Qazax Rayon İcra Hakimiyyəti və “PAŞA Holding” MMC birgə növbəti sosial aksiya həyata keçiriblər
Ölkəmizdə koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə hazırda davam edən xüsusi karantin rejimi ilə əlaqədar Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında qabaqlayıcı tədbirlərin həyata keçirilməsi bu gün də davam etdirilir. Xüsusilə də aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onlara maddi və mənəvi dəstək göstərilməsi istiqamətində bütün imkanlardan istifadə olunur.
Dövlət başçısı İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışına əsasən, növbəti belə bir tədbir Qazax Rayon İcra Hakimiyyəti və “Paşa Holdinq” MMC-nin birgə təşəbbüsü ilə rayonun sərhəd kəndləri olan Quşçu Ayrım, Məzəm və Fərəhli kəndlərində baş tutub.
Qazax Rayon Gənclər və İdman İdarəsinin könüllülərinin iştirakı ilə reallaşan aksiyada Quşçu Ayrım kəndində 149, Məzəm kəndində 37, Fərəhli kəndində 130 ailəyə gündəlik tələbatlarını ödəmək üçün müxtəlif ərzaq məhsullarından ibarət sovqat paylanılıb.
Aksiyadan yararlanan kənd sakinləri dövlətimiz tərəfindən onların sosial məsələlərinin həllinə daim böyük diqqət göstərildiyini, hər zaman qayğı ilə əhatə olunduqlarını vurğulayıblar. Karantin rejimi müddətində onlara göstərilən diqqət və qayğıya görə başda dövlət başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva olmaqla bütün aksiya iştirakçılarına minnətdarlıqlarını bildiriblər. Ölkə başçısının “Biz birlikdə güclüyük!” çağırışını əldə rəhbər tutaraq onlara verilən sosial dəstəyə görə "PAŞA Holding” MMC-yə və rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar.
Məlumat üçün onu da qeyd edək ki, ölkə Prezidentinin "Biz birlikdə güclüyük!” çağırışına əsasən pandemiya dövründə Qazax Rayon İcra Hakimiyyətinin, "Qazax” Xeyriyyə İctimai Birliyinin təşəbbüsünə qoşulan yüzlərlə insan tərəfindən Qazaxda ümumilikdə 9 mindən çox aztəminatlı ailəyə sovqat paylanılıb.
Quşçu Ayrım kəndi
Məzəm kəndi
Fərəhli kəndi