Qazaxda “İlk çağırışda Vətənin müdafiəsinə qalxan gənclər” mövzusunda videokonfrans keçirilib
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “İlk çağırışda Vətənin müdafiəsinə qalxan gənclər” mövzusunda onlayn videokonfrans keçirilib.
Videokonfransda Qazax RİH başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin səlahiyyətlərini müvəqqəti icra edən Gülnar Quluyeva, Qazax RİH başçısı aparatında baş məsləhətçi Teybə Hüseynova, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, millət vəkili Səməd Seyidov, deputatın köməkçisi Akif Əmirov, rayonda fəaliyyət göstərən Gənclər və İdman İdarəsinin, “Gənclər evi” sosial xidmət müəssisəsinin əməkdaşları və könüllüləri, Gənclərin Məşvərət şurasının üzvləri və fəal gənclər iştirak ediblər.
Qazax RİH başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin səlahiyyətlərini müvəqqəti icra edən Gülnar Quluyeva videokonfransı giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, tədbirin məqsəd və əhəmiyyətindən danışıb. G.Quluyeva Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən şəhid olan igid Vətən oğullarına Allahdan rəhmət diləyib, yaralı hərbçilərimizə tez bir zamanda sağalıb yenidən ordu sıralarına qayıtmağı arzulayıb. Tovuz döyüşlərində həmyerlimiz Yuxarı Salahlı kənd sakini, mayor Əhmədov Namiq Hajan oğlunun da qəhrəmancasına şəhid olduğunu diqqətə çatdıraraq bütün şəhidlərimizin, eləcə də Namiq Əhmədovun əziz xatirəsinin daim yad olunacağını bir daha dilə gətirib.
Şəhid ailələrinə və müharibə əlillərinə göstərilən dövlət qayğısından söz açan G.Quluyeva iyulun 21-də Respublika Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunmasını həmin qayğının daha bir bariz nümunəsi kimi göstərib. Qeyd edib ki, dövlət tərəfindən təqdim olunan həmin binada şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 62 mənzil verildi. Mənzillərin 42-si Qarabağ müharibəsi əlillərinə, 20-si isə şəhid ailələrinə təqdim olundu. Ümumiyyətlə, bu mənzillər də daxil olmaqla indiyədək şəhid ailələrinə və müharibə əlillərinə 8018 mənzil və fərdi ev təqdim olunub. Bu qəbildən olan vətəndaşlarımız təkcə 2019-cu ildə 634 mənzil, 300 fərdi evlə təmin ediliblər. 2020-ci ildə 700 mənzil və 800 fərdi evin verilməsi nəzərdə tutulub. İlin əvvəlindən indiyədək 430 mənzil təqdim olunub. 2018-ci ildə 265, 2019-cu ildə 600 müharibə əlili avtomobillə təmin olunub. Bu dəfə təqdim edilən 50 avtomobil də daxil olmaqla 2020-ci ildə bu qəbildən olan insanlara, ümumilikdə 150 avtomobil verilib. İlin sonunadək isə 400 müharibə əlilinin avtomobillə təmin olunması planlaşdırılır. Bu dəfə verilən 50 avtomobil də daxil olmaqla indiyədək müharibə əlillərinə 6900 avtomobil təqdim olunub. Bütün bunlar bir daha onu sübut edir ki, Azərbaycanda şəhid ailələrinə və müharibə əlillərinə diqqət və qayğı hər zaman olub, bundan sonra da olacaq. G.Quluyeva qeyd edib ki, bu gün ölkəmiz baxmayaraq ki, gözə görünən və görünməyən iki düşmənlə - koronavirusla (COVID-19) və mənfur düşmənimiz olan ermənilərlə müarizə aparır, bununla yanaşı, ayaqda durmağı da bacarır. Bu gün Azərbaycan güclü dövlət olaraq öz sözünü deyə bilirsə, ölkədə yaşanan çətinliklərə rəğmən iqtisadiyyatı inkişaf edirsə, sosial layihələri uğurla icra olunursa, bu, ölkə rəhbərinin yürütdüyü məqsədyönlü siyasətin nəticəsidir. G.Quluyeva vurğulayıb ki, ölkə başçısının da söylədiyi kimi, indi Azərbaycan o vaxtkı Azərbaycan deyil, indi ölkəmiz güclü dövlətdir və xalq-iqtidar arasında olan həmrəylik, birlik bu gücü daha da artırır. Tovuz