Qazaxda “COVID-19: İnfeksion nəzarət və profilaktika” mövzusunda təlim keçirilib
Avqustun 24-də Qazaxda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəzdində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi Şəxsin (TƏBİB) və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) birgə təşkilatçılığı, UNİCEF və “Ümidli Gələcək” İctimai Birliyinin texniki, Qazax Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə “COVID-19: İnfeksion nəzarət və profilaktika” mövzusunda təlim keçirilib.
Təlimdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri İlyaz İsmayılov, RİH başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyeva, "Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədova, “Qazax Müalicə Diaqnostika Mərkəzi” Publik Hüquqi Şəxsin direktoru Kamandar İbrahimov, Qadın məsləhətxanasının, Uşaq poliklinikasının, Doğum evinin, Uşaq xəstəxanasının həkimləri, tibb işçiləri, qadınlara tibbi xidmət göstərən inzibati və kliniki mütəxəssislər iştirak ediblər.
TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası departamentinin mütəxəssisi Gülnarə Yusifovanın, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun cərrah-mama-ginekoloqu, tibb elmləri üzrə fəlsəfə doktoru, dosent Xəyalə Təhməzinin, İSİM-in ictimai sağlamlıq üzrə həkim-metodisti Vəfa Ağayevanın və Mərkəzin meneceri Fərid İsrafilzadənin iştirakı ilə təşkil olunmuş təlim həkim və tibb işçiləri tərəfindən də razılıqla qarşılanıb.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyeva çıxış edərək qonaqları və təlim iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, təlimə ilk olaraq sərhəd rayonu olan Qazaxdan başlanılmasına görə təşkilatçılara minnətdarlığını bildirib. G.Quluyeva Azərbaycanda COVID-19 pandemiyasına yoluxanların sayının mart ayından başlayaraq artmasına baxmayaraq Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə kompleks şəkildə məqsədyönlü mübarizə tədbirlərinin həyata keçirildiyini bildirib. G.Quluyeva qeyd edib ki, bu gün 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir. Həmin xəstəxanaların 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub. Bundan əlavə, modul tipli xəstəxanaların tikintisi təşkil edilərək bu günə qədər modul tipli 9 xəstəxana istismara verilmişdir. Fövqəladə Hallar Nazirliyinin xətti ilə 800 çarpayılıq bir xəstəxana istifadəyə verilib, 1300 çarpayılıq xəstəxana isə yaxın günlərdə istifadəyə veriləcək ki, bu, əlavə 2100 çarpayı deməkdir. Həmçinin, iki Olimpiya İdman Kompleksinin xəstəxanaya çevrilməsi məsələləri həll edilərək qısa müddət ərzində hazır vəziyyətə gətirildi. G.Quluyeva bu il martın 3-də ölkə başçısının iştirakı ilə açılışı olan 145 çarpayılıq Qazax Rayon Mərkəzi Xəstəxanasının da karantin xəstəxanası kimi, Qazaxdan, eləcə də digər qonşu rayonlardan olan koronaviruslu xəstələrin müalicəsi üçün ayrıldığını diqqətə çatdırıb. Pandemiya ilə mübarizədə dövlət başçısının səhiyyə işçilərinin əməyini yüksək qiymətləndirməsini, ölkə başçısının öz çıxışında səhiyyə işçilərinin əməyi haqqında yüksək fikirlər səsləndirməsini bu sahədə çalışan insanlara verilən ən böyük dəyər kimi qiymətləndirib. G.Quluyeva COVID-19 pandemiyası ilə mübarizədə səhiyyə işçilərinin əməyinə verilən qiymətin daha bir bariz nümunəsi olaraq ölkə başçısı İlham Əliyevin "Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” imzaladığı 18 mart 2020-ci il tarixli sərəncamını göstərərək Prezident tərəfindən səhiyyə işçilərinin əməyinə verilən yüksək qiymət kimi qeyd edib. Həmin sərəncamla tibb işçilərinin əməkhaqlarının aldıqları maaşın 3 misli qədər artırılmasını, hazırda müddətin yenidən uzadılmasını təkcə tibb işçilərinə qayğı kimi deyil, həm də koronavirusa yoluxmuş, yaxud potensial xəstə ola biləcək vətəndaşlarımıza da qayğı kimi qiymətləndirib. G.Quluyeva Qazax Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsində çalışan həkimlərin və tibb işçilərinin əməyinin rayon rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini, onların Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları ilə təltif olunduğunu, həmçinin, mükafatlandırıldıqlarını diqqətə çatdırıb. G.Quluyeva ölkəmizdə COVID-19 pandemiyası ilə mübarizə sahəsində həyata keçirilən qabaqlayıcı tədbirlərin Qazaxda da uğurla davam etdirildiyini diqqətə çatdırıb. