Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda su-kanalizasiya sisteminin çəkilişi ilə yanaşı, abadlıq işləri də aparılır

07 avqust 2020 | 16:00

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında son illər regionların sosial-iqtisadi inkişafına dair qəbul edilmiş çoxsaylı Dövlət Proqramlarının uğurlu icrası nəticəsində bölgələrimizdə aparılan abadlıq-quruculuq işləri Qazax rayonunda da geniş vüsət alıb.
Hazırda ölkə rəhbərinin birbaşa göstərişi, diqqət və qayğısı sayəsində rayonda ən böyük layihələrdən biri – şəhərin içməli su və kanalizasiya sisteminin yenidən qurulması layihəsi uğurla icra olunmaqdadır. "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən şəhərdə nəinki su və kanalizasiya xətlərinin çəkilişi aparılır, eləcə də işlərin başa çatdırıldığı küçələrdə abadlıq işləri görülür, küçələrə yeni asfalt vurulur, səkilərə bardürlər düzülür, tamet döşənir, çoxmərtəbəli yaşayış binalarının həyəti "Abad məhəllə” kimi sakinlərə təqdim olunur.
Rayon rəhbərliyi tərəfindən su-kanalizasiya sisteminin yenidən qurulması zamanı tikinti-quraşdırma işlərinin layihə üzrə düzgün aparılmasına da ciddi nəzarət edilir. Belə ki, çəkiliş aparılan küçələrə yerində baxılır və işlərin keyfiyyəti ilə maraqlanılır.
Bu gün də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-də Tikinti direktorunun müavini Fəqani Əkbərov və digər aidiyyəti şəxslərlə birlikdə şəhərdə su-kanalizasiya sisteminin çəkilişi, eləcə də abadlıq işləri aparılan ərazilərdə olub, görülmüş işlərin mövcud vəziyyəti ilə maraqlanıb. Bütün işlərin günün tələbləri səviyyəsində yerinə yetirilməsini, keyfiyyətə üstünlük verilməsini qeyd edən icra başçısı müvafiq tapşırıq və tövsiyələrini verib.
Məlumat üçün onu da qeyd edək ki, artıq su-kanalizasiya sisteminin çəkilişi başa çatan Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif küçələrinə yeni asfalt vurulub. Əliağa Şıxlinski küçəsində isə bu istiqamətdə görülən işlər davam edir. Həmçinin, Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən 92 saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı çoxmənzilli yaşayış binalarının həyətində quruculuq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilib.

Keçidlər