Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda mədəniyyət işçilərinin iştirakı ilə videokonfrans keçirilib

24 iyul 2020 | 16:00

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti videokonfrans keçirilib. Mədəniyyət işçilərinin iştirakı ilə keçirilən videokonfransda iyulun 12-dən etibarən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdən, həmin döyüşlər zamanı Azərbaycan Ordusunun düşmənə verdiyi layiqli cavabdan, həmçinin Tovuz rayonunda kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ciddi ziyandan və aradan qaldırılması istiqamətində dövlət tərəfindən görülən işlərdən söhbət açılıb.
Qazax RİH başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin səlahiyyətlərini müvəqqəti icra edən Gülnar Quluyeva giriş sözü ilə çıxış edərək təşkil olunmuş videokonfrasın məqsəd və əhəmiyyətindən danışıb. Qeyd edib ki, son günlər Azərbaycanın dünya dövlətləri arasında siyasi nüfuzunun artması, dövlətimizin qazandığı uğur və nailiyyətlər hər zaman olduğu kimi, bu dəfə də mənfur düşmənlərimizin iç üzünü açıb göstərdi. Həmişə olduğu kimi, bu dəfə də Ermənistan Azərbaycanın güclü dövlət olmasını həzm edə bilmədi. Cənab Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi təşəbbüsü ilə 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun COVID-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə Görüşünün təşkil edilməsi, həmin tədbirdə Qoşulmama Hərəkatına üzv dövlətlərlə yanaşı, BMT-nin Baş Katibi, BMT Baş Assambleyasının Prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələrinin də iştirak etməsi ölkəmiz üçün böyük uğur idi. Xüsusilə də Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etməsi ölkəmiz adına atılan uğurlu addımlardan biri idi. Ən əsası isə həmin təşəbbüsün həm QH ölkələri, həm də digər BMT-yə üzv olan 130-dan çox dövlət tərəfindən dəstəklənməsi ölkəmizin növbəti uğuru oldu. Hər zaman olduğu kimi, bu dəfə də mənfur düşmənlərimiz bu uğuru sinirə bilmədi və öz məkrli niyyətlərini Tovuz hadisələrində aydın şəkildə nümayiş etdirdi. Düşmən pis əməlləri ilə bütün dünyaya bir daha sübut etdi ki, Azərbaycana qarşı həmişə məkrli niyyətləri olub və bunu ilk fürsətdə nümayiş etdirirlər. G.Quluyeva düşmən təxribatı nəticəsində Azərbaycan Ordusunun düşmənə layiqli cavab verməsindən, həmin döyüş zamanı generalımız, polkovnikimiz də daxil olmaqla 12 nəfər hərbçimizin şəhid olduğunu, hərbçilərimizin yaralandığını qeyd edib. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda həmyerlimiz Yuxarı Salahlı kənd sakini mayor Əhmədov Namiq Hajan oğlunun da qəhrəmancasına şəhid olduğunu bildirərək bir daha bütün şəhidlərimizə Allahdan rəhmət diləyib, şəhidlərimizin xatirəsinin hər zaman əziz tutulacağını qeyd edib. G.Quluyeva Tovuz döyüşlərinin təkcə ağır itkilərlə yadda qalmadığını, eyni zamanda, dövlət-xalq, xalq-ordu arasında olan birliyi, həmrəyliyi özündə əks etdirən hadisələrlə də tarixə yazıldığını bildirib. Ordumuzun düşmənə zərbə vurduğu gün minlərlə insanın Şəhidlər xiyabanına toplaşması, ordumuza dəstək olması, əsl birlik nümayiş etdirməsi bir daha onu göstərdi ki, xalq öz dövlətinə və ölkə rəhbərinə arxalanır. İstənilən çətin anda bir yumruq kimi