Qazaxda olan şəffaflığa heç kim kölgə sala bilməz!
Hər kəsə yaxşı məlumdur ki, cənab Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü dövlət siyasətinin əsasını təşkil edən amillərdən biri, bəlkə də birincisi ölkəmizdə rüşvətxorluğa və korrupsiyaya qarşı barışmaz mövqedə olmasıdır. Ölkə başçısının rəhbər vəzifəli şəxsləri qəbul edən zaman çıxışlarında bu sahə ilə bağlı istəyini, tələbini dəfələrlə çatdırması da onu sübut edir ki, Azərbaycanda rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə günümüzün bir nömrəli məsələlərindən biridir.
Dövlət başçısının bütün sahələrdə şəffaflığın təmin olunması, xüsusilə də rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə sahəsində məqsədyönlü işlərin görülməsi istiqamətində verdiyi tapşırıq və tövsiyələr son illər Qazax rayonunda da birmənalı şəkildə icra olunur. Rayon rəhbərliyi tərəfindən bu sahə daim diqqət mərkəzində saxlanılır. Rayonda son illər bu sahədə əldə olunan nailiyyəti bu gün də əvvəlki tək qoruyub saxlamaq və bu cür halların qarşısının alınması üçün təxirəsalınmaz işlər görülür.
Rayon rəhbərliyinin və hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə səhiyyə ocaqlarında pandemiyaya qarşı mübarizə tədbirlərini yerində öyrənmək məqsədilə keçirilən reyd zamanı vətəndaş Daş Salahlı kənd sakini Hüseynova Solmaz Binnət qızının “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi, Rayon Doğum evində bir sıra neqativ halların olması ilə bağlı müraciətinə operativ şəkildə baxılması bu dediklərimizin əyani sübutudur. Qeyd edək ki, vətəndaşın neqativ hallarla bağlı iradı elə həmin gün hüquq-mühafizə orqanları tərəfindən araşdırılmış, həqiqətən də qeyd etdiyi nöqsanlar qismən də olsa aşkar edilmişdir. Görünür Doğum evinin baş həkimi və digər əməkdaşları ölkədəki pandemiya dövründə belə öz əməllərindən çəkinməyiblər. Ən əsası da rayonda səhiyyə sahəsində olan şəffaflığa kölgə saldıqlarının fərqində belə olmayıblar.
Hər zaman olduğu kimi, bu dəfə də səhiyyə sahəsində şəffaflığı tam təmin etmək üçün məqsədyönlü işlər görüldü. Belə ki, Doğum evində vətəndaşın etdiyi müraciət araşdırılan zaman deyilənlər qismən də olsa həqiqəti əks etdirdiyi üçün baş həkim Namazlı Aynur Rauf qızına, həkim mama ginekoloq Cəfərova Diləfruz Cəfər qızına və mama ginekoloq USM (ultrasəs müayinə kabineti) Qəhrəmanova Validə Kamandar qızına töhmət verilərək bir daha xəbərdarlıq olunub.
Bunu ictimaiyyətə çatdırmaqda əsas məqsəd odur ki, rayonda istənilən sahədə bu cür hallarla qarşılaşan hər bir vətəndaş Qazax Rayon İcra Hakimiyyətinə müraciət edə bilər.
Sizlərdən kökündə vətəndaş məmnunluğu dayanan bu işdə şəffaflığı qorumaqda dəstək olmağınızı xahiş edirik.
Unutmayaq ki, görülən hər bir iş, atılan addım birbaşa rayonun adı ilə bağlıdır. Ona görə də bu mübarizəyə hər birimiz yaxından dəstək olmalıyıq. Bunun üçün də sadəcə müraciət edib bildirməyiniz kifayət edir.