Qazaxda maarifləndirmə tədbiri keçirilmişdir
Qazaxda dini maarifləndirmə və mili-mənəvi dəyərlərin təbliği işinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Radikalizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərin qorunması” layihəsi çərçivəsində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə maarifləndirmə tədbiri keçirilmişdir. Rayonun 2 saylı Daş Salahlı kənd tam orta məktəbində keçirilən tədbiri Qazax rayonu İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Məhəmməd Orucov açmış və dövlət başçısı İlham Əliyevin dini icmalara, dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə qayğısı kimi qiymətləndirmişdir. Bildirmişdir ki, Prezidentin bu qərarı dini icmaların fəaliyyətində aktivlik yaradacaq, layihələr çərçivəsində keçirilən tədbirlərdə cəmiyyəti narahat edən mənfi halların aradan qaldırılması üçün səy göstərəcək, İslam dini və milli-mənəvi dəyərlərimizin, adət-ənələrimizin qorunması istiqamətində atılan bu təqdirəlayiq addım öz bəhrəsini verəcəkdir.
Keçirilən tədbirdə çıxış edən Azərbaycan Respublikasınin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qərb bölgəsi üzrə şöbə müdiri Eldəniz Vəliyev, Rayon Prokurorunun müavini Rafael Həsənov, DTX-nin rayon şöbəsinin baş əməliyyat müvəkkili Müşviq Mürsəlov, QMİ-nin Qərb bölgəsi üzrə qazisi İlham Süleymanov, Daş Salahlı kənd “İslam” Məscidi Dini İcmasının sədri İslam Əliyev və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qərb bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Vüqar Əliyev və başqa natiqlər radikalizmin fəsadlarından, onun cəmiyyətə vura biləcəyi zərbələrin acı nəticələrindən danışmışlar. Qeyd edilib ki, qloballaşan dünyamızda son zamanlar baş verən əksər münaqişələrin əsas səbəbi radikalizm, ektremizm, məzhəb təəssübkeşliyi və ayrı-seçkiliyidir. Bildirilib ki, bu cür hadisələrin yaranmaması üçün xalqı maarifləndirmək, insanlar arasında tolerantlıq mədəniyyətini, birgə yaşayış ənənəsini daha da inkişaf etdirməyə böyük ehtiyac var. Tədbirdə vurğulanıb ki, gənc nəslin dini və milli əxlaqi dəyərlərimizə yad olan radikal təriqətlərin təsirindən qorumaq məsuliyyəti bütün cəmiyyətin üzərinə düşür. Gənclərin ekstremist təmayüllü dini cərəyanlara qoşulmaması üçün mili-mənəvi dəyərlərə söykənən həqiqi dini dəyərlərlə, dövlətinə bağlı, sədaqətli, vətənpərvər tərbiyə olunması önəmlidir.
Tədbirdə çıxış edənlər ölkəmizdə tolerantlığın inkişafı, multikultural həyat tərzi, dinlər və məzhəblərarası münasibətlərin yüksək dostluq şəraitində inkişafına göstərilən diqqət və qayğıdan da danışmışlar.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.