hadisələrindən sonra minlərlə insanın Şəhidlər xiyabanına doğru Ordumuza dəstək məqsədilə yürüş etməsi, Vətənin müdafiəsinə qalxması bir daha onu göstərdi ki, Azərbaycan dövləti istənilən vaxt xalqına arxalana bilər. G.Quluyeva həmin yürüş zamanı öz məkrli niyyətlərini işə salaraq təxribat törədərək ölkəmizin, xalqın adına ləkə yaxmaq istəyən ünsirlərin əməllərindən də söz açıb. Qeyd edib ki, ürəyi Vətən eşqi ilə döyünən Azərbaycanın ağıllı gəncləri bu dəfə də düşmənin məkrli niyyətlərini alt-üst etdilər. Bir daha sübut etdilər ki, Azərbaycanda xalqla-dövlət, xalqla-ordu arasındakı birliyi hər hansı bir şər qüvvə sarsıda bilməz. Azərbaycan gəncləri hər an yalnız və yalnız Ali Baş Komandanın “İrəli!” əmrini gözləyir, bir tək ölkə başçısının çağırışlarına səs verir. Necə ki, bunu öz əməlləri ilə göstərdilər. Minlərlə gənc məhz dövlət başçısının çağırışından ruhlanaraq döyüşmək üçün yenidən ordu sıralarına yazıldılar. Azərbaycanın digər dövlətlərdən olan fərqi də elə budur. Azərbaycan güclü dövlət olub və bundan sonra da olacaq...
G.Quluyeva nəinki paytaxt Bakıda, eləcə də respublikamızın əksər bölgələrində orduya dəstək məqsədilə təxribat xarakterli yürüşlərin təşkil olunduğunu da diqqətə çatdırıb. Digər gənclərdən fərqli olaraq qazaxlı gənclərin belə çətin anda əsl dəyanət, dözüm nümayiş etdirdiklərini bildirib. Yalnız və yalnız Ali Baş Komandanın “İrəli!” əmri ilə döyüşə hazır olduqlarını göstərdiklərini qeyd edib. Qazaxlı gənclərin Birinci vitse-prezident Mehriban Əliyevanın “Hər birimizin borcu Azərbaycanın mövqeyini müdafiə etməkdir. Nəinki döyüş meydanında, həm də kompüter qarşısında” çağırışını əldə rəhbər tutaraq düşmənə qarşı söz savaşına qalxdıqlarını, Vətənin müdafiəsinə hər an hazır olduqlarını qeyd edib.
G.Quluyeva sonda bir daha gənclərə ölkəmizdəki belə həssas bir vaxtda yayılan dezinformasiyalara birmənalı şəkildə inanmamağı bildirib. Həqiqəti əks etdirməyən məlumatların paylaşılmasında, xüsusilə də hərbi texnika və canlı qüvvələrimiz barədə olan məlumatlarda daha diqqətli olmalarını bildirib. Bu cür məlumatların istər sosial şəbəkələrdə paylaşılmasının, istərsə də telefonda danışılmasının düşmən kəşfiyyatı tərəfindən ölkəmizə qarşı istifadə oluna biləcəyini diqqətə çatdırıb. “Bugünkü gəncliklə hər bir Azərbaycan vətəndaşı fəxr edir”, - deyən G.Quluyeva gənclərə uğurlar arzulayıb.
Videokonfrans iştirakçılarına səmimi salamlarını çatdıran millət vəkili Səməd Seyidov qeyd edib ki, bu gün özümə borc bildim ki, belə vacib tədbirdə iştirak edim. S.Seyidov vurğulayıb ki, son günlər Tovuzda baş verənlər bir daha onu göstərdi ki, bu, ermənilərin törətdiyi birinci provokasiyası deyil. Deputat Tovuz, Ağstafa, Qazax istiqamətində baş vermiş hadisələrin ermənilərin düşündüyü kimi getmədiyini, fikirləşdiyi kimi alınmadığını qeyd edib. Ən əsası da ermənilərin məkrli niyyətlərini bütün dünyaya istədikləri formada çatdıra bilmədiklərini bildirib. Bunun da başlıca səbəbi olaraq Azərbaycan dövlətinin gücünü, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin “İrəli!” əmrinə hər an hazır olan Ordumuzun qüdrətini göstərib. “Tovuzda baş vermiş hadisələr təkcə Ordumuzun gücünü deyil, dövlət-xalq birliyini, həmrəyliyini də nümayiş etdirdi”, - deyən S.Seyidov bu həmrəyliyin tarixi kökləri olduğunu bildirib. Təkcə paytaxtda yaşayan vətəndaşların deyil, respublikamızın bütün bölgələrində, o cümlədən də Qazax, Ağstafa, Tovuz rayonlarında yaşayan sakinlərin də əsl həmrəylik nümayiş etdirdiklərini bir daha vurğulayıb.
