Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda şəhid mayor Namiq Əhmədovun anım günü keçirilmişdir

25 avqust 2020 | 16:00

İyulun 13-dən 14-nə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuş Qazaxın Yuxarı Salahlı kənd sakini, mayor Əhmədov Namiq Hajan oğlunun şəhidlik zirvəsinə ucaldığı zamandan 40 gün ötür.
Şəhidin anım günü ilə əlaqədar Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Milli Məclisin elm, təhsil və mədəniyyət komitələrinin üzvü Ülviyyə Ağayeva, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri şəhidin ata ocağında ailəsinə baş çəkmiş, şəhid atası Hajan Əhmədov və ailə üzvləri ilə görüşərək bir daha başsağlığı vermişlər. Onlar bütün şəhidlərimiz kimi, Namiq Əhmədovun da xatirəsinin hər zaman əziz tutulacağını və daim qəlblərdə yaşayacağını bildirmişlər. Vətənin ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin, eləcə də Namiq Əhmədovun qanının yerdə qalmayacağını, qisasının alınacağını bir daha vurğulamışlar. Çıxış edənlər Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin "İrəli!” əmrini gözləyən güclü Azərbaycan Ordusunun olduğunu və həmin ordunun zəfər çalacağı tarixi günün, üçrəngli Azərbaycan bayrağının Dağlıq Qarabağ torpağında dalğalanacağının elə də uzaqda olmadığını diqqətə çatdırmışlar.
Övladı ilə hər zaman fəxr etdiyini bildirən şəhid atası Hajan Əhmədov Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləmişdir.
Anım gününün iştirakçıları şəhidin rayon rəhbərliyi tərəfindən təmiri başa çatdırılan evində görülmüş işlərlə tanış olmuşlar.

 

Sabir ƏLİYEV,
"Azərbaycan”
25.08.2020

 

Keçidlər