiyyətini olduğu kimi çatdırmağı vurğulayıb.
Sonda kəndlərdə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub, lazımi tapşırıq və tövsiyələr verilib.

Keçidlər