birləşməyi bacarıb və bundan sonra da bacaracaq. G.Quluyeva bildirib ki, iyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclasının keçirilməsi bir daha onu sübut etdi ki, ölkə başçısı hər zaman vətəndaşların təhlükəsizliyini düşünür. Ölkədə baş verən hər hansı bir hadisə şəxsən dövlət başçısının nəzarəti altına alınır və aradan qaldırılması üçün lazımi tədbirlər görülür. G.Quluyeva iyulun 12-dən etibarən Ermənistan Respublikası Silahlı Qüvvələrinin Tovuz rayonu istiqamətində xaincəsinə, qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələrimizi, dinc əhalini iriçaplı silahlardan və ağır artilleriya qurğularından intensiv atəşə tutduğunu bir daha diqqətə çatdırıb. Kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə ciddi ziyan dəydiyini vurğulayıb. Qeyd edib ki, hər zaman olduğu kimi, bu dəfə də Azərbaycan dövləti və ölkə Prezidenti cənab İlham Əliyev öz vətəndaşını çətin anda tək qoymadı, dövlət qayğısını əsirgəmədi, vətəndaşlarının yanında oldu. Dəymiş ziyanın aradan qaldırılması məqsədilə ölkə Prezidenti tərəfindən “Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” 20 iyul 2020-ci il tarixli sərəncamın imzalanması da bunun bariz nümunəsidir.
G.Quluyeva mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın qısa müddətdə qiymətləndirilməsinin aparılması üçün  Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə tapşırıqlar verildiyini qeyd edib. Artıq Azərbaycan Respublikası Prezidentinin sərəncamının icrası ilə bağlı Tovuz rayonunda işlərə başlanıldığını və təcili tədbirlər görüldüyünü vurğulayıb. Bu məqsədlə İşçi Qrupu yaradıldığını, mütəxəssislərin cəlb edildiyini, ekspertlərin dərhal Tovuz rayonuna ezam olunduğunu diqqətə çatdırıb. Bildirib ki, ilkin qiymətləndirmələrə görə, dinc əhaliyə məxsus 35 evin müxtəlif dərəcədə ziyan çəkdiyi müəyyən edilib. İntensiv atəş nəticəsində dövlət əmlakına da zərər dəyib – bu əsasən, kəndlərə çəkilən qaz boruları, elektrik naqilləri, sosial və rabitə infrastrukturudur.
G.Quluyeva qeyd edib ki, dövlətimiz Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşanları, canını fəda edənləri də heç vaxt unutmur, onlara və ailələrinə hər zaman həssaslıqla yanaşır. Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan bütün hərbi qulluqçuların ailələrinin qayğıları öyrənilir və onların həlli istiqamətində addımlar atılır. Dövlət başçısı İlham Əliyevin tapşırığı ilə şəhid general Polad Həşimov və şəhid polkovnik İlqar Mirzəyevin ailəsinə ev verilib. Birinci vitse-prezident Mehriban Əliyeva Tovuz istiqamətində şəhid olan 12 hərbçi ilə bağlı Heydər Əliyev Fonduna tapşırıq verib. Şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğıları daim Fondun nəzarətində olacaq. Artıq Fondun nümayəndələrinin Yuxarı Salahlı kəndində olaraq şəhid mayor Namiq Əhmədovun ailəsinə də baş çəkdiklərini bildirib. Şəhidlərimizlə yanaşı, yaralılarımızın olduğunu və bu gün onlara da dövlət tərəfindən diqqət və qayğı göstərildiyini qeyd edib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən yaralanmış çavuş İsmayılov Səyyar Şərif oğlunun ailəsinə baş çəkməsini, qayğıları ilə maraqlanmasını göstərilən dövlət qayğısının bariz nümunəsi kimi göstərib.