S.Seyidov qeyd edib ki, ölkə Prezidentinin də çıxışında söylədiyi kimi, "Ordumuzun uğurlu əməliyyatı və əldə edilmiş nəticələr, hərbi qələbə, təbii olaraq Azərbaycan ictimaiyyətində ruh yüksəkliyi yaratdı, xalqımızı coşdurdu. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı ağır günlərdə bir nöqtəyə vura bilir. Bu, xalq-iqtidar birliyini göstərən daha bir mənzərə idi. Ordumuzun düşmən hücumunu qəhərəmancasına dəf etdiyi gecə döyüşçülərimizə dəstək məqsədilə çoxsaylı insan Şəhidlər xiyabanına gəldi. Ancaq əfsuslar olsun ki, sonra oraya görünür bu məsələ ilə bağlı haradansa xəbər tutmuş bəzi təxribatçı qruplar da daxil oldular. Onların arasına Azərbaycan Xalq Cəbhəsinin tör-töküntüləri girib, bu gözəl və nəcib addıma kölgə salmağa, qanunsuz əməllər törətməyə çalışdılar. Təbii ki, Daxili İşlər orqanları tərəfindən onların bu əməllərinə qısa müddət ərzində son qoyuldu”. S.Seyidov bildirib ki, əsrlərdir davam edən xalq-iqtidar arasında olan birliyi, həmrəyliyi hər hansı bir mənfi qüvvə poza bilməz. Çünki Azərbaycanda xalq dövlətinə, dövlət də xalqına arxalanır.
Deputat S.Seyidov Amerika Birləşmiş Ştatlarının rəsmi olaraq Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğal edilməsi faktını tanıdığını da diqqətə çatdırıb. ABŞ Konqresinin Qaydalar Komitəsində Ermənistanın Azərbaycan ərazilərini işğal faktını dövlət səviyyəsində ilk dəfə tanıyan 296 saylı düzəlişi səs çoxluğu ilə qəbul etməsini Azərbaycanın dövlətinin növbəti uğuru kimi qiymətləndirib. Bu düzəlişin qəbul olunmasının Azərbaycan torpaqlarının işğalı faktının tanınmasına, qaçqın və məcburi köçkünlərin problemlərinin dünyada beynəlxalq hüquqi müstəvidə təşkil olunmasına geniş imkanlar açacağını bildirib.
S.Seyidov qeyd edib ki, Azərbaycan bu gün öz qüdrətini təkcə cəbhədə deyil, o cümlədən iqtisadiyyat, məlumat, informasiya nöqteyi-nəzərdən bütün dünyaya sübut edir ki, bu gün də bunun yüksək nəticələrini görürük. Artıq bir çox dövlətlər məhz Azərbaycanın mövqeyini üstün tutur.
S.Seyidov sonda bir daha vurğulayıb ki, bu gün Azərbaycanın gücü də, qüdrəti də, ordusu da, sözü də, ən əsası da gəncliyin imkanı çatır ki, ölkəmizi ən yüksək səviyyədə təmsil edək. Deputat bu yolda bütün gənclərə uğurlar arzulayıb.
Qazax RİH başçısı aparatında baş məsləhətçi Teybə Hüseynova çıxış edərək qeyd edib ki, Tovuz hadisələri və həmin döyüşlərdə torpaqlarımızın ərazi bütövlüyü naminə igid oğullarımızın şəhid olması xəbəri istər Azərbaycanda yaşayan, istərsə də ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızı məyus etdi. Lakin bu hadisə bizi sarsıtmadı və sarsıtmayacaq da... Çünki bizim düşünülmüş, uzaqgörən siyasət yürüdən Prezidentimiz, Ali Baş Komandanımız və onun ətrafında sıx birləşməyi bacaran, xalqımız, ordumuz var. Ölkə başçısı bütün çıxışlarında bizləri hər zaman ruhlandırırsa, Ordumuzun gücünü və qüdrətini fəxrlə, şərəflə dilə gətirirsə, bizlərin də ruhdan düşməyə haqqımız çatmır. Əksinə biz hər birimiz sözümüzlə, əməlimizlə, atdığımız addımlarla ölkə rəhbərinin yanında olmalı və onun yürütdüyü siyasəti bir nəfər kimi dəstəkləməliyik.
