Daş Salahlı kənd 1 saylı körpələr evi-uşaq bağçası üçün yeni bina inşa olunacaq
“Qazax Sement Zavodu” MMC Azərbaycanın iri sement istehsalçılarından biri kimi Azərbaycanın Qərb regionunda reallaşmış ən böyük investisiya layihəsidir. Bu gün yaradılmış infrastruktur və çoxşaxəli logistika sistemindən istifadə edərək Azərbaycanın istənilən ərazisinə sement satışını həyata keçirən, fəaliyyətdə olduğu qısa müddət ərzində istehsal etdiyi məhsulların keyfiyyəti ilə yüksək müştəri məmnuniyyətinə nail olan zavodun həyata keçirdiyi layihələr, gördüyü bütün işlər ölkənin milli rifahına öz töhfəsini verməkdədir.
“Qazax Sement Zavodu” MMC fəaliyyətə başladığı ilk gündən nəinki tikinti sektorunda fərqlənməyi qarşıya məqsəd qoyub, bu şirkət eyni zamanda öz xeyirxah əməlləri ilə də hər zaman seçilməyi bacarıb. Belə ki, zavodun yerləşdiyi Daş Salahlı kəndində həyata keçirdiyi çoxsaylı işlər hər kəsə məlumdur. Zavod tərəfindən 2017-ci ildə Daş Salahlı kənd 2 saylı uşaq bağçasının və 3 saylı körpələr evi-uşaq bağçasının əsaslı şəkildə yenidən qurularaq körpə balaların istifadəsinə verilməsi bu dediklərimizin əyani sübutudur.
Öz ənənəsinə sadiq qalan “Qazax Sement Zavodu” MMC xeyirxah əməllərini bu il də davam etdirir. Belə ki, zavod kənddə təmirə ehtiyacı olan Daş Salahlı kənd 1 saylı körpələr evi-uşaq bağçası üçün 55 yerlik yeni binanın inşasını da öz üzərinə götürüb. Bu isə o deməkdir ki, bu xeyirxahlıq sayəsində kənddə olan üçüncü bağça da tam müasir səviyyəyə çatdırılacaq.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov “Qazax Sement Zavodu” MMC-nin İdarə heyətinin üzvü Hikmət Əliyev, Zavodun İnzibati və təsərrüfat işləri bölməsinin rəisi Vüsal Əliyev və digər aidiyyəti şəxslərlə birlikdə Daş Salahlı kənd 1 saylı körpələr evi-uşaq bağçası üçün yeni tikiləcək binanın yerinə baxış keçirib. Görülməsi nəzərdə tutulan işlər müzakirə olunub. Rayon rəhbərliyi lazımi tapşırıq və tövsiyələrini verib.
Bağça müdiri Təranə Sultanova yeni bağça binasının tikintisi xəbərini kollektiv olaraq sevinc hissi ilə qarşıladıqlarını bildirib. Digər kənd bağçaları kimi, bu bağça üçün də yeni binanın inşa olunmasını dövlət tərəfindən uşaqlara olan qayğının əyani təzahürü kimi qiymətləndirib. Təmir işlərinin aparılmasına görə “Qazax Sement Zavodu” MMC-nin kollektivinə və rayon rəhbərliyinə işçilər, valideynlər, bütün kənd sakinləri adından dərin minnətdarlığını çatdırıb.
Daha sonra rayon rəhbəri Daş Salahlı kənd 2 saylı uşaq bağçasının və 3 saylı körpələr evi-uşaq bağçasının mövcud vəziyyəti ilə maraqlanıb.
Daş Salahlı kənd 2 və 3 saylı bağçalar