G.Quluyeva çıxışı zamanı qeyd edib ki, 2016-cı ilin Aprel döyüşləri zamanı mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı həmin vaxt aparılan işlərə diqqət yetirsək görərik ki, dövlət hər zaman vətəndaşının yanındadır. Ölkə Prezidenti İlham Əliyevin yeni həyat bəxş etdiyi və "Böyük Qayıdış"ın rəmzinə çevrilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində görülən işlər bir daha onu sübut edir ki, işğaldan azad olunacaq bütün rayonlarımızda, o cümlədən də Qazaxın işğalda olan 7 kəndində yeni qəsəbələr salınacaq, evlər tikiləcək, həyat yenidən bərpa olunacaq. 
G.Quluyeva bildirib ki, Prezident İlham Əliyevin “Erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” 2016-ci il may ayının 2-də imzaladığı sərəncama əsasən, mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Ağdam və Tərtər Rayon İcra Hakimiyyətlərinin hər birinə 3 milyon manat vəsait olmaqla 6 milyon manat vəsait ayrılması bir daha onu göstərdi ki, işğaldan azad olunan torpaqlarda yaşayışı bərpa etmək dövlətin və ölkə rəhbərinin, eləcə də xalqımızın ən böyük arzusudur. Bu arzu, istək sayəsində Tərtər rayonunda ciddi dağıntıya məruz qalmış 4 ev yenidən tikildi, 8 ev bərpa olundu. Həmçinin 19 evdə əsaslı, 231 evdə isə cari təmir işləri aparıldı. Bundan başqa, Tərtər şəhər 6 saylı tam orta və 120 şagird yerlik Qazyan kənd ümumi orta məktəblərində əsaslı təmir işləri görüldü. Ağdam rayonunda 5-i üçotaqlı, 3-ü dördotaqlı olmaqla 8 ev yenidən tikildi, 15 ev tamamilə bərpa olundu, 27 ev əsaslı təmir edildi, 693 evdə cari təmir işləri görüldü. Bundan əlavə, bir məktəb və iki uşaq bağçasında əsaslı təmir işləri həyata keçirildi. Digər işğal altında olan torpaqlarımızda bu cür qəsəbələrin salınacağı, yeni evlərin tikiləcəyi, yaşayışın bərpa olunacağı gün isə çox uzaqda deyil. Bunu Tovuz döyüşləri və rəşadətli Azərbaycan Ordusunun əldə etdiyi qələbə də bir daha sübut etdi ki, həmin gün çox yaxındadır.
Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, Mədəniyyət Mərkəzinin müdiri Zahidə Həsənova, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Solmaz Babanlı, MKS-nin işçisi Elnarə Məmmədova, Tarix Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova, Molla Pənah Vaqif və Molla Vəli Vidadinin ev muzeyinin direktoru Məhruzə Hüseynova çıxış edərək son günlər ölkəmizdə yaşanan vəziyyət və Tovuz hadisələri barədə fikirlərini bölüşüblər. Dövlətin və ölkə rəhbərinin hər zaman vətəndaşların yanında olmasını razılıq və minnətdarlıq hissi ilə qarşıladıqlarını bildiriblər. Tovuz hadisələri zamanı vətəndaşlara dəymiş ziyanın aradan qaldırılması üçün sərəncamın verilməsini, şəhid ailələrinin diqqət mərkəzində saxlanılmalarını dövlət qayğısının bariz nümunəsi kimi qeyd ediblər. Çıxış edənlər bildiriblər ki, minlərlə insanın ordumuza dəstək üçün bir araya gəlməsi, ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin çağırışına səs verən 50 mindən çox insanın yenidən ordu sıralarına yazılması ölkəmizdəki birliyin, həmrəyliyin əyani göstəricisi oldu. Və hər bir Azərbaycan vətəndaşı həmin birliyi özündə əks etdirən görüntüləri qürur hissi ilə izlədi. Bütün dünya dövlətləri də bir daha şahidi oldular ki, Azərbaycan güclü dövlətdir və xalq hər zaman dövlətinə, ölkə rəhbərinə arxalanır.

Keçidlər