Tovuz döyüşlərində yaralanmış çavuş Səyyar İsmayılovun arzusu döyüş yoldaşları ilə birlikdə yenidən vuruşmaqdır
Bu gün mənim, sənin, bizim, hər birimizin qəlbində müqəddəs bir hiss – Vətənə olan məhəbbət hissi yaşayır. O Vətən sevgisi ki, insanın qəlbinə hakim kəsilən, özündən asılı olmadan yaranan bir ümmandır. Hər birimiz yurdumuza sadiq və layiqli ölkə vətəndaşı olmaq üçün əlimizdən gələni əsirgəməməliyik. Biz hamımız bu ölkənin vətəndaşıyıq, biz Azərbaycanımızı çiyinlərimizə qaldırıb, işıqlı sabahlara, aydın gələcəyə aparmalıyıq. Ən əsası da mənfur düşmənlərimizi qəlbimizdəki Vətən sevgisinin, Vətən məhəbbətinin atəşi ilə məhv etməliyik və edəcəyik də... Məhz bu amal uğrunda neçə igid Azərbaycan övladı canından keçərək vətənpərvərliyin ən ali məqamı olan Şəhidlik zivəsinə ucalıb, qəhrəmanlıqlarla dolu olan uca bir zirvəyə yüksəliblər.
Şəhidlik adlı müqəddəs amal uğrunda döyüşə atılan qeyrətli Qazax övladları da çoxdur. Bu rayon da Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 288 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Bu gün düşmənlə 168 km məsafədə sərhədi olan rayonun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altındadır. Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli və Bala Cəfərli kimi 5 kəndi isə daim düşmən gülləsinin atəşinə məruz qalır.
Bu gün Qazaxın igid və mərd oğullarını bir amal, istək birləşdirir. O istək ki, Azərbaycanın işğal altında olan rayonlarını, eləcə də Qazaxın işğalda olan 7 kəndini düşmən tapdağından azad etmək. Ən son bu il iyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən rayonunun Yuxarı Salahlı kənd sakini, mayor Əhmədov Namiq Hajan oğlu da qəhrəmancasına şəhid olaraq bir daha sübut etdi ki, Qazaxın igid, mərd oğulları hər zaman olub və bundan sonra da olacaq...
Bugünkü qəhrəmanımız da Vətən sevdalı, yurd, el-oba qayğısı çəkən igid oğullardan biridir. Haqqında söhbət açdığımız qəhrəmanımız Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən yaralanmış çavuş İsmayılov Səyyar Şərif oğludur. O, 24 may 1983-cü ildə Qazax rayonunun Dəmirçilər kəndində zəhmətkeş bir ailədə dünyaya göz açıb. 1990-2000-ci illərdə Emin Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbin onuncu sinfini bitirib. 2001-ci ildə Azərbaycan Silahlı Qüvvələrində xidmət etmək üçün həqiqi hərbi xidmətə çağırılıb. 2003-cü ildə ordudan tərxis olunan Səyyar İsmayılov Vətəninin, soydaşlarının başına gətirilənlərlə, işğalda olan torpaqlarla heç cür barışa bilməyib. Vətən sevgisi, yurda olan bağlılığı onu da digər Azərbaycan övladları kimi yenidən döyüşə səsləyib. Ordudan qayıtmasından bir neçə il keçməsinə baxmayaraq o, 2008-ci ildə könüllü olaraq yenidən Silahlı Qüvvələrdə müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb. Bu gün çavuş rütbəsində Vətənin keşiyində dayanan Səyyar İsmayılovu döyüşün çətinliyi, gərginliyi heç vaxt qorxutmur. Döyüş başlayan anda o, da hər kəs kimi öndə getməyi özünə borc bilir.
Xidmət etdiyi müddətdə onun Vətənimiz üçün göstərdiyi igidlik dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib. Dəfələrlə müxtəlif illərdə nümunəvi hərbi xidmətinə, döyüş xidmətinin təşkilində və ictimai-siyasi hazırlıqda əldə etdiyi yüksək nailiyyətlərinə, eləcə də əlamətdar günlərə görə Fəxri Fərmanlara layiq görülüb. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)”, "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley və "10 il qüsursuz xidmətə görə” 3-cü dərəcəli medallarla təltif olunub.