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhər və kəndlər üzrə hər birinin tərkibi 5 nəfərdən ibarət olan 30 mobil qrupun fəaliyyət göstərdiyini bildirib. Tərkibində bir nəfər DİN əməkdaşı olmaqla, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının, RİH başçısının İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərin, bələdiyyələrin və digər qurumların nümayəndələrindən ibarət yaradılmış mobil qrup üzvlərinin rayon ərazisində xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə ciddi nəzarət etdiyini, koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı maarifləndirmə və təbliğat işlərinin aparıldığını bildirib. Həmin mobil qruplar tərəfindən əhalinin kütləvilik təşkil etdiyi yerlərdə, ticarət obyektlərində, ictimai nəqliyyatda vətəndaşlarla sosial məsafənin gözlənilməsi, tibbi maskadan istifadənin vacibliyi barədə mütəmadi olaraq maarifləndirici söhbətlər aparıldığını bir daha vurğulayıb. Rayon rəhbərliyinin və hüquq-mühafizə orqanları rəhbərlərinin bilavasitə iştirakı ilə rayonda toy, nişan, yas mərasimlərinin keçirilməsinin daim nəzarət altında saxlanıldığını, reydlər keçirildiyini və bu sahədə mübarizə tədbirlərinin bu gün də davam etdirildiyini qeyd edib.
"Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədova çıxış edərək qonaqları salamlayıb, bu cür təlimin təşkilinə görə əməyi keçən insanlara, tədbirin təşkilində göstərilən dəstəyə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. COVID-19 pandemiyasına qarşı aparılan mübarizə tədbirlərindən danışaraq Qazaxda da həmin tədbirlərin uğurla həyata keçirildiyini vurğulayıb.
Sonra TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası departamentinin mütəxəssisi Gülnarə Yusifova çıxış edərək yeni növ COVID-19 virusunun epidemiologiyası, risk faktorları və simptomları, COVID-19 virusuna dair laboratoriya tədqiqatları: laborator müayinə materialının toplanması, qablaşdırılması və nəqli, xəstələrin çeşidlənməsi və erkən aşkarlanması, izolyasiya metodları haqqında ətraflı və dolğun məlumatlar verib. Həmçinin, İSX müəssisələrində və xəstəxanalarda COVID-19 virusuna dair standart və spesifik yoluxma hallarına əsaslanan qorunma qaydaları, ötürülmə yollarına əsaslanan FQV-dən düzgün istifadə qaydaları, COVID-19 virusunun səhiyyə xidməti işçilərinə yoluxmasının qarşısının alınması strategiyası haqqında olan məlumatları slayd vasitəsilə təlim iştirakçılarının diqqətinə çatdırıb.
İSİM-in ictimai sağlamlıq üzrə həkim-metodisti Vəfa Ağayeva “İctimai səhiyyə” mövzusunda çıxış edərək bu barədə geniş və dolğun məlumatlar verib. İSX səviyyəsində risk hallarının kommunikasiyası və icmaların cəlb edilməsinin vacibliyi, icmaların və fərdi şəxslərin xəstəliyə yoluxma riskini azaltmaq məqsədilə məlumatlandırma yolları, COVID-19-a dair preventiv tədbirlər və cavab vermə: infeksiyanı azaltmaq və sağlamlığı dəstəkləmək strategiyaları təlim iştirakçılarına ətraflı şəkildə izah olunub.
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun cərrah-mama-ginekoloqu, tibb elmləri üzrə fəlsəfə doktoru, dosent Xəyalə Təhməzi çıxış edərək təlimin təşkilində göstərilən dəstəyə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. “COVID-19 pandemiyası dövründə ana və uşaq sağlamlığına dair” mövzuda çıxış edən X.Təhməzi mövzu ilə bağlı dolğun məlumatlar çatdırıb. COVID-19 pandemiyası dövründə antenatal xidmətin təşkili, doğuşa yardım xidmətinin təşkili, pediatrik xidmətin təşkili istiqamətində görülməsi vacib olan işlər haqqında ətraflı məlumat verib. COVID-19-un hamiləlik dövründə həkim müayinələrinə təsiri, COVID-19: düşüklərə və anadangəlmə qüsurlara səbəb olurmu, COVID-19: vaxtından əvvəl doğum və ölüdoğulma halları, COVID-19 pandemiyası zamanı doğuş zallarının idarə olunması, ağır vəziyyətdə olan hamilələrə doğuş vaxtının təyini və s. mövzular geniş şəkildə müzakirə olunub.
Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.