İcra başçısı şəhərdə su-kanalizasiya sisteminin çəkilişi aparılan ərazilərdə görülmüş işlərin mövcud vəziyyəti ilə tanış olub
Respublika Prezidenti cənab İlham Əliyevin birbaşa göstərişi, diqqət və qayğısı sayəsində "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazaxda şəhərin içməli su və kanalizasiya sisteminin yenidən qurulması uğurla davam etdirilir. Ən əsası da şəhərdə nəinki su və kanalizasiya xətlərinin çəkilişi aparılır, eyni zamanda işlərin başa çatdırıldığı küçələrdə abadlıq işləri görülür. Həyata keçirilən işlər sayəsində küçələrə yeni asfalt vurulur, çoxmərtəbəli binaların həyəti "Abad məhəllə” adı altında sakinlərin istifadəsinə verilir.
Yeni asfalt örtüyü vurulan Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif küçələri, eləcə də yeni asfalt döşənəcək Əliağa Şıxlinski küçəsində görülən işlər bu dediklərimizin əyani sübutudur.
Şəhərdə küçələrlə yanaşı, Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən 92 saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı çoxmənzilli yaşayış binalarının həyətində aparılan quruculuq işləri rayonda "Abad məhəllə”lərin sayının gündən-günə artmasından xəbər verir.
Hər kəsə o da yaxşı məlumdur ki, rayon rəhbərliyi tərəfindən su-kanalizasiya sisteminin yenidən qurulması zamanı tikinti-quraşdırma işlərinin layihə üzrə düzgün aparılmasına ciddi nəzarət edilir. Belə ki, çəkiliş aparılan küçələrə yerində baxılır və işlərin keyfiyyəti ilə maraqlanılır.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi layihəsinin layihə rəhbəri Sədi Namazov və digər aidiyyəti şəxslərlə birlikdə şəhərdə su-kanalizasiya sisteminin çəkilişi aparılan ərazilərdə görülmüş işlərin mövcud vəziyyəti ilə maraqlanıb.
Daha sonra icra başçısı rayonda aparılan quruculuq işləri ilə də tanış olub. Rayon rəhbəri istər su, istərsə də kanalizasiya sisteminin layihədə nəzərdə tutulduğu kimi həyata keçirilməsini, görülən bütün işlərin günün tələbləri səviyyəsində qurulmasını vurğulayaraq bir daha tapşırıq və tövsiyələrini verib.