İcra başçısı şəhərdə aparılan abadlıq işləri tanış olub
Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Qazaxda böyük layihələrdən biri reallaşmaqdadır. "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazax şəhərinin içməli su və kanalizasiya sistemi yenidən qurulur ki, həyata keçirilən işlər sürətlə davam etdirilir. Ən əsası da şəhərdə su və kanalizasiya xətlərinin çəkilişi ilə yanaşı işlərin başa çatdırıldığı küçələrdə abadlıq işləri də aparılır. Eyni zamanda, görülmüş işlərin keyfiyyətlə aparılması daim diqqət mərkəzində saxlanılır, rayon rəhbərliyi tərəfindən nəzarət olunur.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi layihəsində layihə rəhbərinin köməkçisi Azər Salmanov və digər aidiyyəti şəxslərlə birlikdə su-kanalizasiya xəttinin çəkilişi aparılan və yeni asfalt vurulacaq Heydər Əliyev prospektində görülmüş işlərin mövcud vəziyyəti ilə maraqlanıb. Görülən bütün işlərin keyfiyyətlə yerinə yetirilməsi istiqamətində aidiyyəti üzrə tapşırıqlarını verib.
Məlumat üçün qeyd edək ki, görülmüş işlər nəticəsində artıq şəhərin Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn küçələrinə yeni asfalt vurulub. Bundan əlavə, şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65 saylı, Azadlıq küçəsində yerləşən 92,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərə təqdim edilib.
Hazırda şəhərdə ən böyük küçələrdən olan Əliağa Şıxlinski küçəsində su-kanalizasiya sisteminin çəkilişi sürətlə davam etdirilir ki, işlər yekunlaşan kimi burada da yeni asfalt vurulacaq. Həmçinin, Bakı küçəsində səkilərə yeni tamet döşənir, bardür düzülür.
Son illər ölkə başçısının rəhbərliyi altında respublikamızda, eləcə də Qazaxda aparılan quruculuq işlərini rayon sakinləri də razılıq hissi ilə qarşılayırlar. Görülmüş işlərə görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.
Yeni tamet və asfalt vurulacaq Heydər Əliyev prospektində hazırlıq işləri