Millət vəkili Səməd Seyidovdan nümunəvi addım
Vətənimizin, torpaqlarımızın müdafiəsi, xalqımızın azadlığı uğrunda canından, qanından keçərək Şəhidlik zirvəsinə ucalmağı özlərinə ən böyük şərəf sayan oğullarımızı yad etmək, onların ailəsinə sahib çıxmaq, qayğı ilə yanaşmaq hər birimizin vətəndaşlıq borcu olmalıdır. Bizlər üçün ölümün gözünə dik baxaraq Şəhidlik zirvəsinə yüksələn igid Vətən oğullarının yarımçıq qalan arzularını elə bizlər həyata keçirməliyik. Şəhidlərimizin ailələri, övladları az da olsa mənəvi rahatlıq tapsın deyə bizlər şəhidlərimizin yoxluğunu onlara hiss etdirməməliyik. Hər birimiz bu yolda səfərbər olmalı, əlimizdən gələni əsirgəməməliyik. Atdığımız addımla, etdiyimiz kiçik bir işlə onların könlünü oxşamağa çalışmalıyıq. Necə ki, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, millət vəkili Səməd Seyidov öz nümunəvi addımı ilə bunu bir daha nümayiş etdirdi.
Millət vəkili Səməd Seyidovun Tovuz döyüşlərində düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olan mayor Əhmədov Namiq Hajan oğlunun evində olarkən övladlarına verdiyi sözü tutması, onların yeni evinə televizor hədiyyə etməsi bir daha göstərdi ki, şəhidlərimizin xatirəsi heç vaxt unudulmur, onların ailələri hər zaman yad olunur.
Bu gün millət vəkilinin köməkçisi Akif Əmirov Yuxarı Salahlı kəndində olub, şəhidimizin atası Hajan Əhmədovla görüşüb və Səməd Seyidovun səmimi salamlarını, ürək sözlərini çatdırıb. Daha sonra Səməd müəllimin şəhidimizin övladlarına hədiyyə etdiyi televizoru ona təqdim edib.
Övladı ilə hər zaman fəxr etdiyini bildirən şəhid atası Hajan Əhmədov Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. Övladının ailəsinə göstərilən qayğıya görə başda ölkə başçısı olmaqla, rayon rəhbərliyinə və Səməd müəllimə minnətdarlığını bildirib.
Əhmədov Namiq Hajan oğlu 8 noyabr 1984-cü ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 1991-ci ildə şəhid Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 2002-ci ildə həmin məktəbi yaxşı qiymətlərlə bitirmişdir. 2002-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbinə daxil olmuş, 2006-cı ildə həmin məktəbi bitirərək artilleriya ixtisasına yiyələnmişdir. 2007-ci ildə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində zabit kursunda oxuduqdan sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində zabit kimi xidmətə başlamışdır. O, Aprel döyüşlərində fəal iştirak etmiş və Aprel döyüşlərindən sonra Fəxri Fərmanla təltif olunmuş, ona vaxtından əvvəl mayor rütbəsi verilmiş və N saylı hərbi hissənin komandiri vəzifəsinə irəli çəkilmişdir. 2020-ci il iyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu, mayor Əhmədov Namiq Hajan oğlu da qəhrəmancasına şəhid olmuşdur. Şəhid Namiq Əhmədov iyulun 14-də doğulub boya-başa çatdığı Yuxarı Salahlı kəndində böyük izdihamla kənd qəbiristanlığında torpağa tapşırılmışdır. Şəhidimiz ailəliydi, bir qız və bir oğlan övladı yadigar qalıb.