Şriftin ölçüsü :

Saytın rəngi :

Kosalar kənd 1 saylı körpələr evi-uşaq bağçasında əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb

25 iyul 2020 | 16:00

Hər kəsə yaxşı məlumdur ki, son illər cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uşaq və yeniyetmələrə, gənclərə göstərilən dövlət qayğısı respublikamızın hər yerində olduğu kimi, Qazaxda da hiss olunmaqdadır. Dövlət başçısının rəhbərliyi ilə bütün bölgələrimizdə yeni-yeni məktəblərin, körpələr evi-uşaq bağçalarının inşa edilməsi isə bir daha sübut edir ki, bu sahə dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.
Ölkə rəhbərinin qayğısı sayəsində bu gün böyük bir tikinti meydançasını xatırladan Qazaxda bütün sahələrlə yanaşı azyaşlı körpələrin sağlam və düzgün böyüməsi, yüksək şəraiti olan bağçalarda tərbiyə olunması istiqamətində də məqsədyönlü işlər görülür. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən bu sahəni daim diqqət mərkəzində saxlamasının nəticəsidir ki, rayonda olan bağçaların tikintisi, eləcə də əsaslı şəkildə təmir olunması istiqamətində görülən işlər geniş vüsət alıb. Rayonda mövcud olan 25 körpələr evi-uşaq bağçasından (6-sı şəhər, 19-u kənd üzrə) 20-nin müasir tələblərə cavab verən səviyyəyə çatdırılması bu sahədə görülən işlərin əyani göstəricisidir.
Ötən yazımızda qeyd etdiyimiz kimi, rayonda təmirə ehtiyacı olan bağçalardan biri də Kosalar kənd 1 saylı körpələr evi-uşaq bağçasıdır ki, artıq bu bağçada da əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov həmin bağçada olub, görülən işlərin mövcud vəziyyəti ilə maraqlanıb.
Rayon rəhbərinə məlumat verilib ki, hazırda bağça binasında söküntü işləri aparılır. Bununla yanaşı tikinti işlərinə də start verilib. Mövcud vəziyyətlə tanış olan icra başçısı görülən işlərin keyfiyyətlə aparılmasını bildirib və bununla bağlı tapşırıqlarını verib.

Keçidlər