Şriftin ölçüsü :

Saytın rəngi :

Şahnabat Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün yeni binanın tikintisi davam etdirilir

12 avqust 2020 | 16:00

Bu gün tam əminliklə söyləyə bilərik ki, son illər ölkə Prezidenti cənab İlham Əliyevin “Neft kapitalını insan kapitalına çevirək” ideyası artıq dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Dövlət başçısının rəhbərliyi altında ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər də deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək istəyir. Azərbaycanda təhsil sahəsinə olan yüksək dövlət qayğısının nəticəsidir ki, ölkə rəhbərinin respublikamızın hər yerində məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı sərəncam və tapşırıqlarına uyğun olaraq yüzlərlə məktəb binası tikilir və ya təmir olunur.
Azərbaycanda təhsil sahəsinin inkişaf etdirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da xidmətləri danılmazdır. Mehriban xanımın rəhbərliyi altında Fondun həyata keçirdiyi “Yeniləşən Azərbaycana yeni məktəb” və “Təhsilə dəstək” layihələri çərçivəsində ölkə üzrə yüzlərlə orta məktəb binalarının tikilməsi, təmirə ehtiyacı olan məktəb binalarının əsaslı şəkildə yenidən qurulması dediklərimizin bariz nümunəsidir.
Bu gün sevindirici haldır ki, ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın respublikamızda təhsil sahəsinə göstərdiyi diqqət və qayğısı Qazax rayonunda da hiss olunur. Rayonda dövlət tərəfindən təhsil sahəsinə olan qayğının əyani sübutu da "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin və ya tikintisinin salınmasıdır. Heydər Əliyev Fondu tərəfindən reallaşan "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində respublikamızın hər yerində olduğu kimi, Qazaxda da yeni məktəb binaları inşa olunur.
Dövlət Proqramında tikintisi nəzərdə tutulan Şahnabat Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün Heydər Əliyev Fondu tərəfindən həmin məktəbin həyətində 220 şagird yerlik yeni bina inşa olunur ki, bu da dövlətin təhsil sahəsinə olan növbəti qayğısıdır. 
1967-ci ildən əsası qoyulan kənd məktəbi üçün yeni inşa edilən məktəb binasında şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılacaq. Yanvar ayından tikintisinə başlanılan məktəb binası zirzəmisi olmaqla 2 mərtəbədən ibarət olacaq. Məktəbdə həcmi 25 kubmetr olan içməli su anbarı, həcmi 100 kubmetr olan yanğından mühafizə üçün su anbarı, su nasosu stansiyası, qazanxana, idman zalı, akt zalı, yeməkxana və oyun meydançası da inşa ediləcək.
Hazırda məktəb tikintisi sürətlə davam etdirilir. Artıq birinci və ikinci mərtəbələrdə, eləcə də idman zalında əsas işlər başa çatıb. İkinci mərtəbənin hörgü işləri yekunlaşır ki, burada artıq suvaq və beton işlərinə başlanılacaq. Beton işi başa çatdıqdan sonra da məktəb binasının dam örtüyü vurulacaq. Digər yardımçı binalarda da işlər eyni qaydada davam etdirilir.
Məktəbin müəllim-şagird kollektivi, valideynlər, kənd sakinləri yeni binanın inşasına görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya bu gün də minnətdarlıqlarını bildirirlər.
Məlumat üçün onu da qeyd edək ki, rayonda Sarıvəlli kənd tam orta məktəbin tikintisi ilə yanaşı, Təhsil Nazirliyi tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni bina tikilir. Heydər Əliyev Fondu tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbi isə əsaslı şəkildə yenidən qurulub.

Keçidlər