Qazaxda bağça müdirlərinin və valideynlərin iştirakı ilə videokonfrans keçirilib
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda şəhər və kəndlər üzrə fəaliyyət göstərən bağça müdirlərinin, bağçalardakı valideyn komitələrinin üzvlərinin iştirakı ilə videokonfrans keçirilib.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Teybə Hüseynova giriş sözü ilə çıxış edərək videokonfrans iştirakçılarını salamlayıb, qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə rayon rəhbərliyinin adından təbrik edib, səmimi arzularını çatdırıb. Təşkil olunmuş videokonfransın məqsəd və əhəmiyyətindən danışan T.Hüseynova qeyd edib ki, onlayn görüşün məqsədi dünyanı bürüyən koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə, tapşırıqlarına əsasən görülmüş işlərdən, xüsusi karantin rejimi qaydalarına necə riayət olunmasından, bu istiqamətdə həyata keçirilən tədbirlərdən söz açmaqdır. Bildirib ki, Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə pandemiya ilə mübarizə sahəsində bu günə kimi həyata keçirilən işlərin nəticəsidir ki, artıq sağalanların sayı yoluxanların sayını hiss olunacaq dərəcədə üstələyib. Bu, ölkə başçısının birbaşa rəhbərliyi altında dövlətimiz tərəfindən vətəndaşların sağlamlığının qorunması istiqamətində görülən ardıcıl işlərin nəticəsidir. Vətəndaşların sağlamlığı naminə ölkəmizdə elan olunan xüsusi karantin rejimi qaydalarına əməl olunmasının göstəricisidir ki, bu gün Azərbaycanda pandemiya ilə mübarizədə uğurlu nəticələr əldə edirik. T.Hüseynova qeyd edib ki, bundan sonra da hər birimiz pandemiya ilə mübarizə sahəsində görülən işlərə dəstək olmalı, verilən tapşırıq və tövsiyələrdən bir daha nəticə çıxarmalı, ən əsası da ümumrespublika işində hər kəs səfərbər olmalıdır. Bunun üçün kütləvi tədbirlərdə, xüsusilə də yas mərasimlərində iştirak etməkdən çəkinməli, xüsusi karantin rejimi qaydalarına ciddi şəkildə əməl edilməli və ətrafımızda olan insanlarla da bu barədə maarifləndirici söhbətlər aparılmalıdır.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun uşaqlara olan qayğısından söz açan T.Hüseynova rayon rəhbərliyinin daim uşaqlarla maraqlandığını, valideynlərlə əlaqə saxlanılması, uşaqların əhval-ruhiyyəsi ilə maraqlanılması istiqamətində hər zaman söhbətlər apardığını qeyd edib. Bildirib ki, rayon rəhbərinin körpə fidanlara olan qayğısının bariz nümunəsi bu gün rayonda mövcud olan 25 uşaq bağçasından 20-sinin müasir standartlara cavab verən səviyyədə olmasıdır. T.Hüseynova pandemiya dövrü olmasına baxmayaraq rayon rəhbərinin qayğısı sayəsində bu il də təmirə ehtiyacı olan bağçalardan ikisində təmir və tikinti işlərinə start verildiyini diqqətə çatdırıb. Kosalar kənd 1 saylı körpələr evi-uşaq bağçasında əsaslı təmir və yenidənqurma işlərinə başlanılmasını, Daş Salahlı kənd 1 saylı körpələr evi-uşaq bağçası üçün 55 yerlik yeni binanın inşa olunmasını dövlətin uşaqlara olan növbəti qayğısı kimi göstərib.
T.Hüseynova bağçalarda məktəbəqədər hazırlıq qrupuna gələn 5 yaşlı uşaqlar barədə də fikirlərini bildirib. 2015-ci il dekabrın 31-dək 5 yaşı tamam olan uşaqların birmənalı şəkildə məktəblərə cəlb olunmasını, məktəblərdə təşkil olunan məktəbəqədər hazırlıq qruplarına qeydiyyatdan keçmələrini, bağçadan ayrılan uşaqların yerinə isə növbədə olan uşaqların götürülməsini qeyd edib. Bağça müdirlərinin bununla bağlı valideynlərlə əlaqə saxlamalarını və məlumat vermələrini bildirib.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyeva çıxış edərək videokonfrans iştirakçılarını salamlayıb, son günlər ölkəmizdə baş verən hadisələrdən söz açıb. G.Quluyeva Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən şəhid olan igid Vətən oğullarına Allahdan rəhmət diləyib, yaralı hərbçilərimizə tez bir zamanda sağalıb yenidən ordu sıralarına qayıtmağı arzulayıb. Tovuz döyüşlərində həmyerlimiz Yuxarı Salahlı kənd sakini, mayor Əhmədov Namiq Hajan oğlunun da qəhrəmancasına şəhid olduğunu diqqətə çatdıraraq bütün şəhidlərimizin, eləcə də Namiq Əhmədovun əziz xatirəsinin daim yad olunacağını bir daha dilə gətirib. G.Quluyeva qeyd edib ki, Tovuz hadisələri bir daha sübut etdi ki, mənfur düşmən hər zaman azərbaycanlılara qarşı məkrli niyyətdə olub. Həmin təxribat nəticəsində kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə ciddi ziyan dəydi. Həmişə olduğu kimi, bu dəfə də Azərbaycan dövləti öz vətəndaşının yanında oldu. "Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Respublika Prezidenti İlham Əliyevin 20 iyul 2020-ci il tarixli sərəncamı bir daha onu göstərdi ki, ölkə başçısı, Ali Baş Komandan həmişə vətəndaşının çətin anında onun yanında olur, qayğısını əsirgəmir.