T.Hüseynova vurğulayıb ki, Birinci vitse-prezident Mehriban Əliyevanın da söylədiyi kimi, “Biz işğalçı dövlət deyilik, işğalçılarla mübarizə aparan dövlətik”. Ona görə də mübarizə bizim ən böyük silahımız olmaldır. “Bu gün ermənilərin işğalçılıq siyasətinin, məkrli niyyətlərinin, bəd əməllərinin dünyaya çatdırılmasında siz gənclərin üzərinə böyük məsuliyyət düşür”, - deyən T.Hüseynova gəncləri sosial şəbəkələrdə daha aktiv olmağa səsləyib. Ermənilərin iç üzünü göstərən həqiqətlərin xarici dillərdə dünya ictimaiyyətinə çatdırılmasında fəal olmalarını, təkcə döyüş meydanında deyil, söz meydanında da birlik nümayiş etdirmələrini tövsiyə edib.
Deputat köməkçisi Akif Əmirov çıxış edərək Tovuz hadisələrindən, Ordumuzun qazandığı qələbədən, düşmənə vurulan sarsıdıcı zərbədən danışıb. Azərbaycan gəncliyi olaraq hər zaman Ali Baş Komandan İlham Əliyevin və ölkə başçısının “İrəli!” əmrini gözləyən Ordumuzun yanında olduqlarını diqqətə çatdırıb. Qeyd edib ki, bu gün biz gənclər fəxrlə söyləyirik ki, ölkə başçısının da dediyi kimi, “Tovuzda olan bu əməliyyat, son günlər ərzində baş vermiş hərbi toqquşma - bizim növbəti şanlı qələbəmizdir”. A.Əmirov gəncləri son günlər sosial şəbəkələrdə yaradılmış saxta profillərə və həmin profillərdən edilən çağırışlara qarşı daha diqqətli olmağa çağırıb. Hətta, mənfur düşmənimiz olan ermənilərin sosial şəbəkələrdə saxta profil yaradaraq özlərini azərbaycanlı kimi qələmə verərək təxribatyönümlü tədbirlərə çağırışlar etdiyi bir vaxtda ikiqat diqqətli olmağı tövsiyə edib.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev çıxış edərək təşkil olunan konfransı yüksək qiymətləndirib. Gənclər sahəsində fəaliyyət göstərən bir qrum olaraq konfransda səslənən fikirlər barədə mütəmadi olaraq söhbətlər aparıldığını bildirib. Hər zaman olduğu kimi, bundan sonra da dövlətin, dövlət başçısının yanında olmağı bacaran gənclər ordusunun yetişməsi üçün böyük səylə çalışacaqlarını qeyd edib.
Gənclərin Məşvərət şurasının üzvlərindən Fəridə İsgəndərova, Ülvi Zeynalov, Səbinə Camalova, Regional İnkişaf İctimai Birliyinin üzvü Vidadi Nuruyev çıxış edərək konfransın əhəmiyyətindən söz açıblar. Gənclər olaraq ermənilər tərəfindən Tovuzda baş verən hadisələri pislədiklərini, təxribat xarakterli tədbirlərdən uzaq olduqlarını qeyd ediblər. Bu gün güclü, qüdrətli Azərbaycan dövlətinə və onu layiqincə idarə edən ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna arxalandıqlarını dilə gətiriblər. Bu gün Azərbaycanda sağlam əqidəli, düşüncəli gənclər ordusunun yetişdiyini və istənilən sahədə mübarizə aparmağa qadir olduqlarını bildiriblər.
Qazax RİH başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin səlahiyyətlərini müvəqqəti icra edən Gülnar Quluyeva videokonfransa yekun vuraraq bu cür görüşlərin mütəmadi olaraq keçiriləcəyini qeyd edib və sonda gənclərə bir daha uğurlar arzulayıb.