Qazaxda taxıl biçini başa çatıb
Hər kəsə yaxşı məlumdur ki, Azərbaycanda əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir. Kənd təsərrüfatının əsasını təşkil edən taxılçılıq bu sahədə mühüm yer tutur. Çünki taxılçılıq əhalinin çörək və çörək məmulatlarına olan tələbatını ödəməklə yanaşı, heyvandarlığın qüvvəli və qaba yemə olan tələbatının ödənilməsində də böyük rol oynayır.
Taxılçılığın inkişafı dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılır. Bunu son illər Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə kənd təsərrüfatında böyük çəkiyə malik olan taxılçılığın inkişaf etdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü işlərdən də görmək olur. Prezidentin qayğısı sayəsində bu sahənin inkişafı ilə bağlı dövlət tərəfindən torpaq mülkiyyətçilərinə verilən əlavə subsidiyalar, aparılan tədbirlər, yeni torpaq sahələrinin dövriyyəyə qatılması ölkədə taxılçılığın ilbəil genişlənməsinə gətirib çıxarır.
Dövlət başçısının taxılçılığın inkişaf etdirilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələr, verdiyi tapşırıq və tövsiyələr son illər Qazaxda da uğurla icra olunur. Belə ki, dövlət və rayon rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğını, hər cür dəstəyi hiss edən, texnika və digər ləvazimatlarla təmin olunan fermerlər, kənd adamları rayonda taxılçılığın inkişafı üçün bu sahəyə marağı ildən-ilə artırırlar.
Qeyd edək ki, cari ildə Qazaxda 11 min 395 hektar sahədə taxıl əkilmişdir. Bunun 6916 hektarı buğda, 4479 hektarı arpa olmuşdur. Artıq taxıl biçini başa çatmışdır. Rayon Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, orta məhsuldarlıq 33,8 sentner olmuşdur ki, bu da keçən ilkindən çoxdur.
Sabir ƏLİYEV,
"Azərbaycan” qəzetinin bölgə müxbiri
13 avqust 2020-ci il