Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax rayonunda məcburi köçkünlər üçün yeni yaşayış kompleksi istifadəyə verilmişdir

19 aprel 2016 | 16:00

Bu gün cəbhə bölgəsində yerləşən Qazax rayonunda sözün həqiqi mənasında, yüksək əhval-ruhiyyə, xoş ovqat yaşanır. Dövlət başçısının müdrikliyinə qəlbən inanan, Milli Ordumuzun şücaətinə arxalanan qazaxlılar indi böyük sevinc içərisindədirlər. Bu sevincdən isə kəndləri işğal altında olan,  artıq neçə illərdir ki, məcburi köçkün kimi rayon ərazisindəki müxtəlif obyektlərdə müvəqqəti məskunlaşan soydaşlarımıza daha çox pay düşür. Belə ki, onlar bu günlər rayonun Qazaxbəyli kəndində məcburi köçkünlər üçün salınmış 304 ailəlik müasir tipli qəsəbədən aldıqları və artıq köç edərək məskunlaşdıqları mənzillərin sevincini yaşayırlar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə hər il minlərlə məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılır. Torpaqlarımızın işğaldan azad edilməsinin, məcburi köçkünlərin doğma ocaqlarına qaytarılmasının, buna qədər isə onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasının ölkəmizin qarşısında duran prioritet məsələ olduğunu daim diqqətə çatdıran dövlətimizin başçısı qaçqın və məcburi köçkünlərin problemlərinin həllini müntəzəm diqqət mərkəzində saxlayır və bu məqsədlə qarşıya konkret vəzifələr qoyur. Bu vəzifələrin yüksək səviyyədə həlli istiqamətində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi strategiya, həmçinin dövlətimizin başçısının qaçqınlara və məcburi köçkünlərə diqqət və qayğısından irəli gələn tapşırıqlar vaxtından əvvəl və keyfiyyətlə yerinə yetirilir.
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na 2011-ci il 21 fevral tarixli Sərəncamla edilmiş “Əlavələr”in 1.7-ci bəndinin icrası ilə əlaqədar olaraq sərhəd bölgəsi olan Qazax rayonu ərazisində müvəqqəti məskunlaşan məcburi köçkün ailələri üçün rayonun Qazaxbəyli kəndinin səfalı guşəsində geniş bir ərazini əhatə edən, bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə salınmış və artıq öz sakinlərini qəbul edən şəhərcik də yuxarıda deyilənlərin bariz nümunəsidir.
Layihəyə uyğun olaraq, ərazidə 10 dördmərtəbəli, 304 mənzilli bina tikilib. Binalarda 52 birotaqlı, 156 ikiotaqlı, 88 üçotaqlı, 8 dördotaqlı mənzillər var. Ərazidə bundan əlavə 220 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, tibb məntəqəsi, ATS binası və klub-icma mərkəzi üçün də binalar tikilib. Yaşayış kompleksi qaz, su, müasir istilik sistemi və elektrik ilə tam təchiz olunub, hərtərəfli abadlıq və 3,6 hektarı əhatə edən ərazidə yaşıllaşdırma işləri aparılıb. Yaşayış binasının tikintisinə 2015-ci ilin aprelində başlanılıb və dekabrında tam başa çatdırılıb.
Yeni məhəlləyə köçürülən məcburi köçkünlər yaradılan bu şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevə dərin minnətdarlıqlarını bildirirlər. Onlar Azərbaycan Prezidentinə arxalandıqlarını, dövlətimizin başçısının müdrik, qətiyyətli siyasəti nəticəsində tezliklə işğal altındakı bütün torpaqlarımızın azad ediləcəyinə inandıqlarını söyləyirlər.

Keçidlər