Qazaxdan olan şəhid hərbiçilərimiz son mənzilə yola salınıb
Azərbaycan Ordusunun düşmənlə təmas xəttində gedən döyüşlərdə şəhid olan zabitlərimiz – mayor Orucov Mühit Qurban oğlu və baş leytenant Namazov Elvin Məmməd oğlu doğulduqları Qazax rayonunun Yuxarı Salahlı və Fərəhli kəndlərindəki məzarlıqda torpağa tapşırılıb.
Dəfn mərasimində Müdafiyə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Qazax rayonu İcra Hakimiyyətinin rəhbərliyi, Rayonun Hüquq Mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilatların əmək kollektivləri, minlərlə rayon sakini ilə yanaşı, hər iki şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri də iştirak ediblər.
Mərasimdə çıxış edənlər qüdrətli Azərbaycan Ordusunun düşmənə hər an tutarlı zərbə vurmağa hazır olduğunu, şəhidlərimizin qanının yerdə qalmayacağını, ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək onun əmrini gözlədiklərini bildirmişlər. Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı səsləndirilib, şəhid zabitlər yaylım atəşi altında son mənzilə yola salınıblar. Şəhidlərin tabutlarına bürünmüş Azərbaycan Bayrağı onların atalarına təqdim edilib.
Mərasimdə şəhid ataları Qurban Orucov və Məmməd Namazov övladları ilə fəxr etdiklərini bildiriblər. Onlar Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyiblər.