Qazaxda su və kanalizasiya sistemi çəkilən Zeynalabdin Tağıyev küçəsinə yeni asfalt vurulub
Hər kəsə yaxşı məlumdur ki, ölkə Prezidenti cənab İlham Əliyevin birbaşa göstərişi, köməyi və qayğısı sayəsində "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazaxda şəhərin içməli su və kanalizasiya sistemi yenidən qurulur. Sevindirici hal isə odur ki, şəhərdə aparılan su və kanalizasiya xətlərinin çəkilişi ilə yanaşı, işin başa çatdırıldığı küçələrdə eyni zamanda abadlıq işləri aparılır, yeni asfalt örtüyü vurulur. Molla Pənah Vaqif, Səməd Vurğun və Azadlıq küçələrinə yeni asfaltın çəkilməsi bu dediklərimizin bariz nümunəsidir.
Hazırda Murtuz Carçıyev, Əminə Dilbazi küçələrində yeni bardürlərin düzülməsi və aparılan digər abadlıq işləri, Zeynalabdin Tağıyev küçəsində yeni asfalt örtüyün vurulması onu deməyə əsas verir ki, Qazax müasir yolları, "Abad məhəllə”ləri ilə bundan sonra daha da göz oxşayacaq.
Məlumat üçün onu da qeyd edək ki, şəhərdə küçələrlə yanaşı, çoxmənzilli yaşayış binalarının həyətində də quruculuq işləri aparılaraq "Abad məhəllə” adı altında bina sakinlərinin ixtiyarına verilir. Nəriman Nərimanov yaşayış massivində yerləşən binaların həyətində görülən işlər də bunun əyani sübutudur. Hazırda su-kanalizasiya sisteminin çəkilişi yekunlaşan Heydər Əliyev prospektində yerləşən beşmərtəbəli 61A, üçmərtəbəli 63, dördmərtəbəli 65 saylı, Azadlıq küçəsində yerləşən beşmərtəbəli 92 saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən hər biri beşmərtəbəli olan 12 və 14 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri davam etdirilir.
Qazaxda aparılan abadlıq və quruculuq işləri rayon sakinləri tərəfindən də yüksək qiymətləndirilir. Bütün bu işlərə görə ölkə başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını bildirirlər. Rayonda görülən işlərin keyfiyyətini hər zaman diqqət mərkəzində saxladığı üçün rayon rəhbərliyinə razılıqlarını ifadə edərək təşəkkürlərini çatdırırlar.