2016-cı ilin Aprel döyüşlərində iştirak edərək yaralanan Səyyarı aldığı ağır yaralar belə istəyindən, amalından döndərə bilməyib. Qarşıya qoyduğu məqsədə, Vətən torpaqlarını azad etməyə verdiyi sözü tutmaq üçün yenidən orduya qayıdıb, istənilən döyüşdə yenə də öndə getməyi, vuruşmağı özünə ən müqəddəs borc bilib. Bəlkə də onda bitib tükənməyən bu istək iyulun 12-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə igidlik göstərməsinə, ölümü belə gözə almasına, vuruşmağa səsləyib. Və o, döyüş zamanı düşmən hücumunun qarşısını alarkən ağır yaralanır. Çox şükürlər olsun ki, bu gün S.İsmayılov artıq ailəsinin, övladlarının, onu sevən insanların əhatəsindədir. Bu döyüşdən də ölümün gözünə dik baxaraq alnıaçıq şəkildə çıxamağı bacardı. Bu gün o, yeni arzu ilə - sağaldıqdan sonra öz döyüş yoldaşlarının yanına qayıtmaq, onlarla birlikdə çiyin-çiyinə yenidən döyüşmək arzusu ilə yaşayır. "Tovuz döyüşləri düşmənə Azərbaycan Ordusunun gücünü, qüdrətini, həm də düşmənə layiqli yerini göstərdi”, - deyən S.İsmayılov ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin "İrəli!” əmrini hər an yerinə yetirməyə hazır olduğunu bildirir. "İlk işim sağaldıqdan sonra yenidən orduya qayıtmaq olacaq”, - deyən Səyyar bunun üçün günləri saydığını qeyd edir.
S.İsmayılovun yaxında gerçəkləşdirmək istədiyi bir arzusu da var. O, onunla birlikdə Tovuz döyüşlərində iştirak etmiş və qəhrəmancasına şəhid olmuş, mayor Namiq Əhmədovun məzarını rayon rəhbərliyi ilə birlikdə ziyarət etməyi, ona olan ürək sözlərini çatdırmağı arzulayır. Səhhətim yaxşılaşan kimi ilk işlərimdən biri də məhz bu arzunun reallaşması olacaq deyir.
S.İsmayılov qeyd edir ki, bir hərbçi kimi fərəhləndim, qürurlandım ki, arxamızda dövlətimiz və ölkə rəhbərimiz dayanıb. Dövlətin, dövlət başçısının qayğısını hər zaman hiss etdiyini qeyd edən S.İsmayılov xəstəxanada olduğu müddətdə bir daha bunun şahidi olduğunu dilə gətirir. O, xəstəxanada olan zaman ailəsinə baş çəkən, dəstək olan rayon rəhbərliyinə, hüquq-mühafizə orqanlarının rəhbərlərinə minnətdarlığını bildirir. S.İsmayılov həkimlərimizə minnətdarlıq etməyi də unutmadı. O, həkimlərimizdən Roman Çobanova, Niyaməddin Ağamalıyevə, Anar Məmmədova, Səxavət Hüseynova, eləcə də adlarını çəkə bilmədiyi həkimlərimizə, tibb işçilərimizə yaralı əsgər və zabitlərimizə göstərdikləri qayğıya, şəfqətə görə təşəkkürlərini çatdırır.
2 qız, 1 oğul atası olan S.İsmayılov övladarını da vətənpərvər ruhda tərbiyə edir. Onlara Vətəni sevməyi, elə-obaya bağlı böyüməyi tövsiyə edir. Vətəni, torpağı sevməyən insandan ölkə vətəndaşının olmadığını aşılayır.
Hərbçimizin qardaşı Sərdar İsmayılov bu gün qardaşının sağ-salamat öz ailəsinin yanına qayıtmasına görə göydə uca Yaradana, yerdə isə həkimlərimizə minnətdarıq deyir. "Atamın arzusu bizləri həbçi görmək idi. Hər nəsihətində bizlərə Vətəni sevməyi, orduda nümunəvi olmağı tövsiyə edərdi. Bu gün atamın arzularını qardaşım reallaşdırır”, - deyən Sərdar İsmayılov qardaşı ilə fəxr etdiyini qeyd edir. "Bu gün hər birimiz bir nəfər kimi Vətən, el-oba uğrunda döyüşməyə hazır olmalıyıq. Necə ki, qardaşım da, mən də Vətən yolunda canımızdan keçməyə hazırıq”. – deyir.
https://www.youtube.com/watch?v=eiAAuyd17iM