Döyüşlərdə yaralanmış çavuş evində ziyarət edilib
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və rayonun hüquq mühafizə orqanlarının rəhbərləri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə yaralanmış çavuş Səyyar İsmayılovu evində ziyarət ediblər.
"Hər bir hərbçimiz bizim üçün doğmadır, əzizdir” deyən rayon icra hakimiyyətinin başçısı çavuş İsmaylova sağ-salamat ailəsinin yanına qayıtmasına diqqət çəkib, ona səmimi ürək sözlərini çatdırıb. Vətən uğrunda igidcəsinə döyüşən hərbçimizin səhhəti və qayğıları ilə maraqlanıb. Rayon rəhbəri ona tez bir zamanda sağalaraq döyüş yoldaşlarının yanına qayıtmağı və yenidən onlarla birlikdə olmağı arzulayıb.
2016-cı ilin Aprel döyüşlərində də iştirak etdiyini bildirən hərbçi Vətəni üçün döyüşdə yenə də öndə getməyə, dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin "İrəli!” əmrini yerinə yetirməyə hazır olduğunu bildirib. Qeyd edib ki, bir hərbçi kimi ordumuzun arxasında dövlətimizin dayandığını hər an hiss edib. Dövlətin, dövlət başçısının qayğısından hər zaman razı qaldığını bildirən S.İsmayılov xəstəxanada yatdığı müddətdə bir daha bunun şahidi olduğunu dilə gətirib. O, xəstəxanada olan zaman ailəsinə baş çəkən, dəstək olan rayon rəhbərliyinə, hüquq mühafizə orqanlarının rəhbərlərinə minnətdarlığını bildirib. S.İsmayılov həkimlərə də dərin minnətdarlıq edib.
Hərbçinin qardaşı Sərdar İsmayılov isə qeyd edib ki, Səyyar kimi o da vətən yolunda canından keçməyə hazırdır: "Bu gün hər birimiz bir nəfər kimi vətən, el-oba uğrunda döyüşməyə hazır olmalıyıq”.
Hərbçimizin anası Fəranə İsmayılova ailə üzvləri adından övladına göstərilən qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitze-prezident Mehriban xanım Əliyevaya, eləcə də rayon rəhbərliyinə minnətdarlığını bildirib.
Sabir ƏLİYEV,
"Azərbaycan”
02.09.2020-ci il