İcra başçısı səhiyyə müəssisələrinin rəhbələrinə bir daha ciddi xəbərdarlıq edib
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov son günlər səhiyyə sahəsində baş verənlər, sosial şəbəkələrdə səslənən fikirlər haqqında öz iradlarını bildirib, bununla bağlı səhiyyə müəssisələrinin rəhbərlərinə bir daha ciddi şəkildə xəbərdarlıq edib.
İcra başçısı qeyd edib ki, respublikamızın hər yerində olduğu kimi, Qazax səhiyyəsinə də dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir. Göstərilən dövlət qayğısının ən bariz nümunəsi də bu il martın 3-də ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olan Rayon Mərkəzi Xəstəxanasıdır. Rayon rəhbəri bildirib ki, Respublika Prezidenti İlham Əliyev tərəfindən istər səhiyyə sahəsinə göstərilən diqqət və qayğının, istərsə də dövlət başçısının rəhbərliyi altında ölkəmizdə Pandemiya ilə mübarizə sahəsində həyata keçirilən işlərin müqabilində bu sahədə neqativ halların baş verməsi birmənalı şəkildə yolverilməzdir.
Rayon rəhbəri dövlət başçısının bütün sahələrdə şəffaflığın təmin olunması, xüsusilə də rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə sahəsində məqsədyönlü işlərin görülməsi istiqamətində verdiyi tapşırıq və tövsiyələrin son illər Qazax rayonunda da birmənalı şəkildə icra olunduğunu bir daha bildirib. Bu sahənin daim diqqət mərkəzində saxlanıldığını qeyd edib. Son günlər "Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi, rayon Doğum evində baş verən xoşagəlməz neqativ halların rayonda səhiyyə sahəsində olan şəffaflığa kölgə saldığını vurğulayıb. Rayon rəhbəri bu cür halların hüquq-mühafizə orqanlarının rəhbərləri tərəfindən də daim nəzarətdə saxlanıldığını və lazımi tədbirlərin görüləcəyini diqqətə çatdırıb.
İcra başçısı son günlər sosial şəbəkələrdə Qazaxda Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında (TTTYS) şəraitin olmaması ilə bağlı yayılmış video və tibb işçisinin o cür çıxış etməsini rayon səhiyyəsinin adına yaraşmayan hal olduğunu bildirib. Ölkəmizdə yaşanan çətin bir vəziyyətdə, koronavirus (COVID-19) pandemiyası ilə mübarizə aparıldığı bir vaxtda Qazax səhiyyəsinin adına kölgə salacaq bu cür paylaşımın edilməsini xoşagəlməz hal kimi qiymətləndirib. İcra başçısı bildirib ki, səhiyyə sahəsində çalışan hər bir işçi bilməlidir ki, atdığı addımla, etdiyi hər hansı bir hərəkətlə rayon səhiyyəsinin adına ləkə gətirmiş olur. Xüsusən də rayonda rüşvətxorluğa və korrupsiyaya qarşı barışmaz mövqe nümayiş olunduğu bir vaxtda hər kəs bu işə dəstək olmalı, verilən tapşırıq və tövsiyələrdən nəticə çıxarmalı, ən əsası da ümumrespublika işində hər kəs səfərbər olmalıdır.
Qazax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədova, Qazax Müalicə Diaqnostika Mərkəzi Publik Hüquqi Şəxsin direktoru Kamandar İbrahimov, Qazax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Qazax Təcili Tibbi Yardım Stansiyasının şöbə müdiri, baş həkim əvəzi Əmirxan Mamedov, "Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi, rayon Uşaq Xəstəxanasının baş həkimi Üzeyir Vəliyev, "Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi, rayon Doğum evinin həkimi, mama-ginekoloq Diləfruz Cəfərova və başqaları son günlər istər Doğum evində baş verən neqativ halların, istərsə də Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası barədə sosial şəbəkələrdə yayılmış videoların, səslənən fikirlərin, ümumilikdə Qazax səhiyyəsi haqqında formalaşan mənfi fikirlərin heç də yaxşı hal olmadığını bildiriblər. Bu cür halların təkrarlanmaması üçün bildirilən iradlardan, verilən tapşırıq və tövsiyələrdən hər bir səhiyyə işçisinin nəticə çıxarmalı olduğunu qeyd ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sonda hər bir səhiyyə müəssisəsinin rəhbərinə öz işlərində dönüş yaratmalarını bildirərək bir daha ciddi şəkildə xəbərdarlıq edib.