"Qazax Sement Zavodu” MMC bu gün Daş Salahlı kəndində daha bir bağçanın təməlini qoyub
Son illər ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda aparılan tikinti və abadlıq işləri ildən-ilə daha geniş miqyas alır. Bölgələrdə yeni sosial obyektlər tikilir, infrastruktur layihələri həyata keçirilir, çoxmərtəbəli yaşayış binaları və yollar əsaslı təmir olunur, müasir dizaynda parklar, bağlar salınır. Ölkə başçısının və Birinci vitse-prezident Mehriban Əliyevanın respublikamızda uşaq və yeniyetmələrə, gənclərə göstərdikləri diqqət və qayğı da dövlət siyasətinin əsasını təşkil edir. Bu sahəyə olan yüksək dövlət qayğısı sayəsində bölgələrdə yeni məktəblər, körpələr evi-uşaq bağçaları inşa edilir və yaxud da əsaslı şəkildə təmir olunur.
Azərbaycanın iri sement istehsalçılarından biri olan "Qazax Sement Zavodu” MMC də rayonda görülən işlərə öz töhfəsini verməkdə davam edir. Fəaliyyətə başladığı ilk gündən tikinti sektorunda fərqlənməyi qarşıya məqsəd qoyan zavod öz xeyirxah əməlləri ilə də hər zaman seçilməyi bacarır. Zavodun yerləşdiyi Daş Salahlı kəndində həyata keçirdiyi çoxsaylı işlər hər kəsə yaxşı məlumdur. Zavod tərəfindən 2017-ci ildə Daş Salahlı kənd 2 saylı uşaq bağçasının və 3 saylı körpələr evi-uşaq bağçasının əsaslı şəkildə yenidən qurularaq körpə balaların istifadəsinə verilməsi deyilənlərə bariz nümunədir. Öz ənənəsinə sadiq qalan "Qazax Sement Zavodu” MMC xeyirxah əməllərini bu il də davam etdirir. Artıq zavod kənddə təmirə ehtiyacı olan Daş Salahlı kənd 1 saylı körpələr evi-uşaq bağçası üçün də 60 yerlik yeni binanın inşasını öz üzərinə götürüb. Bu isə o deməkdir ki, bu xeyirxahlıq sayəsində kənddə olan üçüncü bağça da tam müasir səviyyəyə çatdırılacaq.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, millət vəkili Səməd Seyidovun, Rayon Prokuroru Rauf Gözəlovun, Rayon Polis Şöbəsinin rəisi Ədalət Əliyevin, Rayon Məhkəməsinin sədri Nemət Musayevin, "Qazax Sement Zavodu” MMC-nin İdarə heyətinin üzvü Hikmət Əliyevin, Zavodun İnzibati və təsərrüfat işləri bölməsinin rəisi Vüsal Əliyevin və bir qrup kənd sakininin iştirakı ilə yeni tikiləcək bağçanın təməli qoyulub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək əlamətdar hadisə münasibətilə bağçanın kollektivini, valideynləri və bütün kənd sakinlərini təbrik edib, səmimi arzularını çatdırıb. Son illər ölkə başçısının qayğısı ilə rayonda həyata keçirilən tikinti-quruculuq işlərindən söz açan icra başçısı bu işlərin arasında məktəb və bağça tikintisinə, eləcə də əsaslı şəkildə yenidən qurulmaya böyük yer ayrıldığını bildirib. Uşaqlarla bağlı sahənin iş fəaliyyətinin ayrılmaz hissəsini təşkil etdiyini, körpə fidanlara olan sonsuz sevgi və qayğı sayəsində bu gün rayonda mövcud olan 25 körpələr evi-uşaq bağçasından (6-sı şəhər, 19-u kənd üzrə) 20-nin müasir tələblərə cavab verən səviyyəyə çatdırılmasını bu sahədə görülən işlərin əyani sübutu olaraq göstərib. Rayon rəhbəri Qazaxda uşaqların daha yaxşı şəraitdə tərbiyə və təhsil almaları üçün lazımi tədbirlərin bu gün də davam etdirildiyini qeyd edib. Hazırda 35 yerlik Kosalar kənd 1 saylı körpələr evi-uşaq bağçasının əsaslı şəkildə yenidən qurulduğunu, bağçanın dam örtüyünün vurulduğunu, yaxın günlərdə də suvaq və digər işlərə start veriləcəyini bildirib. İcra başçısı qeyd edib ki, bu gün ölkəmizdə sahibkarlara göstərilən dövlət qayğısının nəticəsidir ki, onlar da öz növbələrində bu cür xeyirxah əməllərə imza atırlar. Yeni bağça binasının tikintisinə görə bütün kənd sakinləri adından "Qazax Sement Zavodu” MMC-nin rəhbərliyinə və kollektivinə təşəkkürlərini çatdıran rayon rəhbəri bu cür layihələrin icra olunmasını ölkə başçısının yürütdüyü uğurlu dövlət siyasətinin davamı kimi qeyd edib.
