İcra başçısı su-kanalizasiya sistemi çəkilən küçədə və çoxmənzilli yaşayış binalarının həyətində görülən işlərlə tanış olub
Xəbər verdiyimiz kimi, ölkə Prezidenti cənab İlham Əliyevin birbaşa göstərişi, köməyi və qayğısı sayəsində "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazaxda şəhərin içməli su və kanalizasiya sistemi yenidən qurulur. Diqqət çəkən məqamlardan biri isə odur ki, şəhərdə nəinki su-kanalizasiya xətlərinin çəkilişi aparılır, hətta, işin başa çatdırıldığı küçələrdə və çoxmənzilli yaşayış binalarının həyətlərində də abadlıq işləri görülür, yeni asfalt örtüyü vurulur. Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev küçələrinə yeni asfaltın çəkilməsi bu sahədə görülən işlərin əyani göstəricisidir. Bundan əlavə, Murtuz Carçıyev, Əminə Dilbazi, Əliağa Şıxlinski küçələrində yeni bardürlərin düzülməsi və aparılan digər abadlıq işləri rayonda olan quruculuğun bundan sonra da uğurla davam etdirilməsindən xəbər verir.
Şəhərdə Nəriman Nərimanov yaşayış massivində yerləşən binaların həyətində görülən işlər və həmin ərazinin "Abad məhəllə” adı altında bina sakinlərinin ixtiyarına verilməsi artıq hər kəsə yaxşı məlumdur. Şəhərdə belə "Abad məhəllə” lərin sayı isə gündən-günə artır. Hazırda su-kanalizasiya sisteminin çəkilişi yekunlaşan Heydər Əliyev prospektində yerləşən beşmərtəbəli 61A, üçmərtəbəli 63, dördmərtəbəli 65 saylı, Azadlıq küçəsində yerləşən beşmərtəbəli 92 saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən hər biri beşmərtəbəli olan 12 və 14 saylı çoxmənzilli yaşayış binalarının həyətində aparılan abadlıq işləri də bunun bariz nümunəsidir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov 92,12,14 saylı binaların həyətində və yeni bardür düzülən Əliağa Şıxlinski küçəsində görülən işlərin mövcud vəziyyəti ilə maraqlanıb. Görülən işlərlə yerində tanış olan icra başçısı hər bir işin keyfiyyətinə üstünlük verilməsini qeyd edərək aidiyyəti üzrə tapşırıqlarını verib.
Azadlıq küçəsi 92 saylı binanın qarşısı
Azadlıq küçəsi
Ş.Xiyabanı küçəsi 12 saylı binanın qarşısı
Əliağa Şıxlinski küçəsi