Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı çoxmənzilli yaşayış binalarının həyətində görülən işlərlə maraqlanıb

20 iyul 2020 | 16:00

Xəbər verdiyimiz kimi, "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazaxda şəhərin içməli su və kanalizasiya sistemi yenidən qurulur. Ölkə Prezidenti cənab İlham Əliyevin birbaşa göstərişi, köməyi və qayğısı sayəsində icra olunan layihə uğurla həyata keçirilir. Təqdirəlayiq hal isə odur ki, şəhərdə aparılan su və kanalizasiya xətlərinin çəkilişi ilə yanaşı, işin başa çatdırıldığı küçələrdə eyni zamanda abadlıq işləri aparılır, yeni asfalt örtüyü vurulur. Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev küçələrinə yeni asfaltın çəkilməsi bu dediklərimizin əyani göstəricisidir. Bundan əlavə, Murtuz Carçıyev, Əminə Dilbazi küçələrində yeni bardürlərin düzülməsi və aparılan digər abadlıq işləri rayonda olan quruculuğun bundan sonra da davam etdirilməsi deməkdir.

Şəhərdə küçələrlə yanaşı, çoxmənzilli yaşayış binalarının həyətində də quruculuq işləri aparılaraq "Abad məhəllə” adı altında bina sakinlərinin ixtiyarına verilir. Nəriman Nərimanov yaşayış massivində yerləşən binaların həyətində görülən işlər də bunun bariz nümunəsidir. Hazırda su-kanalizasiya sisteminin çəkilişi yekunlaşan Heydər Əliyev prospektində yerləşən beşmərtəbəli 61A, üçmərtəbəli 63, dördmərtəbəli 65 saylı, Azadlıq küçəsində yerləşən beşmərtəbəli 92 saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən hər biri beşmərtəbəli olan 12 və 14 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri davam etdirilir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov prospektdə yerləşən binaların həyətində görülən işlərin mövcud vəziyyəti ilə maraqlanıb. Həmçinin, yeni bardür düzüləcək Əliağa Şıxlinski küçəsində olub. Görülən işlərlə yerində tanış olan icra başçısı hər bir işin keyfiyyətinə üstünlük verilməsini qeyd edərək aidiyyəti üzrə tapşırıqlarını verib.

 

 

Keçidlər