Əsaslı şəkildə yenidən qurulan Kosalar kənd 1 saylı körpələr evi-uşaq bağçasında işlər davam edir
Ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən ölkəmizdə uşaq və yeniyetmələrə, gənclərə göstərilən dövlət qayğısı Qazaxda da hiss olunur. Bunu dövlət başçısının qayğısı sayəsində son illər rayonda körpələrin daha yaxşı şəraitdə tərbiyə və təhsil almaları üçün həyata keçirilən tədbirlərdən, yaradılan şəraitdən də aydın şəkildə görmək olar. Rayonda yeni tikilən məktəblərin, inşa olunan körpələr evi-uşaq bağçalarının sayının ildən-ilə artması isə bu sahədə görülmüş işlərin bundan sonra da uğurla davam etdirilməsi deməkdir.
Ölkə başçısının körpə fidanlara olan qayğısını əldə rəhbər tutan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov da fəaliyyətə başladığı ilk gündən bu sahəni daim diqqət mərkəzində saxlayır. Rayon rəhbərinin uşaqlara olan sonsuz sevgisinin, qayğısının nəticəsidir ki, bu gün Qazaxda mövcud olan 25 məktəbəqədər təhsil müəssisəsindən (6-sı şəhər, 19-u kənd üzrə) 20-si müasir tələblərə cavab verən səviyyəyə çatdırılıb.
Bağçaların tikintisi, eləcə də əsaslı şəkildə təmir olunması istiqamətində görülən işlər bu il də uğurla davam etdirilir. Xəbər verdiyimiz kimi, 35 yerlik Kosalar kənd 1 saylı körpələr evi-uşaq bağçasında da əsaslı təmir və yenidənqurma işləri aparılır. Rayon rəhbərliyi tərəfindən əsaslı şəkildə yenidən qurulan bağçada demək olar ki, əsas işlər görülüb. Binanın dam örtüyü vurulub, bütün otaqlara plastik pəncərələr qoyulub, Suvaqaltı elektrik xətti çəkilib. Xarici fasadda suvaq və döşəmə tavasına torpaq qatının verilməsi işi başa çatıb. Daxili fasadda isə suvaq işləri yekunlaşmaq üzrədir. Yaxın günlərdə tavanın vurulmasına başlanılacaq.
Uzun illərdir ki, təmir olunmayan bağçanın yenidən qurulmasını bu gün də böyük sevinc hissi ilə qarşılayan bağçanın kollektivi və valideynlər buna görə ölkə başçısı İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıq edirlər.