Şriftin ölçüsü :

Saytın rəngi :

Karantin rejimini pozaraq evində məclis quran şəxs cəzalandırılıb

21 avqust 2020 | 16:00

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə həyata keçirilən tədbirlər Qazaxda da davam etdirilir. Belə ki, xüsusi karantin rejimi qaydalarına əməl edilir, Operativ Qərargahın tələb və tövsiyələri icra olunur.
Bu məqsədlə Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhər və kəndlər üzrə hər birinin tərkibi 5 nəfərdən ibarət olan 30 mobil qrup da fəaliyyət göstərir. Tərkibində bir nəfər Daxili İşlər Nazirliyinin əməkdaşı olmaqla, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının, RİH başçısının İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərin, bələdiyyələrin və digər qurumların nümayəndələrindən ibarət yaradılmış mobil qrupun üzvləri rayon ərazisində xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə ciddi nəzarət edir.
Qeyd edək ki, əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı maarifləndirmə işləri də aparır və bu məqsədlə reydlər keçirilir. Rayonda xüsusi karantin rejimi qaydalarını pozan vətəndaşlar haqqında ciddi tədbirlər görülür. Vətəndaşların kafe və restoranlarda, eləcə də yaşadıqları evlərin həyətində kütləvi şəkildə toplaşaraq gizli şəkildə toy, nişan, ad günü mərasimləri keçirmələrinin, həmçinin yas mərasimlərinin təşkil olunmasının qarşısının alınması istiqamətində də təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Avqustun 15-də keçirilən növbəti reyd zamanı Qazax rayon Kosalar kənd sakini Zeynəb Qurbanovanın xüsusi karantin rejiminin qaydalarını pozaraq nəvəsinə kiçik toy məclisi təşkil etməsi məlum olub. Polis əməkdaşları tərəfindən məclis dərhal dayandırılıb. Z.Qurbanova barəsində Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib olunaraq o, cərimə edilib.


Sabir ƏLİYEV,
"Azərbaycan” qəzetinin bölgə müxbiri
21 avqust 2020-ci il

Keçidlər