Daş Salahlı kənd 1 saylı körpələr evi-uşaq bağçasının müdiri Təranə Sultanova çıxış edərək yeni bağça binasının tikintisi xəbərinə sevindiklərini qeyd edib. Digər kənd bağçaları kimi, bu bağça üçün də yeni binanın inşa olunmasını dövlət tərəfindən uşaqlara olan qayğının əyani təzahürü kimi qiymətləndirib. Yeni bağça binasının tikintisinə görə "Qazax Sement Zavodu” MMC-nin kollektivinə və rayon rəhbərliyinə işçilər, valideynlər, bütün kənd sakinləri adından bir daha dərin təşəkkürlərini çatdırıb.
Kosalar kənd 1 saylı körpələr evi-uşaq bağçasının müdiri Şəfaqət Musayeva uzun illərdir ki, təmir olunmayan bağçanın yenidən qurulması xəbərini tərbiyəçilərin, valideynlərin, eləcə də uşaqların böyük sevinc hissi ilə qarşıladıqlarını qeyd edib. Bağçanın təmir olunmasına görə rəhbərlik etdiyi kollektiv adından ölkə başçısı İlham Əliyevə və rayon rəhbərliyinə dərin minnətdarlığını bildirib.
Şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri Gülnar Qocayeva çıxış edərək son günlər Tovuzda baş verən hadisələri bu gün də ürək ağrısı ilə qəbul etdiklərini söyləyib. İyul və ya Tovuz döyüşlərinin ölkə başçısının da söylədiyi kimi, növbəti tarixi qələbəmiz olduğunu vurğulayıb. 5 aydan artıqdır ki, ölkəmizdə dövlət başçısının və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında pandemiya ilə mübarizə sahəsində görülən işlərdən danışan bağça müdiri bir vətəndaş olaraq həmin tədbirləri yüksək qiymətləndirib və razılığını ifadə edib. Pandemiya dövründə mütəmadi olaraq valieynlərin və uşaqların iştirakı ilə onlayn görüşlərin təşkil olunduğunu bildirib. Hər görüşdə də xüsusi karantin rejimi qaydalarına əməl olunması, bu virusla mübarizənin hər bir vətəndaşın borcu olması haqqında maarifləndirici söhbətlər aparıldığını diqqətə çatdırıb.
Valideynlərdən Əzizə Həsənova, Sevinc Mahmudova çıxış edərək rayon rəhbərliyi tərəfindən uşaqlara göstərilən diqqət və qayğıya görə bir daha minnətdarlıqlarını bildiriblər. Bugünkü videokonfransı həmin qayğının bariz nümunəsi kimi qeyd ediblər. Bağçadakı kimi olmasa belə yenə də ev şəraitində uşaqları məktəbəqədər təhsilə hazırladıqlarını vurğulayıblar. Xüsusi karantin rejimi dövründə pandemiya qaydalarına uyğun olaraq uşaqları mümkün qədər ətrafdan təcrid etməyə, onların sağlamlıqlarını qorumağa çalışdıqlarını qeyd ediblər. Uşaqların öz bağçaları üçün çox darıxdıqlarını dilə gətiriblər.
İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçasının müdiri Lalə Qurbanova da çıxış edərək fikirlərini bölüşüb. Pandemiya dövrü olmasına baxmayaraq bu gün də bağçaya müraciət edənlərin sayının çox olduğunu söyləyib. O, da öz növbəsində xüsusi karantin rejimi qaydalarına ciddi şəkildə əməl olunması üçün verilən tapşırıq və tövsiyələrin birmənalı şəkildə yerinə yetirilməsinin vacib olduğunu bildirib.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Teybə Hüseynova videokonfransa yekun vuraraq tez bir zamanda pandemiya dövrünün bitməsini və bu cür görüşlərin bağçalarda keçirilməsini, körpə fidanların doğma bağçalarına qayıtmasını arzulayıb.