Millət vəkili Səməd Seyidov da çıxış edərək əlamətdar gün münasibətilə kənd sakinlərinə, valideynlərə və körpə balalara təbriklərini çatdırıb. Ölkə başçısının rəhbərliyi altında respublikamızın bütün bölgələrində, o cümlədən də Qazaxda quruculuq işlərinin aparılmasını, xüsusilə də yeni məktəb və bağçaların inşa olunmasını yüksək qiymətləndirib. “Qazaxa hər gəlişimdə bir yeniliyin, quruculuğun şahidi oluram”, - deyən millət vəkili bütün bu işləri ölkə Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu dövlət siyasətinin məntiqi nəticəsi olaraq göstərib. Ölkə başçısının və Birinci vitse-prezident Mehriban Əliyevanın uşaqlarla bağlı yürütdükləri siyasətin paytaxtdan ən ucqar məsafədə, düşmənlə sərhəddə yerləşən Qazax rayonunda da uğurla icra olunmasını razılıq hissi ilə qarşılayıb. “Bu gün təməli qoyulan bu bağça, həm də gələcəyimizə atılan bir bünövrədir”, - deyən millət vəkili "Qazax Sement Zavodu” MMC-nin bu xeyirxah təşəbbüsünü ziyalı olaraq yüksək qiymətləndirib və öz növbəsində zavodun rəhbərliyinə minnətdarlıq edib. Millət vəkili Səməd Seyidov qeyd edib ki, bu gün ölkəmizdə yaşanan çətin bir vəziyyətdə, pandemiyanın hökm sürdüyü dövrdə, düşmən təxribatının olduğu vaxtda bölgələrimizdə, o cümlədən də Qazaxda aparılan bütün işlər onu deməyə əsas verir ki, ölkə başçısının özünün də söylədiyi kimi, Azərbaycan güclü dövlətdir və gündən-günə də inkişaf edərək bunu bütün dünyaya sübut edir. Azərbaycanın güclənməsi, qüdrətlənməsi dosta fəxarət, düşmənə isə bir göz dağıdır.
"Qazax Sement Zavodu” MMC-nin İdarə heyətinin üzvü Hikmət Əliyev çıxış edərək təbriklərini çatdırıb və zavodun həyata keçirdiyi layihələrdən, xeyriyyə tədbirlərindən söz açıb. Qeyd edib ki, zavod tərəfindən bu bağça binasının inşaası cənab Prezident İlham Əliyevin respublikamızın regionlarının sosial-iqtisadi inkişafı sahəsində apardığı uğurlu siyasətinin, sahibkarlığın inkişafına göstərdiyi yüksək dəstək və qayğısının nəticəsidir. Ümidvarıq ki, bu bağça uzun illər ərzində Daş Salahlı kəndində yaşayan fidan balalarımız üçün bir hədiyyə olaraq, onların vətənpərvər şəxsiyyət kimi formalaşmasında bir ocaq olacaqdır. Yeni inşa olunacaq bina haqqında məlumat verən Hikmət Əliyev qeyd edib ki, 60 yerlik olan Daş Salahlı kənd 1 saylı körpələr evi-uşaq bağçasının bu ilin sonuna kimi tikilməsi planlaşdırılır. 60 yerlik olan uşaq bağçasının tikinti altı sahəsi 780 kvadratmetrdir. Layihələndirilmə zamanı 3 qrupdan ibarət olan bağçanın hər qrupu üçün ayrıca olaraq uşaqların oyun otağı, yataq otağı, yemək otağı nəzərə alınıb. Bundan əlavə, bağçada musiqi otağı, müəllimlər otağı, mətbəx, ərzaq anbarı, sanitar qovşağının tikintisi də nəzərdə tutulub.
Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbin direktoru Söylü Xəlilova, kənd ağsaqqalı Akif Yusifov, bağça müdiri Təranə Sultanova çıxış edərək son illər Qazaxda, eləcə də on mindən çox əhalisi olan Daş Salahlı kəndində aparılan quruculuq işlərinə görə bütün kənd camaatı adından ölkə başçısı İlham Əliyevə və rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər. Pandemiya dövrü olmasına baxmayaraq ölkəmizdə quruculuq işlərinin geniş vüsət almasını Azərbaycanın inkişafı, uğuru kimi qiymətləndiriblər. Ölkəmizdə bütün işlərin, o cümlədən də abadlıq və quruculuğun öz axarı ilə davam etməsini könül xoşluğu ilə qarşıladıqlarını qeyd ediblər. Bütün bu işlərin kənd camaatında böyük ruh yüksəkliyi yaratdığını dilə gətiriblər. "Qazax Sement Zavodu” MMC-nin Daş Salahlı kəndində gördüyü işləri razılıq hissi ilə qarşılayaraq bir daha kənd sakinləri adından təşəkkürlərini çatdırıblar.
Sonra rayon rəhbərinin və qonaqların iştirakı ilə yeni inşa olunacaq bağça binasının təməli qoyulub.