Şriftin ölçüsü :

Saytın rəngi :

Məhərrəm ayında pandemiya dövrünün tələblərinə ciddi şəkildə əməl etməyənlərə qarşı lazımi tədbirlər görüləcək

18 avqust 2020 | 16:00

Hər kəsə yaxşı məlumdur ki, avqustun 21-də Hicri təqviminə əsasən Məhərrəm ayı başlayır. Məhərrəm ayı ilə əlaqədar hər zaman ölkəmizdə dini mərasimlər keçirilib. Lakin hazırda dünyanı bürüyən COVID-19 pandemiyası ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi və təlimatı əsasında əksər ölkələrdə bir sıra kütləvi tədbirlərin, eləcə də dini ayin və mərasimlərin keçirilməsi təxirə salınıb. Bir sıra müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da Məhərrəm ayında pandemiya dövrünün tələblərinə ciddi şəkildə əməl olunmasına böyük önəm verilir. Ölkəmizdəki hazırkı epidemioloji vəziyyətə uyğun olaraq Məhərrəm ayı ilə əlaqədar kütləviliyə yol verilməməsi vətəndaşlardan xahiş olunur.
Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənovanın, Qazax RİH başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Adil Vəliyevin, Qazax RİH başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsində müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ceyhun Rüstəmovun, şöbənin baş məsləhətçisi Gülnar Quluyevanın, Qafqaz Müsəlmanları İdarəsinin Qazax bölgəsi üzrə qazısı, Qazax “Cümə” məscidinin imamı İlham Süleymanovun, rayonda fəaliyyət göstərən icma sədrləri və dini ayinlərin icraçılarının iştirakı ilə bu mövzu müzakirə olunub.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən respubikamızda koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, qaşıdan gələn Məhərrəm ayında, habelə yas məclislərində Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qaydalara ciddi şəkildə riayət olunmalıdır.
Qazax RİH başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Adil Vəliyev Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə yaşayış məntəqələri üzrə tərkibində bir nəfər Daxili İşlər Nazirliyinin əməkdaşı olmaqla, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının, RİHB-nin İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərin, bələdiyyələrin və digər qurumların nümayəndələrindən ibarət yaradılmış mobil qrupların fəaliyyətindən danışıb. A.Vəliyev koronavirus infeksiyası ilə mübarizə məqsədilə yaradılmış həmin mobil qruplar tərəfindən rayonun bütün ərazilərində Məhərrəm ayında “Aşura” mərasimləri ilə bağlı reydlər keçiriləcəyini, xüsusi karantin rejimi qaydalarını pozaraq ziyarətgahlarda, qəbiristanlıqlarda, eləcə də evlərdə dini mərasim təşkil edən və bu mərasimlərdə kütləvi şəkildə toplaşanlar barəsində qanunamüvafiq cəza tədbirləri görüləcəyini bildirib.
Qazax RİHB aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsində müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ceyhun Rüstəmov, Qafqaz Müsəlmanları İdarəsinin Qazax bölgəsi üzrə qazısı, Qazax “Cümə” məscidinin imamı İlham Süleymanov, dini icma sədrlərindən Sahilə Orucova rayonda dini durumun tam sabit olduğunu, bu sahədə heç bir problemin olmadığını, dindarların ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirləri dəstəklədiklərini bildiriblər. Ölkəmizin əmin-amanlığı və torpaqlarımızın işğaldan azad olunması, dünyanı bürüyən COVID-19 bəlasının tez bir zamanda yox olması üçün dualar etdiklərini qeyd ediblər. Qeyd olunub ki, son günlər ölkəmizdə koronavirus infeksiyasına yoluxma hallarının sayında, xəstəliyin yayılma dinamikasında azalma, ölkə üzrə xüsusi karantin rejimində bəzi yumşalma halları bizi arxayınlaşdırmamalıdır. Bunun üçün Məhərrəm ayında da xüsusi karantin rejimi qaydalarına ciddi şəkildə əməl etməyin vacibliyi bir daha vurğulanıb.

Keçidlər