Şriftin ölçüsü :

Saytın rəngi :

Çernobıl əlilləri ilə görüş keçirilmişdir

26 aprel 2016 | 16:00

Qazax rayon İcra Hakimiyyətində Çernobıl qəzasının ildönümü ilə əlaqədar qəzanın aradan qaldırılmasının iştirakçıları olmuş rayon sakinləri ilə görüş keçirilmişdir.
Tədbiri giriş sözü ilə Qazax rayonu İcra Hakimiyyətinin başçısı cənab Ayaz Əsgərov  açmış və Çernobıl faciəsi ilə bağlı məlumat verərək bildirmişdir ki, 26 aprel 1986-cı il tarixdə Ukraynanın paytaxtı Kiyev şəhəri yaxınlığında yerləşən Çernobıl AES-da baş vermiş güclü nüvə partlayışından 30 il ötür. Partlayış nəticəsində çox təhlükəli radioaktiv şüalanma minlərlə kilometr məsafəni öz təsiri altına alaraq ətrafı radioaktiv tullantılarla çirkləndirmişdir. Radioaktiv şüalanma hətta hadisə yerindən minlərlə kilometr uzaqlarda olan İsveçdə belə öz təsirini büruzə vermişdir. Qəzanın aradan qaldırılmasına SSRİ-nin hər yerindən on minlərlə insan cəlb edilmişdir. Nəticədə qəzanın aradan qaldırılmasında iştirak edən çox sayda adam ilk günlərdən güclü şüalanmaya məruz qalmışdır. Qəzanın aradan qaldırılmasının ilk iki ilində 650 min insan xilasetmə işlərinə cəlb edilmiş, rəsmi məlumatlara görə onların 15 mini bir neçə ildən sonra dünyasını dəyişmişdir. Xilasetmə işlərində çalışan 500-550 min adam isə ağır xəstəliklərə tutulmuşdur. Onların bir hissəsi artıq dünyasını dəyişmiş, digər hissəsi isə şüalanmanın fəsadlarını ağır şəkildə yaşamaqdadırlar.
Bəşəriyyət üçün böyük bir bəla olan bu fəlakətin qarşısının alınmasında 7000 nəfərdən çox azərbaycanlı xüsusi xidmət göstərmişdi. SSRİ-nin keçmiş respublikalarından  fərqli olaraq Azərbaycanda Çernobıl qəzasının ləğvində iştirak edən şəxslər unudulmamışdır. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyev cənabları tərəfindən bu dəhşətli fəlakətin ləğvində iştirak edən vətəndaşlarımız və onların ailə üzvləri lazım olan diqqət və qayğı ilə əhatə olunmuşlar. Son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının diqqət və qayğısı sayəsində Çernobıl faciəsinin ildönümləri qeyd edilmiş, faciə qurbanlarının xatirəsi yad olunmuş, onların ailə üzvləri, habelə Çernobıl əlilləri ilə görüşlər keçirilmiş və sosial müdafiələri üçün əlavə tədbirlər görülmüşdür.
Toplantıda çıxış edən Çernobıl əlilləri Səfər Cəfərov, Səbahət Əliyev və digərləri  bildirmişlər ki, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edən şəxslərə olan dövlət qayğısı, onların pensiya və müavinətləri ölkə başçısı cənab İlham Əliyevin səyləri nəticəsində artırılıb, əlillərin keyfiyyətli müalicəsi üçün müvafiq tədbirlər həyata keçirilir. Çernobıl əlilləri əmindirlər ki, dövlətimiz onları heç vaxt tək qoymayıb, həyat şəraitinin yaxşılaşdırılması, sosial müdafiənin gücləndirilməsi istiqamətində lazım olan bütün tədbirlər görülür.

Keçidlər